Kontentə keç

Mündəricatı göstər

Yaxşı ünsiyyət vasitəsilə nikahınızı möhkəmləndirin

Yaxşı ünsiyyət vasitəsilə nikahınızı möhkəmləndirin

«Yerində deyilən sözlər, gümüş oymalar içində qızıl almalara bənzər» (SÜL. MƏS. 25:11).

1. Yaxşı ünsiyyətin nikaha hansı faydası var?

«MƏN həyat yoldaşımla vaxt keçirməyə daha çox üstünlük verirəm, — deyə Kanadadan olan bir qardaş danışır. — Onunla hisslərimi bölüşəndə sevincim ikiqat artır, dərd-sərim azalır». Avstraliyadan olan bir qardaş isə bölüşür: «Həyat yoldaşımla birgə keçirdiyimiz 11 il ərzində ünsiyyət etmədiyimiz bir gün belə olmayıb. Aramızda etibarsızlıq, yaxud nikahımızın möhkəmliyinə dair heç bir şübhəmiz yoxdur. Bunun əsas səbəbi tez-tez və dolğun ünsiyyət etməyimizdir». Kosta-Rikadan olan bir bacı qeyd edir: «Yaxşı ünsiyyət nəinki nikahımızı zənginləşdirir, hətta Yehova ilə və bir-birimizlə münasibətlərimizi möhkəmləndirir, bizi şirnikdirici təsirlərdən qoruyur və məhəbbətimizi artırır».

2. Ərlə arvadın ünsiyyətini nə çətinləşdirə bilər?

2 Həyat yoldaşınızla xoş ünsiyyətdən sevinc duyursunuz, yoxsa bunu etmək sizə çətin gəlir? Aydın məsələdir ki, çətinliklər qaçılmazdır, çünki nikah mənsub olduğu mədəniyyətə və aldığı tərbiyəyə görə bir-birindən fərqlənən iki müxtəlif xasiyyətli qeyri-kamil insanın birliyidir (Rom. 3:23). Üstəlik, ərlə-arvadın ünsiyyət tərzi müxtəlif ola bilər. Con Qotman və Nan Silver adlı mütəxəssislər deyirlər ki, «münasibətləri uzun müddət qoruyub saxlamaq üçün cəsarət, qətiyyət və dözümlülük tələb olunur».

3. Nikahlarını möhkəmləndirməkdə ərlə arvada nə kömək edə bilər?

3 Uğurlu nikah ağır zəhmətin bəhrəsidir. Amma bunun nəticəsində ərlə arvad tükənməz sevinc əldə edir. Bir-birini sevən cütlük birgə həyatdan zövq ala bilər (Vaiz 9:9). İshaqla Rebekanın (Rivqa) nikahına nəzər salaq (Yar. 24:67). Ailə qurduqdan bir müddət sonra belə onların bir-birinə olan sevgisi soyumamışdı. Bu gün də nikahda münasibətlərini möhkəm qoruyub  saxlayan bir çox cütlüklər var. Görəsən, onların sirri nədədir? Onlar öz fikirlərini və hisslərini bir-birlərinə açıq və mülayim şəkildə ifadə edir, eləcə də bir-birlərinə anlayış, məhəbbət, dərin hörmət və təvazökarlıq göstərirlər. İndi görəcəyimiz kimi, bu əsas keyfiyyətləri təzahür etdirən cütlüklərin nikahında ünsiyyətə gedən yol həmişə açıqdır.

ANLAYIŞ GÖSTƏRİN

4, 5. Anlayış göstərmək ərlə arvadın bir-birlərini daha yaxşı başa düşmələrinə necə kömək edə bilər? Nümunə çək.

4 Süleymanın məsəlləri 16:20 ayəsində (Yeni Dünya tərcüməsi) deyilir: «Məsələyə anlayışla yanaşan xeyir tapar». Bu prinsipi nikah və ailə həyatına da aid etmək olar. (Süleymanın məsəlləri 24:3 ayəsini oxu.) Ən yaxşı anlayışı və hikməti Allahın Kəlamından əldə edə bilərik. Yaradılış 2:18 ayəsindən görünür ki, Allah qadını kişinin surəti olaraq yox, onu tamamlaması üçün yaradıb. Bu, onun ünsiyyət etmək tərzinə də öz təsirini göstərir. İnsanlar bir-birilərindən fərqlənsələr də, adətən, qadınlar öz hissləri, insanlar və münasibətlər barədə danışmağı xoşlayırlar. Onlar üçün səmimi və sıx ünsiyyət olduqca dəyərlidir; bununla onlar sevildiklərini hiss edirlər. Kişilərin əksəriyyəti isə hissləri barədə danışmağa bir o qədər meyilli deyillər, onlar daha çox iş, problemlər və onların həlli barədə danışmağı xoşlayırlar. Bununla belə, kişilər özlərinə qarşı hörmət gözləyirlər.

5 Böyük Britaniyadan olan bir bacı qeyd edir: «Ərim mənə qulaq asmaq əvəzinə, problemləri dərhal həll etmək istəyir». Bacı izah edir ki, bu, onu çox məyus edir, çünki o, sadəcə ərinin onu dinləməsini və hisslərini başa düşməsini istəyir. Bir ər deyir: «Həyat yoldaşımla təzəcə ailə qurduğumuz zaman mən onun hər bir problemini dərhal həll etməyə çalışırdım. Ancaq çox keçməmiş öyrəndim ki, o, mənim ona diqqətlə qulaq asmağımı istəyir» (Sül. məs. 18:13; Yaq. 1:19). Anlayış göstərən ər arvadının hisslərini nəzərə alacaq və ona uyğun hərəkət etməyə çalışacaq. Həmçinin həyat yoldaşının fikirlərinin və hisslərinin onun üçün dəyərli olduğunu göstərəcək (1 Pet. 3:7). Qadın da, öz növbəsində, ərinin nöqteyi-nəzərini başa düşməyə çalışmalıdır. Ərlə arvad Allahın onlara həvalə etdiyi vəzifəni dərk edəndə, qiymətləndirəndə və onu yerinə yetirəndə onların birliyi ürəkaçan olur. Üstəlik, onlar əl-ələ verib müdrik və tarazlı qərarlar verə bilirlər.

6, 7. a) Vaiz 3:7 ayəsindəki prinsip ərlə arvada anlayış göstərməyə necə kömək edə bilər? b) Qadın dərrakəli olduğunu necə göstərə bilər, bəs ər, öz növbəsində, nə edə bilər?

6 Bir-birlərinə anlayış göstərən cütlüklər dərk edirlər ki, «susmağın öz vaxtı, danışmağın öz vaxtı» var (Vaiz 3:1, 7). On ildir ki, ailə həyatı qurmuş bir bacı öz təcrübəsi ilə bölüşür: «İndi mən problemlər barədə danışmağın nə vaxt uyğun olmadığını başa düşürəm. Görəndə ki, ərimin işi başından aşır, hər hansı problemi açıb ona demək üçün münasib vaxtı gözləyirəm və nəticədə, söhbətimiz yaxşı alınır». Dərrakəli qadın «yerində deyilən sözlər»in daha təsirli və dəyərli olduğunu başa düşərək nəzakətlə danışmağa çalışır. (Süleymanın məsəlləri 25:11 ayəsini oxu.)

Xırda işlər nikahda böyük səmərə verə bilər

7 Məsihçi ər təkcə arvadına qulaq asmaqla kifayətlənməməli, həmçinin öz hisslərini aydın şəkildə bölüşməlidir. 27 ildir ki, evli olan bir ağsaqqal deyir: «Ürəyimdəkiləri həyat yoldaşımla bölüşmək üçün əlimdən gələni edirəm». 24 ildir ailə qurmuş bir qardaş, adətən, problemlər barədə danışmağı xoşlamadığını deyir. O fikirləşirdi ki, problemlər barədə danışmasa, onlar öz-özünə yox olacaq. Ancaq qardaş əlavə edərək deyir: «Mən hisslərimi büruzə verməyimin zəiflik əlaməti olmadığını başa düşdüm. Fikirlərimi ifadə etməkdə çətinlik çəkəndə düzgün sözlər tapmaq və onları düzgün tərzdə ifadə etmək üçün dua edirəm. Sonra dərindən  nəfəs alıb danışmağa başlayıram». Münasib məqam seçmək də olduqca vacibdir. Məsələn, ərlə arvad bunu təklikdə gündəlik ayəni müzakirə edərkən və ya Müqəddəs Kitabı oxuyarkən edə bilərlər.

8. Ünsiyyətlərini yaxşılaşdırmaq istəklərinin olması üçün ərlə arvada nə kömək edə bilər?

8 Həm ərin, həm arvadın dua etməsi və ünsiyyət etmək bacarığını yaxşılaşdırmağa can atması olduqca vacibdir. Əmin ola bilərsiniz ki, əvvəlki vərdişləri tərgitmək elə də asan olmayacaq. Ancaq əgər ərlə arvad Yehovanı sevirsə, Ondan müqəddəs ruh diləyirsə və evliliklərinə müqəddəs bir şey kimi yanaşırsa, onda onlarda belə bir istək yaranacaq. 26 ildir ki, ərdə olan bir bacı deyir: «Ərimlə mən Yehovanın nikaha olan nöqteyi-nəzərinə ciddi yanaşdığımız üçün ayrılmaq heç ağlımızın ucundan belə keçmir. Bu səbəbdən problemləri birgə müzakirə edərək həll etmək üçün çoxlu güc sərf edirik». Allaha bu cür sadiq qalan cütlüklər Onu sevindirəcək və Ondan xeyir-dua alacaqlar (Məz. 127:1).

MƏHƏBBƏT İNKİŞAF ETDİRİN

9, 10. Ərlə arvad aralarındakı məhəbbət tellərini necə möhkəmləndirə bilərlər?

9 «Kamil birlik yaratmağa» qadir olan məhəbbət nikahda ən vacib keyfiyyətdir (Kolos. 3:14). Ərlə arvad yaxşı və pis gündə birgə addımladıqca əsil məhəbbət daha da artır. Onlar yaxın dost olur və birlikdə olmaqdan sevinc duyurlar. Əslində, nikahı möhkəmləndirmək üçün, filmlərdə və televiziyada göstərildiyi kimi, böyük işlər görmək tələb olunmur. Bunun üçün daima xırda işlər görmək, məsələn, bir-birini səmimi-qəlbdən qucaqlamaq, xoş söz söyləmək, diqqət göstərmək, gülərüz olmaq və qayğı ilə: «Günün necə keçdi?» — deyə soruşmaq kifayətdir. Bu cür xırda cəhdlər nikahda böyük səmərə verə bilər. 19 ildir ailə səadətinə sahib olan bir cütlük deyir ki, onlar gün ərzində hal-əhval tutmaq üçün bir-birlərinə zəng edir və mesaj yazırlar.

10 Məhəbbət həmçinin cütlükləri bir-birlərini yaxından tanımağa təşviq edir (Filip. 2:4). Qeyri-kamil olmalarına baxmayaraq, bu cür tanışlığın sayəsində onların məhəbbəti birə-beş artır. Adətən, uğurlu nikah yerində saymır, əksinə, zaman keçdikcə zənginləşir və möhkəmlənir. Yaxşı olardı ki, ailəli insanlar özlərindən soruşsunlar: «Həyat yoldaşımı nə dərəcədə yaxşı tanıyıram? İstənilən məsələyə dair onun fikirlərini və hisslərini başa düşürəmmi? İlk dəfə onda məni cəlb edən  keyfiyyətlərin üzərində tez-tezmi düşünürəm?»

HÖRMƏT GÖSTƏRİN

11. Nikahın uğurlu olması üçün hörmət nəyə görə vacibdir? Nümunə çək.

11 Hətta bir-birini sevən ən xoşbəxt cütlüklərin belə nikahı mükəmməl olmur və onlar arasında fikir ayrılığı qaçılmazdır. İbrahimlə Saranın da fikirləri hər zaman üst-üstə düşmürdü (Yar. 21:9—11). Amma bu, onların münasibətlərinə xələl gətirmirdi. Nəyə görə? Çünki onlar bir-birlərinin ləyaqətinə hörmətlə yanaşırdılar. Bunu İbrahimin Sara ilə danışıq tərzindən görmək olar (Yar. 12:11, 13). Sara isə, öz növbəsində, İbrahimə tabe olur və onu ağası hesab edirdi (Yar. 18:12). Ərlə arvad arasında hörmət olmayanda bu, onların danışıq tərzində və səs tonunda özünü büruzə verir (Sül. məs. 12:18). Əgər onlar problemin kökünü həll etməsələr, nikahları faciə ilə nəticələnə bilər. (Yaqub 3:7—10, 17, 18 ayələrini oxu.)

12. Nəyə görə yeni evlənənlər bir-birləri ilə hörmətcil şəkildə danışmaq üçün xüsusilə səy göstərməlidirlər?

12 Yeni evlənənlər bir-birləri ilə mehriban və hörmətcil tərzdə danışmaq üçün xüsusilə səy göstərməlidirlər; beləcə, sərbəst və səmimi ünsiyyət ab-havası yaranacaq. Bir ər izah edir ki, evliliklərinin birinci ilində həyat yoldaşı ilə bir-birilərinin hisslərini, vərdişlərini və tələbatlarını başa düşə bilmirdilər. Bu da bəzən onları məyus edirdi. Ancaq məsələyə tarazlı şəkildə və yumor hissi ilə yanaşmaları bu ər-arvada aralarındakı yaxşı münasibətləri qoruyub-saxlamağa kömək etdi. Həmin ər təvazökarlıq göstərməyin, səbirli olmağın və Yehovaya bel bağlamağın da vacib olduğunu qeyd edir. Bu, hər birimiz üçün necə də gözəl məsləhətdir!

ƏSİL TƏVAZÖKARLIQ GÖSTƏRİN

13. Sağlam və xoşbəxt nikaha sahib olmaq üçün nəyə görə təvazökarlıq vacib amildir?

13 Ərlə arvad arasındakı yaxşı ünsiyyəti bağın içi ilə axan sakit və səssiz suya bənzətmək olar. Su kimi, ünsiyyətin də bu cür axarlı olmasında təvazökarlıq vacib rol oynayır (1 Pet. 3:8). «Təvazökarlıq problemləri həll etməyin ən kəsə yoludur, çünki insanı “bağışla” deməyə təşviq edir», — deyə 11 ildir evli olan bir qardaş deyir. 20 ildir xoşbəxt ailəyə sahib olan bir ağsaqqal bölüşür: «Bəzən “bağışla”  demək, “səni sevirəm” deməkdən daha vacibdir». O əlavə edir: «Tez bir zamanda təvazökarlıq göstərməyi öyrənməyin üsullarından biri dua etməkdir. Həyat yoldaşımla mən birlikdə Yehovaya dua edərkən qeyri-kamil olduğumuzu və Onun necə xeyirxah olduğunu xatırladırıq. Bu sözləri ötəri dilə gətirmək mənə hər şeyə düzgün nöqteyi-nəzərdən baxmağa kömək edir».

Nikahınızda yaxşı ünsiyyəti qoruyub saxlayın

14. Qürur nikaha necə təsir edə bilər?

14 Lakin qürur heç də insanlar arasında barışığa gətirib çıxarmır. İnsanda üzr istəmək istəyini və cəsarətini öldürdüyü üçün qürur ünsiyyətə əngəl yaradır. Qürurlu insan «üzr istəyirəm, məni bağışla» demək əvəzinə, özünə bəraət qazandırır. O, səhvini boynuna almır, əksinə, başqalarını günahlandırır. Kimsə onun xətrinə dəyəndə o, sülhü qorumaq əvəzinə, dərhal inciyir, hətta, ola bilsin, həmin insanı acılamaqla və ya dindirməməklə ondan qisas alır (Vaiz 7:9). Bəli, qürur nikahı uçuruma sürükləyə bilər. Yaxşı olardı ki, Müqəddəs Kitabın: «Allah məğrurlara qarşı çıxır, təvazökarlara isə lütf göstərir», — sözlərini yaddan çıxarmayaq (Yaq. 4:6).

15. Efeslilərə 4:26, 27 ayələrindəki prinsipi tətbiq etməklə ərlə arvad aralarında yaranan fikir ayrılığını necə aradan qaldıra bilərlər?

15 Qürurun heç vaxt bizə üstün gəlməyəcəyini düşünmək sadəlövhlük olardı. Biz bu problemi sezməli və dərhal aradan qaldırmalıyıq. Həvari Pavel məsihçilərə demişdi: «Qoy hirsiniz gün batmamış soyusun, İblisə fürsət verməyin» (Efes. 4:26, 27). Allahın Kəlamına məhəl qoymamaq lazımsız ağrı-acıya səbəb olacaq. «Elə vaxtlar olur ki, biz Efeslilərə 4:26, 27 ayələrini tətbiq etmirik, — deyə bir bacı gileylənir. — Belə hallarda gecəni səhərəcən gözümə yuxu getmir!» Ancaq barışmaq məqsədi ilə problemləri münasib tərzdə müzakirə etmək necə də yaxşı olardı! Əlbəttə, qəzəblərinin soyuması üçün ərlə arvadın bir-birlərinə bir az vaxt vermələri lazım gələ bilər. Həmçinin onlar həlimlik ruhu təzahür etdirmək üçün duada Yehovadan kömək istəməlidirlər. Bunun sayəsində onlar diqqəti öz hisslərinə yox, problemin həllinə cəmləyə biləcəklər. (Koloslulara 3:12, 13 ayələrini oxu.)

16. Təvazökarlıq ərlə arvada bir-birlərinin müsbət cəhətlərini görməyə necə kömək edir?

16 Həlimlik və təvazökarlıq ərlə arvada diqqəti bir-birlərinin müsbət cəhətlərinə cəmləməyə kömək edir. Tutaq ki, qadın xüsusi bacarığa malikdir və o, bu bacarığından öz ailəsinin rifahı üçün istifadə edir. Əgər onun əri həlim və təvazökar olsa, onda arvadının onu alçaltdığını düşünməyəcək, əksinə, ürəkləndirməklə onu sevdiyini və qiymətləndirdiyini göstərəcək (Sül. məs. 31:10, 28; Efes. 5:28, 29). Eyni zamanda həlim və təvazökar arvad da öz qabiliyyətlərini gözə soxaraq ərini alçaltmağa çalışmayacaq. Axı onlar «bir bədən»dirlər, birini incidən şey, o birini də incidir (Mat. 19:4, 5).

17. İndiki zəmanədə nikahların xoşbəxt olmasına və Yehovaya izzət gətirməsinə nə kömək edə bilər?

17 Şübhə yoxdur ki, siz də nikahının, İbrahimlə Saranın, İshaqla Rebekanın nikahı kimi, sözün əsil mənasında, xoşbəxt, uzunömürlü olmasını və Yehovaya izzət gətirməsini istəyirsiniz. Əgər belədirsə, Allahın nikaha dair nöqteyi-nəzərini mənimsəyin. Anlayışı və müdrikliyi Onun Kəlamında axtarın. Bir-birinizdə olan yaxşı keyfiyyətləri qiymətləndirsəniz, məhəbbətiniz birə-beş artacaq (Nəğmə. n. 8:6). Özünüzdə təvazökarlıq xüsusiyyətini yetişdirmək üçün var-gücünüzlə çalışın. Həyat yoldaşınızla hörmətcil tərzdə rəftar edin. Bütün bunlara əməl etsəniz, nikahınız həm sizə, həm də səmavi Atanıza sevinc gətirəcək (Sül. məs. 27:11). Əslində, sizin hissləriniz 27 ildir ki, evli olan bir ərin hissləri ilə üst-üstə düşür. O, həyat yoldaşı barədə yazır: «Onsuz həyatımı təsəvvür edə bilmirəm. Nikahımız günü-gündən möhkəmlənir. Bu, Yehovaya olan məhəbbətimizin və müntəzəm ünsiyyətimizin sayəsindədir».