Etibar edə biləcəyimiz din varmı?
Ola bilsin, hansısa din etibarınızı sarsıtdığından artıq heç bir dinə inanmırsınız. Ancaq əmin olun ki, etibar edə biləcəyiniz din var. İsa peyğəmbər yer üzündə yaşayarkən öz sadiq davamçılarına Allahın qoyduğu qayda-qanunlara uyğun yaşamağı öyrətmişdi. Onun əsil davamçıları, yəni Allahın Kəlamında qələmə alınan qanunlara vicdanla əməl edən insanlar bu gün də var. Bəs bu adamları haradan tapmaq olar?
Əvvəlki məqalələrin birində haqqında bəhs edilən Estel deyir: «Axır ki, mən Müqəddəs Kitabı öyrənməyə başladım. Bu işdə Yehovanın Şahidlərinin mənə çox köməyi dəydi. Müqəddəs Yazılardakı “siz həqiqəti dərk edəcəksiniz və həqiqət sizi azad edəcək” sözlərinin gerçək olduğunu başa düşmək üçün mənə çox vaxt lazım olmadı».
Rey deyir: «Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənərkən başa düşdüm ki, bizim çəkdiyimiz iztirablara görə Allah günahkar deyil. Əsaslı səbəbə görə pisliklərə yol versə də, Haqq-Taalaya şükür edirəm ki, tezliklə onlara son qoyacaq».
Əxlaq dəyərləri tənəzzülə uğramış bu dünyada namuslu yaşamaq asan deyil, amma mümkündür. Bu gün Allahın Kəlamını başa düşüb oradakı məsləhətlərlə yaşamaq istəyən çox insan var. Məhz bu səbəbdən Yehovanın Şahidləri təmənnasız olaraq bütün dünyada milyonlarla insana Allahın Kəlamını anlamağa kömək edirlər. Hər həftə çoxlu sayda insan Müqəddəs Kitabın təlimlərini öyrənir. Nəticədə, onlar Yaradana yaxınlaşır və xoşbəxt həyat sürməyə başlayırlar *.
Yehovanın Şahidlərindən öz dinlərinə nə üçün etibar etdiklərini soruşun?
Nə vaxtsa Yehovanın Şahidlərinə rast gəlsəniz, nə üçün öz dinlərinə etibar etdiklərini soruşun. Onların nəyə inandıqları ilə maraqlanın, sürdükləri həyat tərzinə fikir verin. Sonra isə özünüz qərar verin: sizin etibarınıza layiq din var, ya yox.
^ abz. 5 Ətraflı məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabına baxın.