Gördüyünüz işi sadiq adamlara əmanət edin
«Məndən eşitdiyin... şeyləri sadiq adamlara əmanət et ki, onlar da təlim vermək üçün yararlı olsunlar» (2 TİM. 2:2).
NƏĞMƏ: 123, 53
1, 2. Çoxları gördükləri iş barədə nə düşünür?
BƏZİ insanlar özlərinə gördükləri işə əsasən qiymət verirlər. Çoxları düşünür ki, insanın işi və vəzifəsi onun özünəinam hissinə təsir edir. Bəzi xalqlarda iki nəfər bir-biri ilə tanış olanda verdikləri ilk suallardan biri bu olur: «Harada işləyirsən?»
2 Müqəddəs Kitabda bəzi adamlar vəzifələrinə uyğun, məsələn, Mətta vergiyığan, Şimon dabbağ, Luka həkim kimi təsvir olunub (Mət. 10:3; Həv. 10:6; Kol. 4:14). Digərləri isə Yehovanın yolunda daşıdıqları məsuliyyətə əsasən təsvir olunublar. Məsələn, Davud padşah kimi, İlyas peyğəmbər kimi və Bulus həvari kimi. Bu insanlar Allahın onlara tapşırdığı işə yüksək dəyər verirdilər. Biz də Yehovanın yolunda gördüyümüz işi qiymətləndirməliyik.
3. Nəyə görə yaşlı qardaşlar cavanları üzərlərinə öhdəçilik götürməyə hazırlamalıdırlar? (Məqalənin əvvəlindəki şəklə baxın.)
3 Çoxlarımız Yehovanın yolunda gördüyümüz işi çox sevirik və ömür boyu bu işlə məşğul olmağa hazırıq. Təəssüf ki, Adəmdən bəri bir nəsil yaşa dolur, yerini verir növbəti nəslə (Vaiz 1:4). Bu vəziyyət məsihi yığıncağında müəyyən çətinliklər yaradır. Bu gün təbliğ işi get-gedə daha böyük miqyasda və mütəşəkkil surətdə həyata keçirilir. Təşkilatda iş çoxaldıqca yeni üsullar tətbiq olunur, daim təkmilləşməkdə olan texnoloji yeniliklərdən istifadə olunur və bu yeniliklərə uyğunlaşmaq lazım gəlir. Bəzi yaşlı qardaşlara yeniliklərə alışmaq çətin gəlir (Luka 5:39). Bəziləri üçünsə bu, problem deyil, amma yenə də yaşlılara nisbətən cavanlar daha güclü və gümrahdırlar (Məs. 20:29). Buna görə də yaşlı qardaşlar cavanları üzərlərinə öhdəçilik götürməyə hazırlasalar çox yaxşı olar. Bununla onlar Yehovanın təşkilatına böyük fayda gətirmiş olarlar. (Zəbur 71:18 ayəsini oxuyun.)
4. Nəyə görə yığıncaqdakı məsul qardaşlara gördükləri işi cavanlara ötürmək bəzən çətin olur? (« Nəyə görə bəzi qardaşlar gördükləri işi cavanlara ötürməyə tərəddüd edir?» adlı çərçivəyə baxın.)
4 Bəzən yığıncaqdakı məsul qardaşlara gördükləri işi cavanlara ötürmək çətin olur. Kimisi sevdiyi işdən ayrılmaq istəmir. Kimisi düşünür ki, cavanlar bu işin yaxşı görə bilməz. Kimisi isə təlim verməyə vaxtının olmadığını səbəb gətirir. Belə hallarda cavanlar səbirli olmalıdırlar.
5. Bu məqalədə hansı suallara cavab veriləcək?
5 Gəlin bu məsələ ilə bağlı iki məqamı nəzərdən keçirək. Birincisi, yaşlı qardaşlar cavanlara yığıncaqda üzərlərinə öhdəçilik götürməyə necə kömək edə bilərlər və nəyə görə bu, vacib məsələdir? (2 Tim. 2:2). İkincisi, yaşlı, təcrübəli qardaşlara kömək edən və onlardan təlim alan cavan qardaşlar hansı əhval ruhiyyədə olmalıdırlar? Əvvəlcə gəlin görək Davud padşah oğlu Süleymanı məsuliyyətli bir işə necə hazırlamışdı.
DAVUD PADŞAH SÜLEYMANA DƏSTƏK OLUR
6. Davud padşahın hansı planı var idi və Yehovanın bu barədə fikri nə idi?
6 Uzun illər qaçaq həyatı yaşayandan sonra Davud nəhayət padşah taxtına çıxır və rahat evdə yaşamağa başlayır. Amma o, çox pis olur ki, İsraildə Allahın adını daşıyan bir məbəd yoxdur və məbəd tikmək 1 Saln. 17:1—4, 8, 11, 12; 29:1).
qərarına gəlir. O, Natan peyğəmbərə deyir: «Mən burada sidr ağacından olan evdə yaşayıram, Yehovanın Əhd sandığı isə çadırda qalır». Natan peyğəmbər ona belə cavab verir: «Ürəyində nə niyyət tutmusan, onu da et. Allah səninlədir». Amma Yehova Allah bu məsələ ilə bağlı başqa fikirdə idi. Allah peyğəmbərə buyurur ki, Davuda belə desin: «Mənə yaşamaq üçün evi sən tikməyəcəksən». Yehova Allah Davuda məhəbbət göstərib onu əmin etdi ki, əli həmişə onun üstündə olacaq, amma məbədi oğlu Süleyman tikəcək. Davudun buna münasibəti necə oldu? (7. Davud məbədin tikintisi ilə bağlı Yehovanın verdiyi göstərişə necə yanaşdı?
7 Davud düşünmədi ki, onsuz da məbədin inşası onun adına yazılmayacaq. O, məbədin tikintisini dəstəkləmək üçün əlindən gələni etdi. Məbəd tikildi və o, Davud məbədi kimi yox, Süleyman məbədi kimi tanınır. Arzusu ürəyində qaldığı üçün Davud, əslində, pis ola bilərdi, amma o, bu hisslərə qapılmadı, əksinə, var gücü ilə bu layihəni dəstəklədi. Məbədi tikmək üçün işçilər yığdı, dəmir, mis, gümüş, qızıl və tir-şalban topladı. Sonra Süleymanın qoluna qüvvət vermək üçün dedi: «Qoy Yehova sənə yar olsun, oğlum. İşin avand olsun, sənin haqqında dediyi kimi, Allahın Yehovanın evini inşa et» (1 Saln. 22:11, 14—16).
8. Nəyə görə Davud düşünə bilərdi ki, Süleyman məbədin layihəsinə başçılıq edə bilməz və o, öz tərəfindən nə etdi?
8 1 Salnamələr 22:5 ayəsini oxuyun. Davud düşünə bilərdi ki, Süleyman bu cür böyük layihəyə başçılıq etməyi bacarmaz. Axı məbəd möhtəşəm olmalıydı, Süleyman isə gənc və səriştəsiz idi. Amma Davud əmin idi ki, Yehova Süleymana bu işi başa çatdırmağa kömək edəcək. Odur ki, Davud bu layihəni dəstəkləmək üçün bacardığını etdi, tikinti üçün bolluca material topladı.
BAŞQALARINA TƏLİM VERMƏK SEVİNC GƏTİRİR
9. Öhdələrinə düşən işi cavanlara ötürən yaşlı qardaşlara nə məmnunluq gətirə bilər? Nümunə çəkin.
9 Yığıncaqda gördükləri işi cavanlara ötürməli olanda yaşlı qardaşlar pis olmamalıdırlar. Əsas odur ki, Allahın işi irəli getsin. Təlim verdikləri cavanların püxtələşib öhdələrinə məsuliyyət götürdüyünü görmək məsul qardaşlara məmnunluq gətirməlidir. Gəlin bir nümunəyə baxaq. Təsəvvür edin ki, bir ata oğluna maşın sürməyi öyrədir. Uşaq balaca olanda, sadəcə, atasının maşını necə sürdüyünü müşahidə edir. Bir az böyüyəndə atası ona maşın sürməyi izah edir. Yetkin yaşa çatanda oğul atanın köməyi ilə maşını sürməyə başlayır. Hərdən onlar maşını növbə ilə sürürlər. Amma bir müddət sonra oğul tək sürməyə başlayır, sonra ata yaşa dolur və demək olar ki, daha maşın sürmür, hara lazımdır oğlu onu aparıb-gətirir. Təbii ki, oğlunu sevən ata onun
bu işi mənimsədiyinə sevinir və düşünmür ki, ona nəzarət lazımdır. Eynən, yaşlı qardaşlar da təlim verdikləri cavanların Yehovanın işində öhdələrinə məsuliyyət götürdüyünü görəndə fəxr duyurlar.10. Başqaları şərəfə yüksələndə Musa peyğəmbər necə münasibət göstərmişdi?
10 Yaşlı qardaşlar ehtiyatlı olmalıdırlar ki, başqalarına məsuliyyət tapşırılanda ürəklərində paxıllıq yaranmasın. Gəlin görək düşərgədə bəziləri peyğəmbər kimi hərəkət etməyə başlayanda Musa peyğəmbər necə münasibət göstərmişdi. (Saylar 11:24—29 ayələrini oxuyun.) Musa peyğəmbərin köməkçisi Yuşə onlara mane olmaq istəyirdi. Ola bilsin, o, düşünürdü ki, bu hərəkətləri ilə onlar Musanın mövqeyini və səlahiyyətini dəyərdən salırlar. Amma görək Musa peyğəmbər ona nə dedi? «Sən mənim adıma görə narahat olursan? Buna gərək yoxdur. Kaş ki Yehova bütün xalqına ruhundan verəydi, Yehovanın bütün xalqı peyğəmbər olaydı!» Musa peyğəmbər bu işin Yehovadan olduğunu başa düşürdü. O, özünə şöhrət axtarmırdı. O istəyirdi ki, Allah bütün xidmətçilərinə ona verdiyi ənamdan bəxş etsin. Musa peyğəmbər kimi, biz də başqalarına yeni təyinat veriləndə sevinməliyik.
11. Öhdəsinə düşən işi başqa qardaşa həvalə edən yaşlı bir qardaş bu dəyişikliklə bağlı nə deyir?
11 Bu gün onilliklərdir Yehovaya canla-başla xidmət edən və başqalarına öhdələrinə məsuliyyət götürməyi öyrədən çoxlu qardaşlar var. 74 ildən artıqdır ki tammüddətli xidmətdə olan və onun 35 ilini Avropadakı filialda xidmət edən Piter adlı bir qardaşı buna misal çəkmək olar. Bu yaxınlara kimi o, xidmət şöbəsinin nəzarətçisi olub. Hal-hazırda bu vəzifəni onunla uzun illər çiyin-çiyinə xidmət edən Pol adlı cavan bir qardaş yerinə yetirir. Piterdən soruşanda ki, bu dəyişikliyə necə yanaşır o deyir: «Mən çox sevinirəm ki, öhdəsinə böyük işlər götürmək üçün təlim keçmiş və bu işi gözəl şəkildə yerinə yetirən qardaşlar var».
YAŞLILARI QİYMƏTLƏNDİRİN
12. Rəhabamın hərəkətindən nə öyrənirik?
12 Süleyman padşah öləndən sonra onun yerinə oğlu Rəhabam padşah oldu. Rəhabam bu işi uğurla yerinə yetirmək üçün məsləhət axtarırdı. Əvvəlcə o, ağsaqqal kişilərdən məsləhət istəyir. Amma onların məsləhətinə qulaq asmır, gedib onunla bir yerdə böyüyən əyan-əşrəfi ilə məsləhətləşir. Axırda acınacaqlı vəziyyətlə üzləşir (2 Saln. 10:6—11, 19). Bundan hansı nəticəni çıxarırıq? Yaşlı və təcrübəli insanlarla məsləhətləşib məsləhətə əməl etmək ağıllı hərəkətdir. Düzdür, yaşlılar cavanları hansısa işi onların bildiyi köhnə üsullarla görməyə məcbur etməməlidir, amma cavanlar da yaşlıların məsləhətini rədd etməyə tələsməməlidirlər.
13. Cavanlar yaşlı qardaşlarla necə əməkdaşlıq etməlidirlər?
13 Bəzi cavan qardaşlar yaşlı qardaşların gördüyü işə nəzarət edirlər. Yaxşı olardı ki, cavan qardaşlar qərar verməzdən əvvəl bu yaşlı qardaşlarla məsləhətləşib onların təcrübəsindən yararlansınlar. Yuxarıda adı çəkilən və Piter qardaşın yerinə nəzarətçi təyin olunan Pol deyir: «Mən həmişə Piterlə məsləhətləşirəm və şöbəmizdə çalışan digər qardaşları da buna təşviq edirəm».
14. Timuti ilə həvari Bulus arasındakı əməkdaşlıqdan özümüzə nə götürə bilərik?
14 Həvari Bulusla müqayisədə cavan olan Timuti uzun illər onunla çiyin-çiyinə çalışmışdı. (Filippililərə 2:20—22 ayələrini oxuyun.) Həvari Korinfdəki məsihilərə onun barəsində növbəti sözləri yazmışdı: «Ağaya xidmətdə əziz balamı, sədaqətli Timutini... yanınıza göndərirəm. O, hər yerdə, bütün yığıncaqlarda Məsih İsaya xidmətdə işlətdiyim təlim üsullarını yadınıza salacaq» (1 Kor. 4:17). Bu bir ayə Bulusla Timuti arasındakı sıx əməkdaşlıqdan xəbər verir. Həvari Bulus Timutiyə Məsih İsaya xidmətdə işlətdiyi üsulları öyrətmək üçün vaxt ayırırdı. Timuti bu təlimi yaxşı mənimsəmişdi və Bulusun rəğbətini qazanmışdı. Həvari arxayın idi ki, Timuti Korinfdəki məsihilərə ibadətlə bağlı məsələlərdə kömək edə biləcək. Bulus bu gün yığıncaqda cavan qardaşlara təlim verən ağsaqqallar üçün gözəl nümunədir!
HƏR BİRİMİZİN İŞİ ƏHƏMİYYƏTLİDİR
15. Təşkilatdakı dəyişikliklər bizə təsir edəndə Bulusun Romadakı məsihilərə verdiyi məsləhət bizə necə kömək edə bilər?
15 Biz çox maraqlı bir dövrdə yaşayırıq. Yehova Allahın təşkilatı müxtəlif sahələrdə təkmilləşir. Amma bu tərəqqi eyni zamanda dəyişikliklərə səbəb olur və bu dəyişikliklər şəxsən bizə də təsir edə bilər. Belə hallarda biz təvazökar olmalı, özümüzün yox, Yehovanın maraqlarını düşünməliyik. Bununla biz Allahın xalqının birliyi üçün çalışmış olarıq. Həvari Bulus Romadakı məsihilərə yazmışdı: «Hər birinizə deyirəm: özünüz barədə lüzumundan artıq fikirləşməyin. Hər kəs özü haqqında Allahın ona verdiyi iman çərçivəsində düşünsün və sağlam düşüncəni qoruyub saxlasın. Necə ki bədənimizdə çox üzv var, amma bütün üzvlər eyni işi icra etmir, eləcə də biz, çox olsaq da, Məsihlə vəhdətdə bir bədən təşkil edirik» (Rom. 12:3—5).
16. Yaşlı və cavan qardaşlar, həmçinin onların həyat yoldaşları Yehova Allahın xalqının birliyinə necə töhfə verə bilərlər?
16 Harada xidmət ediriksə-edək gəlin hər birimiz Yehova Allahın əzəmətli Padşahlığının maraqları üçün çalışaq. Əziz yaşlı qardaşlar, cavanlarla təcrübənizi bölüşün. Cavanlar, öhdənizə məsuliyyət götürün, təvazökar olun və yaşlı qardaşlara həmişə hörmətlə yanaşın. Bu qardaşların həyat yoldaşlarına isə demək istəyirik ki, Akvilasın arvadı Priskilla kimi həyatlarında baş verən dəyişikliklər zamanı ərlərinə dəstək olsunlar (Həv. 18:2).
17. İsa Məsih şagirdləri ilə bağlı nəyə əmin idi və onları hansı işə hazırlamışdı?
17 Başqalarını üzərlərinə öhdəçilik götürmək üçün hazırlamaqda İsa Məsih mükəmməl nümunədir. Məsih bilirdi ki, yerdəki xidməti bir gün başa çatacaq və onun gördüyü işi başqaları davam etdirəcək. Şagirdləri qeyri-kamil olsa da, İsa onlara güvənirdi və demişdi ki, onlar onun gördüyündən də böyük işlər görəcəklər (Yəh. 14:12). Məsih şagirdlərinə hərtərəfli təlim vermişdi və onlar müjdəni bütün dünyaya yaymışdılar (Kol. 1:23).
18. Bizi qarşıda necə gələcək gözləyir və hazırda hansı işlə məşğul olmalıyıq?
18 İsa Məsih həyatını qurban verib öləndən sonra Allah onu dirildib göyə qaldırdı və ona əvvəlkindən də böyük işlər tapşırıldı, onu «hər cür hökumətdən, hakimiyyətdən, qüdrətdən, iqtidardan və addan üstün etdi» (Efes. 1:19—21). Əgər biz Yehovaya sadiq qalıb Armageddona qədər bu həyata gözümüzü yumarıqsa, Yehova bizi salehliyin hökm sürdüyü yeni dünyada dirildəcək. Orada biz könlümüz istəyən qədər sevdiyimiz işlərlə məşğul olacağıq. Hazırda isə hər birimiz çox mühüm bir işi, müjdəni təbliğ etmək və şagird hazırlamaq işini həyata keçirməliyik. Gəlin hamımız, həm cavanlar, həm yaşlılar Rəbbin işində çox çalışaq (1 Kor. 15:58).