ÜZ QABIĞINDAKI MÖVZU | KAŞ ÖLÜM OLMAYAYDI...
Yaslılara təsəlli olun
Heç elə olubmu ki, yaslı adama təsəlli vermək istəmisiniz, ancaq kömək edə bilmədiyiniz üçün özünüzü aciz hiss etmisiniz? Bəzən nə deyəcəyimizi, nə edəcəyimizi bilmədiyimiz üçün düşünürük ki, yaxşısı budur, səssiz-səmirsiz oturaq. Amma əslində, edə biləcəyimiz çox şey var.
Sizin onların yanında olmağınızın, dərdinə şərik olduğunuzu bildirməyinizin özü elə böyük şeydir. Əksər mədəniyyətlərdə bunu yaslı adamı qucaqlamaqla və ya mehribancasına qolundan tutmaqla ifadə edirlər. Əgər əzizini itirən adam sizə ürəyini boşaltmaq istəyirsə, ona diqqətlə qulaq asın. Edə biləcəyiniz ən böyük kömək isə yaslı olan ailəyə ev işlərində yardım etməkdir. Məsələn, yemək bişirə, uşaqlarına baxa və ya lazım gəlsə, dəfn mərasiminin təşkilində kömək əlinizi uzada bilərsiniz. Belə işlər sözlərdən daha güclü təsir edə bilər.
Bir müddət sonra mərhum haqda söhbət açın. Onun xasiyyətinin gözəl cəhətlərini, onunla bağlı xoş xatirələri yad edin. Bu söhbət yaslı insanın çöhrəsinə təbəssüm bəxş edə bilər. Məsələn, altı il öncə əri Yanı itirən Pam adlı bir qadın bölüşür: «Camaat Yanın gördüyü savab işlər haqda danışanda
mənə xoş olurdu. Halbuki mənim bunlardan heç xəbərim olmayıb».Tədqiqatçıların araşdırmaları nəticəsində məlum olub ki, kədər içində olan insanlara dost-tanışları əvvəl-əvvəl dəstək olur, amma çox keçməmiş hamı öz işinə-gücünə qayıdır və onların hələ də təsəlliyə ehtiyacları olduqları unudulur. Buna görə də əzizini itirən dostunuzla mütəmadi olaraq əlaqə saxlayın *. Yaslı insanlar bunu çox qiymətləndirir, çünki bu, onlara təskinlik verir.
Gəlin böyük sarsıntı keçirən Kaorinin nümunəsinə baxaq. Yaponiyadan olan bu gənc qadının anası vəfat edib. Üstündən 15 ay keçəndən sonra o, bacısını da itirdi. Amma sağ olsun, vəfalı dostları onu tək qoymadı. Onlardan biri Kaoridən yaşca çox böyük olan Ritsuko idi. O, Kaoriyə onun rəfiqəsi olmağı təklif etdi. Kaori deyir: «Açığı, bu, mənim xoşuma gəlmədi. İstəmirdim kimsə anamın yerini tutsun. Düşünürdüm, onu heç kim əvəz edə bilməz. Ancaq Ritsuko mənə ana qayğısı göstərdiyi üçün onu özümə doğma hiss etdim. Hər həftə onunla insanlara xoş xəbəri çatdırar, birgə ibadət evinə gedərdik. O, məni çay süfrəsinə dəvət edərdi, yemək bişirib gətirərdi. Dəfələrlə mənə məktub və açıqca yazırdı. Ritsuko ananın nikbinliyi mənə müsbət təsir bağışladı».
Kaorinin anasının ölümündən 12 il keçib. İndi o, həyat yoldaşı ilə birlikdə başqa ərazidə vaxtının çox hissəsini insanlara müjdə çatdırmağa sərf edir. Kaori deyir: «Ritsuko ana indiyənə kimi qayğısını əsirgəmir. Evimizə qayıdanda həmişə onu görməyə gedirəm və biz birlikdə gözəl vaxt keçiririk».
Gəlin başqa bir nümunəyə nəzər salaq. Kiprdə yaşayan Poli adlı Yehovanın Şahidi çətin anlarında ehtiyac duyduğu dəstəyi almışdı. Polinin Sozos adlı qayğıkeş əri var idi. O, Allahın xidmətçisi kimi başqalarına gözəl nümunə qoymuşdu. Çünki həmişə evində süfrə açıb yetimləri və dul qadınları qonaq dəvət edərdi (Yaqub 1:27). Əfsuslar olsun ki, beynində şiş əmələ gəldiyi üçün Sozos 53 yaşında vəfat etdi. Poli deyir: «33 il bir yastığa baş qoyduğum vəfalı ərimi itirdim».
Dəfn mərasimindən sonra Poli 15 yaşında olan ən kiçik oğlu Daniellə birgə Kanadaya köçdü. Onlar orada Yehovanın Şahidlərinin ibadət evinə getməyə başladılar. Poli xatırlayır: «Getdiyimiz ibadət evindəki yeni dostlarımız bizim haqda, başımıza gələnlər barədə heç nə bilmirdilər. Amma bununla belə, həmişə yaxınlaşıb bizi qucaqlayır, xoş sözlər deyir və kömək edirdilər. Onların köməyi bizim üçün əvəzsiz idi, ələlxüsus da oğlumun ataya daha çox ehtiyac duyduğu zamanlarda! Yığıncaqdakı məsul qardaşlar Danielə qayğı göstərirdilər. Onlardan biri xüsusilə çalışırdı ki, dostları ilə vaxt keçirəndə, futbol oynamağa gedəndə Danieli də özü ilə aparsın». Həm ana, həm də oğul bu gün çox xoşbəxtdir.
Əmin olun, yaslı adamlara kömək etməyin və təsəlli verməyin çoxlu yolu var. Digər təskinlik mənbəyi isə Müqəddəs Kitabdır. Orada yazılanlar bizə ümid verir.
^ abz. 6 Bəziləri hətta mərhumun öldüyü günü təqvimdə qeyd edirlər ki, həmin günlərdə itki yaşamış adamın yanında olsunlar. Çünki bu vaxt onların təsəlliyə xüsusilə ehtiyacı ola bilər.