Kontentə keç

Mündəricatı göstər

Valideynlər və uşaqlar, məhəbbətlə ünsiyyət edin

Valideynlər və uşaqlar, məhəbbətlə ünsiyyət edin

«Qoy hər bir insan eşitməyə hazır olsun, danışmağa və qəzəblənməyə tələsməsin» (YAQ. 1:19).

1, 2. Valideynlər və uşaqlar, adətən, bir-birlərinə hansı hissləri bəsləyirlər, bəs hərdən hansı çətinlik yaranır?

«TUTAQ Kİ, atanızın və ya ananızın sabah öləcəyini öyrənmisiniz, bu gün onlara daha çox nə demək istərdiniz?» Bu sual Birləşmiş Ştatlarda yüzlərlə uşağa ünvanlanmışdı. Həmin uşaqların təxminən 95 faizi valideynlərini narahat edəcək problemlər və ya fikir ayrılıqları barədə yox: «Səni incitdiyimə görə məni bağışla», «səni çox istəyirəm», — kimi sözlər deyəcəklərini bildirmişlər («For Parents Only», Şonti Feldan və Liza Rays).

2 Ümumi götürdükdə, uşaqlar valideynlərini, valideynlər isə uşaqlarını sevirlər. Bu cür məhəbbətə, xüsusilə də məsihçi ailələrində rast gəlinir. Valideynlərlə uşaqlar arasında bu cür bağlılığın olmasına baxmayaraq, bəzən ünsiyyət etmək onlar üçün çətin olur. Hətta aralarında açıq və səmimi ünsiyyət olsa da, nəyə görə onlar bəzi mövzular barədə ümumiyyətlə danışmırlar? Yaxşı ünsiyyətin olmasına maneçilik törədən nədir? Bəs bu maneələri necə dəf etmək olar?

ÜNSİYYƏT ETMƏK ÜÇÜN VAXTI SATIN ALIN

3. a) Bir çox ailələrdə yaxşı ünsiyyət qurmaq nə üçün çətindir? b) Nəyə görə qədim İsraildə birgə vaxt keçirmək ailələr üçün problem deyildi?

3 Bir çox ailələr ürəkdən ünsiyyət etmək üçün kifayət qədər vaxt tapmırlar. Ancaq bu, həmişə belə olmayıb. Musa peyğəmbər israilli atalara məsləhət verərək demişdi: «[Allahın sözlərini] övladlarının şüuruna yaxşı-yaxşı yerit. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış» (Qanun. t. 6:6, 7). Həmin dövrdə uşaqlar vaxtlarını ya bütün günü anaları ilə evdə keçirir, ya da atalarının iş yerində və ya tarlada onunla birgə işləyirdilər. Uşaqların və valideynlərin birlikdə olmaq və ünsiyyət  etmək üçün bolluca vaxtları olurdu. Nəticədə, valideynlərin uşaqlarının tələbatlarını və arzularını, eləcə də necə insan olduqlarını öyrənmək imkanları yaranırdı. Eynilə, uşaqların da valideynlərini daha yaxından tanımağa kifayət qədər vaxtları və fürsətləri olurdu.

4. Bu gün bir çox ailələrdə ünsiyyət nəyə görə problemdir?

4 Bu gün isə həyat tamamilə fərqlidir. Bəzi ölkələrdə uşaqları erkən yaşlarından, hətta iki yaşından bağçaya qoyurlar. Bir çox valideynlər isə işlədikləri üçün evdə tapılmırlar. Bütün ailə bir yerdə olanda da vaxtlarını kompüterə, televizora və ya digər elektron cihazlara sərf edirlər. Əksər hallarda isə uşaqlarla valideynlər arasında münasibət soyuyur və onlar bir-birlərinə yad olurlar. Aralarında ünsiyyət, demək olar ki, yox dərəcəsinə çatır.

5, 6. Uşaqları ilə daha çox vaxt keçirmək üçün bəzi valideynlər vaxtı necə satın alırlar?

5 Ailənlə birgə vaxt keçirmək üçün vaxtı satın ala bilərsənmi? (Efeslilərə 5:15, 16 ayələrini oxu.) Bəzi ailələr öz aralarında qərara gəlirlər ki, televizora və kompüterə ayırdıqları vaxtı azaltsınlar. Digərləri isə birgə vaxt keçirmək üçün gündə, ən azı, bir dəfə süfrə arxasına yığışırlar. Ailəvi ibadət keçirmək isə valideynlərlə uşaqları bir-birinə yaxınlaşdırmaq və ruhani söhbətlər etmək üçün əla fürsətdir. Həftədə ailəvi ibadətə təxminən bir saat vaxt ayırmaq yaxşı başlanğıcdır, ancaq səmimi ünsiyyətə yol açmaq üçün daha çox şey tələb olunur. Belə ki, ünsiyyətə müntəzəm olaraq vaxt ayırmaq mütləqdir. Bundan əlavə, hər səhər məktəbə getməzdən əvvəl uşağı ruhlandırmağın, birgə gündəlik ayəni nəzərdən keçirməyin və dua etməyin də ona böyük faydası olacaq.

6 Bəzi valideynlər övladları ilə daha çox vaxt keçirmək üçün həyatlarında dəyişikliklər etməli olurlar. Məsələn, iki uşaq anası olan Laura * bütün günü işləyirdi, amma övladlarına görə işdən çıxmalı oldu. O deyir: «Əvvəllər hər  səhər hamımız qapıdan çıxaraq kimimiz işə, kimimiz məktəbə gedirdik. Axşam mən evə qayıdanda uşaqlarım artıq yatmış olurdu; adətən, onları dayə yatızdırırdı. İşdən çıxdıqdan sonra pulumuzun az olmasına baxmayaraq, indi mən uşaqlarımın nə düşündüklərini və hansı problemlərlə üzləşdiklərini daha yaxşı bilirəm. Onların dualarına qulaq asır, düzgün istiqamət verir, ruhlandırır və öyrədirəm».

EŞİTMƏYƏ HAZIR OLUN

7. Valideynlər və uşaqlar nədən şikayətlənirlər?

7 Yuxarıda adları çəkilən müəlliflər gənclərlə müsahibələrindən sonra xoş ünsiyyətə maneçilik törədən başqa bir problemin olduğunu da qeyd edirlər. Onların sözlərinə görə, uşaqların çoxu valideynlərinin onları dinləmədiklərindən şikayətlənir. Bu problem heç də birtərəfli deyil. Çox vaxt övladları ilə ünsiyyət valideynləri də qane etmir. Ünsiyyət qapısını açıq saxlamaq üçün ailə üzvləri bir-birlərini diqqətlə dinləməyi bacarmalıdırlar. (Yaqub 1:19 ayəsini oxu.)

8. Valideynlər uşaqlarına, doğrudan da, qulaq asmaq üçün nə edə bilərlər?

8 Valideynlər, uşaqlarınıza, doğrudan da, qulaq asırsınızmı? Düzdür, yorğun olanda və ya söhbət əhəmiyyətsiz görünəndə bunu etmək çətin olur. Ancaq unutmayın ki, sizin üçün əhəmiyyətsiz kimi görünən bir şey uşağınız üçün çox vacib ola bilər. Dinləmək təkcə uşağın nə dediyinə yox, necə dediyinə də diqqət yetirmək deməkdir. Uşağınızın səsinin tonu, hərəkətləri və mimikası onun hisslərini və düşüncələrini başa düşməyə kömək edəcək. Həmçinin suallar vermək də olduqca vacibdir. Müqəddəs Kitabda deyilir: «Ürəyin düşüncələri dərin sulara oxşar, dərrakəli adam onu çəkib çıxarar» (Sül. məs. 20:5). Uşağınızla həssas məsələlər barədə söhbət edərkən anlayışlı və dərrakəli olmaq xüsusilə vacibdir.

9. Uşaqlar nə üçün valideynlərinə qulaq asmalıdırlar?

9 Uşaqlar, valideynlərinizə itaət edirsinizmi? Allahın Kəlamında yazılıb: «Oğlum, ata tərbiyəsinə qulaq as, ananın öyrətdiklərini kənara atma» (Sül. məs. 1:8). Uşaqlar unutmamalıdırlar ki, valideynləri onları sevir və onların xeyirlərini düşünür (Efes. 6:1). Yaxşı ünsiyyət olanda və valideynlərin onları sevdiyini biləndə itaət etmək uşaqlar üçün asan olur. Uşaqlar, hər-hansı məsələ ilə bağlı nə hiss etdiyinizi valideynlərinizlə bölüşün. Bunun sayəsində onlar sizi başa düşəcəklər. Əlbəttə, siz də onları başa düşməyə çalışmalısınız.

10. Rexavamın nümunəsindən nə öyrənirik?

10 Həmyaşıdlarından məsləhət alarkən diqqətli olmalısan. Çünki onlar eşitmək istədiyin sözləri deyə bilərlər. Amma onların məsləhətinin sənə nəinki heç bir faydası olmaz, hətta zərəri dəyə bilər. Yaşlı insanlardan fərqli olaraq, gənclər müdrikliyə və təcrübəyə malik deyil. Buna görə də bir çoxları verdikləri qərarların gələcəkdə onlara vuracağı zərəri qabaqcadan görə bilmirlər. Gəlin Süleyman padşahın oğlu Rexavamın nümunəsini yadımıza salaq. O, İsrailin padşahı seçiləndə yaşlı insanların məsləhətinə qulaq assaydı, müdrik hərəkət etmiş olardı. Amma o, birlikdə böyüdüyü həmyaşıdlarının ağılsız məsləhətlərini üstün tutdu. Nəticədə, Rexavam xalqın dəstəyini itirdi (1 Pad. 12:1—17). Rexavamın seçdiyi yanlış yol ilə getməkdənsə, valideynlərinlə ünsiyyət qapısını açıq saxlamaq üçün əlindən gələni et. Öz fikirlərini valideynlərinlə bölüş. Onların məsləhətlərindən və müdrikliyindən faydalan (Sül. məs. 13:20).

11. Valideynlərin əlçatan olmamaları nə ilə nəticələnə bilər?

 11 Valideynlər, övladlarınızın həmyaşıdlarından məsləhət almasını istəmirsinizsə, onda əlçatan və ünsiyyətcil olun. Bir yeniyetmə bacı yazır: «Valideynlərim oğlan adı eşidən kimi, dərhal təşvişə düşürlər. Buna görə mən də narahat olmağa başlayır və söhbəti davam etdirmək istəmirəm». Digər gənc bacı isə deyir: «Bir çox yeniyetmələr valideynlərindən məsləhət almaq istəyirlər, ancaq görəndə ki, valideynləri onları ciddi qəbul etmir, onda onları başa düşəcək birinin, hətta özlərindən təcrübəsizin yanına gedirlər». Əgər istənilən mövzuda övladlarınızı dinləyib başa düşməyə çalışsanız, çox ehtimal ki, onlar ürəklərini sizə açacaq və məsləhətinizi qəbul edəcəklər.

DANIŞMAĞA TƏLƏSMƏYİN

12. Valideynlərin reaksiyası uşaqları ilə ünsiyyətlərinə necə sədd çəkə bilər?

12 Valideynlərin övladlarının sözlərinə emosional və kəskin reaksiya göstərməsi də ünsiyyətə əngəl yaradır. Bu «axır günlərdə» dünya təhlükələrlə dolu olduğundan məsihçi valideynlər öz övladlarını qorumaq istəyirlər (2 Tim. 3:1—5). Lakin valideynlərin onları qorumaq istəməsi uşaqlara yersiz görünə bilər.

13. Tez-tələsik fikir söyləməmək üçün valideynlər nəyə görə diqqətli olmalıdırlar?

13 Valideynlər fikirlərini dərhal bildirməməklə müdrik davranmış olurlar. Düzdür, uşaqlar valideynləri narahat edən bir şey deyəndə, adətən, susmaq asan olmur. Ancaq cavab verməmişdən qabaq diqqətlə dinləmək vacibdir. Müdrik Süleyman padşah yazmışdır: «Eşitməzdən qabaq cavab vermək səfehlik və rüsvayçılıqdır» (Sül. məs. 18:13). Əgər siz sakitliyinizi qorusanız, uşağınız hər şeyi sizə axıra kimi danışacaq. Beləcə, onlara kömək etməmişdən əvvəl məsələdən tam agah olacaqsınız. Unutmayın ki, düşünmədən tez-tələsik danışmaq ürəyə sağalmaz yara vura bilər (Əyy. 6:1—3). Qayğıkeş bir valideyn kimi, uşaqlarınıza qulaq asaraq onları başa düşün və sözlərinizlə onların yaralarına məlhəm olun.

14. Nəyə görə uşaqlar cavab verməyə tələsməməlidirlər?

14 Uşaqlar, siz də valideynlərinizin dediklərinə dərhal etirazınızı bildirərək cavab verməyə tələsməməlisiniz, çünki Allah onlara sizi tərbiyə etmək məsuliyyətini həvalə edib (Sül. məs. 22:6). Ola bilsin, sənin indi üzləşdiyin vəziyyətlə onlar da nə vaxtsa üzləşiblər. Üstəlik, gənc ikən yol verdikləri səhvlərə görə peşmandırlar və səni bu səhvlərdən var-gücləri ilə qorumağa çalışırlar. Buna görə də valideynlərinə düşmən və rəqib kimi yox, məsləhətçi və dost kimi yanaş. (Süleymanın məsəlləri 1:5 ayəsini oxu.) «Atana və anana hörmət et» və onların səni sevdiyi kimi, sənin də onları sevdiyini göstər. Bu, onların səni «Yehovanın verdiyi tərbiyə və öyüd-nəsihətlə» böyütmələrini asanlaşdıracaq (Efes. 6:2, 4).

QƏZƏBLƏNMƏYƏ TƏLƏSMƏYİN

15. Sevdiklərimizə qarşı səbirli olmağa və sakitliyi qorumağa bizə nə kömək edəcək?

15 Biz sevdiklərimizə qarşı həmişə səbirli olmuruq. Həvari Pavel «Məsihlə vəhdətdə olan Kolosdakı müqəddəs və vəfalı qardaşlara məktub»unda yazmışdı: «Ey ərlər, arvadlarınızı həmişə sevin və onlarla kobud davranmayın. Ey atalar, uşaqlarınızı əsəbiləşdirməyin, yoxsa onlar ruhdan düşərlər» (Kolos. 1:1, 2; 3:19, 21). Efeslilərə isə Pavel məsləhət vermişdi: «Qoy kin, hirs, qəzəb, qışqırıq, təhqiramiz danışıq... sizdən uzaq olsun» (Efes. 4:31). Özümüzdə Allahın müqəddəs ruhunun bəhrəsi olan səbir, həlimlik və təmkinlik kimi xüsusiyyətləri inkişaf  etdirmək, hətta stress altında olanda belə, sakitliyi qorumağa kömək edəcək (Qalat. 5:22, 23).

16. İsa şagirdlərinə necə məzəmmət etdi və bu nə üçün diqqətəlayiqdir?

16 Gəlin İsanın nümunəsinə nəzər salaq. Həvarilərilə son axşam yeməyini yeyərkən onun keçirdiyi güclü gərginliyi bir anlıq təsəvvür edin. İsa cəmi bir neçə saatdan sonra əzablar içində yavaş-yavaş öləcəyini bilirdi. Atasının adının müqəddəs tutulması və bəşəriyyətin xilası onun sadiqliyini qorumasından asılı idi. Ancaq yemək zamanı həvarilərin arasında kimin ən böyük olduğuna dair qızğın mübahisə düşdü. İsa həvarilərinə acıqlanmaq və qışqırmaq əvəzinə, təmkinlə onları məzəmmət etdi. Onlara xatırlatdı ki, bütün sınaqları boyu onunla bir yerdə olublar. Şeytan onları buğda kimi xəlbirlə ələməyi tələb etsə də, İsa əminliklə bildirmişdi ki, şagirdlərinin sadiqliklərini qoruyacaqlarına inanır. O hətta həvarilərilə əhd bağladı (Luka 22:24—32).

Övladlarınızı diqqətlə dinləyirsinizmi?

17. Uşaqlara təmkinli olmağa nə kömək edə bilər?

17 Eynilə, uşaqlardan da təmkinli olmaq tələb olunur. Xüsusilə də, yeniyetməlik yaşlarına qədəm qoyanda onlar fikirləşə bilərlər ki, valideynlərin verdiyi göstəriş kifayət qədər etibarlı deyil. Əgər hərdən sənə də belə gəlirsə, unutma ki, valideynlərinin narahatçılığı onların sənə olan məhəbbətinin təcəssümüdür. Valideynlərinə sakitcə qulaq asmaqla və onlarla əməkdaşlıq etməklə onların hörmətini, eləcə də məsuliyyətli insan adını qazanacaqsan. Bu cür davranışla müəyyən sahələrdə daha çox sərbəstlik əldə edəcəksən. Səbirli olmaq müdriklikdir. Müqəddəs Kitabın bir məsəlində deyilir: «Axmaq həddini aşıb özündən çıxar, hikmətli səbirli dayanar» (Sül. məs. 29:11).

18. Məhəbbət ailələrə yaxşı ünsiyyət qurmağa necə kömək edir?

18 Beləliklə, əziz valideynlər və uşaqlar, əgər ailənizdə ünsiyyət istədiyiniz kimi açıq və səmimi deyilsə, ruhdan düşməyin. Bunun üzərində işləməyə və həqiqət yolunda yeriməyə davam edin (3 Yəh. 4). Yeni dünyada insanlar kamil olduqları üçün aralarında mükəmməl ünsiyyət olacaq, anlaşılmazlıqlar və mübahisələr olmayacaq. Hal-hazırda isə hər birimiz sonradan peşmançılığını çəkdiyimiz səhvlərə yol veririk. Buna görə də üzr istəməyə tərəddüd etməyin. Ürəkdən bağışlayın. Qarşılıqlı məhəbbət telləri ilə birləşin (Kolos. 2:2). Məhəbbət çox güclü keyfiyyətdir. «Məhəbbət səbirli və xeyirxahdır. Məhəbbət... əsəbiləşmir, ona edilən pisliyin hesabını tutmur. [...] Hər şeyə qatlaşır, hər şeyə inanır, hər şeyə ümid edir, hər şeyə dözür» (1 Kor. 13:4—7). Bu cür məhəbbət inkişaf etdirmək ünsiyyətinizi çiçəkləndirəcək, ailənizə sevinc gətirəcək və Yehovanı razı salacaq.

^ abz. 6 Ad dəyişdirilib.