Kontentə keç

Mündəricatı göstər

Müxtəlif etiqadlar

Müxtəlif etiqadlar

Hindular

inanır ki, əzablar insanın ya indiki, ya da keçmiş həyatında etdiyi əməllərin nəticəsidir. İnsan özünü həyatın bütün müvəqqəti həzlərindən məhrum etməklə mokşaya çata bilər, yəni ölüm və yenidən doğulma zəncirindən azad ola bilər.

Müsəlmanlar

inanır ki, əzablar həm günahlara görə cəzadır, həm də iman sınağıdır. Bədbəxtliklər insanlara xatırladır ki, «bütün yaxşılıqlarına görə Allaha şükr etməlidirlər və kasıblara əl tutmalıdırlar», — deyə Şimali Amerika İslam Cəmiyyətinin prezidenti Səyyid Seyid qeyd edir.

Yəhudi rəvayətləri

əzabların insanın öz əməllərinin nəticəsi olduğunu izah edir. Bəzi yəhudilər inanır ki, dirilmə olacaq və əzab çəkmiş məsum insanlar üçün ədalət bərqərar ediləcək. İudaizmin mistik cərəyanı olan kabbala öyrədir ki, reinkarnasiya * sayəsində insana günahlarını yumaq üçün dəfələrlə imkan verilir.

Buddistlər

inanır ki, insan dəfələrlə dünyaya gəlir və hər həyatında əzab çəkir. Bu yenidən doğulma zənciri insan pis hərəkətlərinə, mənfi hiss və nəfsinə qalib gələnə qədər davam edir. Hikmətin, savab işlərin və düşüncələrin pak saxlanması sayəsində insan nirvanaya, yəni bütün iztirabların sonuna çatır.

Konfusiçilər

inanır ki, əzablar, əsas etibarilə, «insan uğursuzluğunun və səhvinin nəticəsidir» («A Dictionary of Comparative Religion»). Bu təlimə əsasən, xeyirxah ömür sürməklə iztirabları azaltmaq olar, lakin iztirabların çoxunun səbəbkarı «fövqəlbəşər qüvvələrdir. Bu halda insan taleyin yazısına müti şəkildə boyun əyməlidir».

Bəzi Afrika dinləri

əzabların səbəbini cadu-pitiklə əlaqələndirir. Bu inanclara əsasən, cadugərlər insana həm xoşbəxtlik, həm də bədbəxtlik gətirə bilər. Müxtəlif ayinləri icra etməklə isə onların cadularını açmaq olar. İnsan xəstələnəndə cadugər həkimlərin ayinləri və məlhəmləri ilə cadunu batil etmək mümkündür.

Xristianlar

inanır ki, əzablar Müqəddəs Kitabın «Yaradılış» bölməsində deyildiyi kimi, ilk insan cütünün günahı ucbatındandır. Amma xristianlığın bir çox cərəyanları bu təlimə öz fikirlərini də əlavə edib. Məsələn, bəzi katoliklərin fikrincə, «insan öz iztirablarını Allaha qurban kimi təqdim edib, əvəzində Ondan kilsənin rifahını və ya kiminsə xilasını diləyə bilər».

[Haşiyə]

^ abz. 7 Reinkarnasiya təliminə əsasən, ruh bir və ya bir neçə dəfə insan və ya heyvan cildində dünyaya gəlir.

ƏLAVƏ MƏLUMAT

jw.org saytında «Bütün ibadət formaları Allaha məqbuldurmu?» adlı videonu izləyin.