Kontentə keç

Mündəricatı göstər

İsrafçılıqdan necə qaça bilərik?

İsrafçılıqdan necə qaça bilərik?

HƏYATIMIZI elektrik enerjisi və yanacaq olmadan təsəvvür etmək çətindir, çünki evimizi isidib-soyutmaq, avtomobildən istifadə etmək və digər gündəlik işlərlə məşğul olmaq üçün bunlara ehtiyac duyuruq. Bununla belə, bütün dünyada insanlar elektrik enerjisi və yanacaqla bağlı ciddi problemlərlə üzləşirlər.

Cənubi Afrikadan olan Qari yanacaq qiymətlərinin artmasından gileylənir. Filippindən olan Ceniferi narahat edən məqam enerji təchizatının tez-tez kəsilməsidir. Salvadorda yaşayan Fernandonun isə narahatçılığına səbəb ekoloji problemlərdir, çünki yanacaq-enerji istehsalı dünyanın bir çox yerlərində ətraf mühiti çirkləndirir.

Əgər bu kimi problemlər sizi də narahat edirsə, növbəti məsləhətlər dadınıza çatacaq.

Enerjiyə qənaət hər insanın öz əlindədir. Hər bir halda, enerjidən düzgün və qənaətlə istifadə etmək olduqca səmərəlidir. Əvvəla, israfçılıqdan qaçmaqla biz öz büdcəmizə qənaət etmiş oluruq. Bundan əlavə, təbii sərvətlərin tükənməsinin və ətraf mühitin çirklənməsinin qarşısını alırıq.

Gəlin enerji resurslarından səmərəli və qənaətlə istifadə edə biləcəyimiz üç sahəyə diqqət yetirək: evdə, nəqliyyatdan istifadədə və gündəlik işlərimizdə.

EVDƏ

İsitmə və soyutma sistemlərindən qənaətcil istifadə edin. Avropanın bir ölkəsində aparılan araşdırmanın nəticəsi göstərdi ki, qış aylarında qızdırıcının dərəcəsini sadəcə iki dərəcə aşağı salmaq il ərzində istifadə olunan enerjiyə qənaət etməyin ən yaxşı üsuludur. Kanadada yaşayan Derek də bu fikirlə razıdır. O qeyd edir: «Qış aylarında istilik sisteminin dərəcəsini son həddə kimi qaldırmaq əvəzinə əynimizi qalın geyinməklə enerjiyə xeyli qənaət edirik».

Eyni prinsip soyutma sistemlərinin istifadəsində də keçərlidir. Filippindən olan Rodolfo kondisionerin dərəcəsini düzgün tənzimləməklə onun istifadəsini minimuma endirdiyini söyləyir. O deyir: «Bununla biz həm pulumuza, həm də enerjiyə qənaət etmiş oluruq».

Evi isidəndə, yaxud soyudanda qapı-pəncərəni bağlı saxlayın *. İsidilmiş və ya soyudulmuş havanın çölə çıxmasının qarşısını almaqla enerji sərfiyyatını azalda bilərsiniz. Soyuq havada qapını açıq qoysanız, təbii ki, mənzilin isidilməsi üçün daha çox enerji sərf olunacaq.

Amma qapı-pəncərəni bağlı saxlamaq kifayət etmir. Bəzi insanlar evlərində enerjiyə qənaət etməyin daha bir üsulunu tapıblar. Onlar mənzillərində yüksək izolyasiya və enerjiyə qənaət xüsusiyyətinə malik pəncərələr quraşdırıblar.

Qənaətcil lampalardan istifadə edin. Yuxarıda adı çəkilən Cenifer deyir: «Adətən istifadə etdiyimiz közərmə lampalarını qənaətcil lampalarla əvəz etdik». Baxmayaraq ki, qənaətcil lampaların qiyməti daha bahadır, onlar daha az enerji sərf edir və bununla siz pulunuza qənaət etmiş olursunuz.

NƏQLİYYAT

İctimai nəqliyyatdan istifadəyə üstünlük verin. «İşə gedərkən imkan daxilində qatardan, yaxud velosipeddən istifadə edirəm», — deyə Böyük Britaniyada yaşayan Endryu deyir. «Enerji. Hamının bilməsi gərəkən məqamlar» kitabında vurğulanır ki, «qatar və avtobusla müqayisədə avtomobillər adambaşına minimum üç dəfə çox enerji sərf edir» («Energy: What Everyone Needs to Know»).

Səfərlərinizi planlaşdırın. Əvvəlcədən planlaşdırmaqla səfərlərin sayını azaltmaq və beləliklə də yanacaq, pul və vaxta qənaət etmək olar.

Filippində yaşayan Cetro özü üçün aylıq yanacaq büdcəsini təyin edir. O deyir: «Bunun sayəsində səfərlərimi səmərəli şəkildə planlaşdırmağa məcbur oluram».

GÜNDƏLİK İŞLƏR

İsti suyun istifadəsini azaldın. Aparılan araşdırmaya əsasən, evlərdə suyun isidilməsinə sərf olunan enerji Avstraliya şəhərlərində istifadə olunan ümumi enerjinin 1,3 faizini, məişətdə istifadə olunan ümumi enerjinin isə 27 faizini təşkil edir.

İsti sudan az istifadə etməklə onun isidilməsinə sərf olunan enerjiyə qənaət etmək olar. Cənubi Afrikadan olan Viktor bu fakta əsaslanaraq deyir: «Biz duş qəbul edərkən isti sudan mümkün qədər az istifadə etməyə çalışırıq». Stiven Kenvey adlı bir alimin təbirinə görə: «İsti sudan qənaətlə istifadə etmək üçqat qələbədir. Bu, istifadəçilərin enerji və su sərfiyyatını azaldır, istehsalçı şirkətlərin resurslarına qənaət etməyə və pulumuzu cibimizdə saxlamağa kömək edir».

Söndürün. Qənaətin daha bir üsulu işıqları, məişət avadanlıqlarını, televizor və kompüter kimi elektron cihazları söndürməkdir. Çünki onların çoxu hətta gözləmə rejimində belə, enerji sərf edir. Bəzi mütəxəssislər enerjiyə qənaət etmək üçün cihazı şəbəkədən ayırmağı, yaxud söndürmə düyməsi olan elektrik uzadıcıdan istifadə etməyi tövsiyə edir. Yuxarıda adı çəkilən Fernando artıq bunu vərdiş edib. O deyir: «Lazım olmayanda işıqları söndürürəm və istifadə etmədiyim cihazları şəbəkədən ayırıram».

Enerjinin, yanacağın qiymətinin artmasının qarşısını almaq, ətraf mühiti çirklənmədən qorumaq bizdən asılı olmasa da, onlardan düzgün istifadə etmək öz əlimizdədir. Dünyanın bir çox ölkələrində insanlar məhz belə edir. Düzdür, enerjiyə, yanacağa qənaət etmək əlavə zəhmət tələb edir, işimizi qabaqcadan planlaşdırmaq lazım gəlir. Lakin buna dəyər. Meksikada yaşayan Valeriya deyir: «Beləcə, həm pulum cibimdə qalır, həm də ətraf mühiti qorumuş oluram».

^ abz. 10 İsitmə və soyutma cihazlarının istifadə kitabçasındakı təlimata düzgün riayət edin. Çünki bəzi cihazların təmiz hava təminatı və ya ventilyasiya üsulu spesifik olduğundan qapı-pəncərənin açıq saxlanılması tələb oluna bilər.