Kontentə keç

Mündəricatı göstər

Qorxunu dəf edin

Qorxunu dəf edin

HEÇ KİM yeni doğulmuş uşaq qədər köməksiz ola bilməz. Dünyaya gələndə əmin-amanlığımız valideynlərimizdən asılı idi. Təzəcə gəzməyi öyrənəndə insanlar bizə nəhəng kimi görsənirdi. Valideynlərimiz yanımızda olmasaydı, onlardan qorxardıq. Ancaq ata-anamızın əlindən tutanda özümüzü arxayın hiss edirdik.

Uşaqlıq illərimizdə ata-anamızın məhəbbəti, ruhlandırıcı sözləri sayəsində güzəranımız xoş keçirdi. Valideynlərimizin sevgisini duyanda daxilən daha da rahat olurduq. Bizi tərifləyəndə özümüzə əminliyimiz birə-beş artır, qabağa gedirdik.

Böyüdükcə yaxın dostlarımızın sayəsində də özümüzü daha arxayın hiss elədik. Onların yanında rahat olurduq. Dostlarımızın köməyi ilə məktəbdəki ab-hava bizi elə də qorxutmurdu.

Bu təsvir uşaqlıq dövrünün ən ideal təsviridir. Ancaq reallıq göstərir ki, bəzi gənclərin yaxın dostu çox az olur. Əksər uşaqlar isə ümumiyyətlə valideyn dəstəyindən məhrumdurlar. Məleykə * adlı bir qız etiraf edir: «Xoşbəxt ailə şəkillərini görəndə lap paxıllığım tutur. Kaş ki, bizdə də belə olardı». Bu hisslər yəqin sizə də tanışdır.

BÖYÜDÜYÜMÜZ MÜHİTİN TƏSİRİ

Bəlkə də, yeniyetməlik dövründə özünüzə inamınız az olub. Ola bilsin, məhəbbət görməmisiniz, xoş söz eşitməmisiniz. Yaxud da valideynlərinizin boşanmaya qədər gətirib çıxaran dava-dalaşları olub və bunda özünüzü günahkar bilmisiniz. Və ya ən betəri — atanız, ya da ananız sizi təhqir edib, sizə əl qaldırıb.

Belə mühitdə böyüyən uşaq nə edir? Bəziləri yeniyetmə yaşlarından narkotikə və ya içkiyə qurşanırlar. Digərləri kiməsə lazım olduqlarını hiss etmək üçün quldur dəstəsinə qoşulurlar. Məhəbbət və qayğı axtarışında olan bu cür yeniyetmələr romantik münasibətlər qururlar. Ancaq belə münasibətlərin ömrü çox vaxt qısa olur və ayrılıq onları daha da sarsıdır.

Elə yeniyetmələr də var ki, bu kimi şeylərə əl atmasalar belə, özlərini dəyərsiz sayırlar. Ayşən deyir: «Özümü heç nəyə yaramadığıma inandırmışdım, çünki anam bunu mənə dönə-dönə deyirdi. Yadıma gəlmir ki, o məni nə vaxtsa tərifləsin, ya da xoş münasibət göstərsin».

Qorxu-təlaş keçirməyimizə səbəb yalnız böyüdüyümüz mühit deyil. Buna səbəb həmçinin boşanma, yaşlılığın gətirdiyi problemlər, hətta xarici görünüşümüzlə bağlı kompleksimiz olur. Səbəb nə olursa olsun, bu hiss bizi xoşbəxtlikdən məhrum edə və başqaları ilə münasibətlərimizə xələl gətirə bilər. Bu cür hisslərin öhdəsindən necə gələ bilərik?

BİZ TƏK DEYİLİK

Unutmamalıyıq ki, biz tək deyilik. Külli-İxtiyar Yaradan həmişə köməyimizə yetməyə hazırdır.

Əşiya peyğəmbər vasitəsilə Allah deyir: «Təlaşa düşmə, sənin Allahın Mənəm. Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm, haqq olan sağ əlimlə səni bərk-bərk tutacağam» (Əşiya 41:10, 13). Bəli, Allah, sanki, əlimizdən tutmaq istəyir. Bunu bilmək necə də xoşdur! Buna görə də narahatçılığa heç bir əsas yoxdur!

Müqəddəs Kitabda Allahın sadiq bəndələri barəsində söz açılır. Onlar narahatçılıqlarına baxmayaraq, Allahın əlindən bərk-bərk tutmağı bacarmışlar. Məsələn, İşmuilin anası Hənna uşağı olmadığı üçün özünü bədbəxt hiss edirdi. Sonsuz olduğuna görə onu tez-tez ələ salırdılar. Nəticədə, Hənna iştahadan kəsilib, göz yaşları tökürdü (1 İşmuil 1:6, 8). Ancaq, bütün ürəyini Allaha boşaltdıqdan sonra artıq onun çöhrəsində kədər qalmadı (1 İşmuil 1:18).

Davud peyğəmbər də arabir özünü müdafiəsiz hiss edirdi. Uzun illər padşah Talut onu öldürmək istəyirdi. Davud bir neçə dəfə ölümün pəncəsindən qurtulmuşdu. Bəzən ona elə gəlirdi ki, problemlərin içində itib-batıb (Zəbur 55:3—5; 69:1). Buna baxmayaraq, o yazmışdı: «Rahat uzanıb yataram, Yehova, yalnız Sənin sayəndə arxayın yaşayıram» (Zəbur 4:8).

Hənna və Davud öz qayğı yüklərini Yehovanın üzərinə qoyduqdan sonra gördülər ki, Yehova onlara dayaqdır (Zəbur 55:22). Bu gün biz də eyni cür davrana bilərik. Necə?

QORXUDAN QURTULMAĞIN ÜÇ YOLU

1. Yehovaya etibar etməyi öyrənin.

İsa peyğəmbər «tək gerçək Allahı» tanımağa təşviq etmişdi (Yəhya 17:3). «O [Allah], heç birimizdən uzaq deyil», — deyə həvari Bulus vurğulamışdı (Həvarilərin işləri 17:27). Həvari Yaqub isə yazmışdı: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8).

Yehova Allahın bir Ata kimi bizi sevib qayğımıza qaldığını bilmək narahatçılığımızın öhdəsindən gəlməyə kömək edən vacib bir addımdır. Düzdür, etibarın yaranması üçün zamana ehtiyacımız var. Ancaq çoxları etibar etməyin xeyrini görüblər. Kəmalə bölüşür: «Yehovaya güvəndikcə ən dərin hisslərimi bölüşə biləcəyim bir Ataya sahib oldum. Bundan sonra özümü o qədər rahat hiss elədim ki!»

Röya deyir: «Valideynlərim məni qoyub gedəndə Yehova məni tək qoymadı. Allaha dua edib problemlərimin həllində Ondan kömək istəyirdim. O da məndən köməyini əsirgəmirdi» *.

2. Ruhani ailənin bir üzvü olun.

İsa peyğəmbər şagirdlərini bacı-qardaş kimi bir-birilərinin qayğısına qalmağı öyrədirdi. O demişdi: «Siz... bir-birinizə qardaşsınız» (Mətta 23:8). Peyğəmbərimiz istəyirdi ki, onun əsil davamçıları bir-birilərinə qarşı məhəbbət bəsləsin və böyük ruhani ailənin üzvü olsunlar (Mətta 12:48—50; Yəhya 13:35).

Yehovanın Şahidləri var gücləri ilə çalışır ki, yığıncaqlarında əsil ruhani ailəyə xas olan məhəbbət və qayğı göstərsinlər (İbranilərə 10:24, 25). Bir çoxları yığıncağın onlara emosional yaralarını sağaldan məlhəm olduğunu görüblər.

Elnaz bölüşür: «Yığıncaqda xətri mənə əziz olan bir dostum var idi. O, mənim nələr çəkdiyimi başa düşürdü. Dərdimi bölüşəndə məni dinləyir, mənə ayələr oxuyur və mənimlə birgə dua edirdi. Sirdaşım tək olmadığımı daim mənə hiss etdirirdi. O, ürəyimi boşaltmağa kömək etdi. Sayəsində qəlbimə rahatlıq çökdü». Röya deyir: «Yığıncaqda özümə “ata-ana” tapdım. Onların sayəsində məhəbbətin nə olduğunu bildim, dinclik tapdım».

3. Başqalarına sevgi və qayğı göstərin.

Başqalarına sevgi və xeyirxahlıq göstərmək sarsılmaz dostluğun təməl daşlarıdır. İsa Məsih demişdi: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35). Belə ki, nə qədər çox sevgi göstərəcəyiksə, o qədər də çox sevgi alacağıq. Məsih davamçılarına demişdi: «Həmişə verin, onda sizə də verəcəklər» (Luka 6:38).

Qarşılıqlı sevgi bizə rahatlıq bəxş edəcək. Müqəddəs Kitabda deyildiyi kimi, «məhəbbət heç vaxt tükənmir» (1 Korinflilərə 13:8). Məryəm bölüşür: «Özümdə çox şeyi bəyənməsəm də, bilirəm ki, bu, sadəcə mənə elə gəlir. Başqalarına kömək edib özüm haqda düşünməməyin sayəsində bu fikirlərdən azad oluram. İnsanlar üçün nəsə edəndə həmişə özümü yaxşı hiss edirəm».

QORXUSUZ HƏYAT

Yuxarıdakı addımlar «möcüzəvi formul» deyil ki, bir dəqiqənin içində ömürlük rahatlıq gətirsin. Ancaq bu addımlar böyük dəyişiklik edə bilər. Kəmalə etiraf edir: «Hələ də daxilimdə təlaş var. Amma indi heç olmasa, özümü daha dəyərli hiss edirəm. Bilirəm ki, Allah mənimlədir. Ətrafımda gözəl dostlarım var; onların yanında rahatam». Röya da bu hissləri keçirir. O bölüşür: «Vaxtaşırı məni kədər bürüyür. Həmin vaxt məsləhət üçün iman bacı-qardaşlarıma üz tuturam. Onlar mənə nikbin olmağa kömək edir. Ən əsası isə, mənim həmişə ürəyimi boşalda biləcəyim Uca Atam var. Bunun özü nəyə desən dəyər!»

Yer üzü Cənnətə çevriləcək. Orada hər birimiz özümüzü əmin-amanlıqda hiss edəcəyik

Bizi öz kəməndinə salan bu hisslərdən birdəfəlik azad olmaq mümkündür. Müqəddəs Kitab yer üzünün Cənnətə çevriləcəyini deyir. Orada hər birimiz özümüzü əmin-amanlıqda hiss edəcəyik. Allah-Taala vəd edir: «Hər kəs öz meynəsinin, öz əncir ağacının altında oturacaq, onları qorxudan olmayacaq» (Mikə 4:4). O vaxt biz müdafiəsiz olmayacağıq, heç kim bizə zərər vurmayacaq. Keçmişdə dərin kök salmış acılar «daha xatırlanmayacaq» (Əşiya 65:17, 25). Allah İsa Məsih vasitəsilə yer üzündə əsil salehliyi bərqərar edəcək. Nəticədə, «daimi dinclik, əmin-amanlıq olacaq» (Əşiya 32:17).

^ abz. 5 Bu məqalədəki bütün adlar şərtidir.

^ abz. 21 Yehovanın Şahidləri Allaha yaxınlaşmaq istəyənlərə pulsuz-təmənnasız Müqəddəs Kitab dərsləri təklif edir.