Kontentə keç

Mündəricatı göstər

Əzablar kimdəndir?

Əzablar kimdəndir?

Gördüyümüz kimi, əzablar Allahdan deyil. Bəs onda kütləvi aclığa, baş alıb gedən yoxsulluğa, dəhşətli müharibələrə, amansız xəstəliklərə və təbii fəlakətlərə səbəb nədir? Allahın Kəlamında bəşəriyyətin əzablarının üç əsas səbəbi açıqlanır:

  1. Xudbinlik, tamahkarlıq və ədavət. «İnsanın insana ağalıq etməsi insanın zərərinə olub» (Vaiz 8:9). Bəli, insanlar günahlı, xudbin və zalım insanların əməlləri ucbatından əziyyət çəkir.

  2. Vaxt və təsadüf. İnsanlar, adətən, «vaxt və təsadüf» nəticəsində bəlalarla üzləşirlər (Vaiz 9:11). Bu o deməkdir ki, insan elə bir vaxtda elə bir yerdə ola bilər ki, gözlənilmədən başına bədbəxt hadisə gəlsin, yaxud hər hansı diqqətsizliyə və ya səhvə yol versin.

  3. Dünyadakı hadisələrə şər qüvvə ağalıq edir. Müqəddəs Kitab insan əzabının əsas səbəbini belə açıqlayır: «Bütün dünya... Şəririn əlindədir» (1 Yəhya 5:19). «Şərir» güclü ruhani varlıq olan Şeytan İblisdir. O, bir vaxtlar Allahın mələklərindən biri olub, amma Müqəddəs Kitabda deyildiyi kimi «həqiqətə bağlı qalmadı» (Yəhya 8:44). Başqa mələklər də Şeytana qoşuldu və xudbin arzularına çatmaq üçün Allaha qarşı çıxdılar. Nəticədə, bu mələklər mənfur cinlər oldular (Yaradılış 6:1—5). O vaxtdan bəri Şeytan və onun cinləri dünyanın gedişatına güclü və amansız təsir göstərir. Yaşadığımız zəmanədə bu, daha aydın sezilir. Çünki bu gün İblis çox qəzəblidir və bütün dünyanı aldadır. Müqəddəs Kitabda deyilir ki, «yerə vay... olsun!» (Vəhy 12:9, 12). Bəli, Şeytan zalım ağadır. O, insanların əzab çəkdiyini görəndə ləzzət alır. Deməli, insan əzabının səbəbkarı Allah yox, Şeytandır!

DÜŞÜNÜN: Ancaq daşürəkli, rəhmsiz, qaniçən biri məsum insanların əzab çəkməsindən həzz alar. Allah haqqında isə Müqəddəs Kitabda deyilir: «Allah məhəbbətdir» (1 Yəhya 4:8). Məhəbbətin qaynağı «Allah qətiyyən pislik etməz, Qüdrət Sahibi haqsızlıq etməz!» (Əyyub 34:10).

Təbii olaraq, sizdə sual yarana bilər: «Külli-İxtiyar Allah nə vaxtadək Şeytanın mənfur ağalığına izin verəcək?» Artıq gördüyümüz kimi, Allah şər əməllərə nifrət edir, çəkdiyimiz əzab-əziyyət Ona ağrı verir. Bundan əlavə, Allahın Kəlamı bizi səsləyir: «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 Butrus 5:7). Bəli, Allah bizi çox sevir və O, əzab-əziyyəti, haqsızlığı aradan qaldırmağa qadirdir *. Bu mövzu növbəti məqalədə işıqlandırılacaq.

^ abz. 7 Dünyadakı əzabların səbəbi barədə daha çox öyrənmək üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Əbədi xoşbəxt həyat!» kitabının 26-cı dərsinə baxın. Kitabı www.mr1310.com saytından pulsuz yükləyə bilərsiniz.