TƏLATÜMLÜ DÜNYADA
2. Dolanışığınızı təmin edin
NƏYƏ GÖRƏ VACİBDİR?
İndiki zəmanədə çoxlarının çörəyi daşdan çıxır, insanlar güc-bəla ilə dolanırlar. Təəssüflər olsun ki, dünyanın bu təlatümlü halı dolanışığı daha da çətinləşdirir.
-
Bədbəxtlik baş verən ərazilərdə adətən ev pulu, ərzaqların qiyməti qalxır.
-
Böhran olanda işsizlik artır, maaşlar azalır.
-
Fəlakət baş verəndə insanların evi, biznesi, əmlakı ciddi ziyan çəkir, yaxud tamamilə alt-üst olur. Əhali yoxsullaşır.
Nəyi bilməlisiniz?
-
Pulunuzu düzgün xərcləsəniz, böhran baş verəndə dolanışığınız müəyyən qədər sabit olacaq.
-
Əgər insanın maddi vəziyyəti yaxşıdırsa, bu o demək deyil ki, həmişə belə olacaq. Məvacibiniz, yığdığınız pul, əmlakınız dəyərdən düşə bilər.
-
Elə şeylər var ki, onları pulla almaq olmur, məsələn, xoşbəxtliyi, ailə səadətini.
Nə edə bilərsiniz?
Müqəddəs Kitabda deyilir: «Yeməyimiz, paltarımız varsa, bunlara qane olacağıq» (1 Timutiyə 6:8).
Başqa sözlə, istəklərimizi cilovlamalıyıq, gündəlik tələbatlarımız ödənilirsə, buna şükür etməliyik. Xüsusən də dolanışığımız çətin olanda bu çox vacibdir.
Müqəddəs Kitabdakı bu məsləhətə əməl etmək üçün, ola bilsin, sizə qənaət etməyi öyrənmək lazım gələcək. Əgər ayağınızı yorğanınıza görə uzatmırsınızsa, onda maddi vəziyyətiniz lap pisləşəcək.