Kontentə keç

Mündəricatı göstər

MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

«Allah məni unutmadı»

«Allah məni unutmadı»
  • ANADAN OLDUĞU İL: 1922

  • ÖLKƏ: İSPANİYA

  • KEÇMİŞDƏ: KATEXİT

KEÇMİŞİM.

Mən İspaniyanın şimalında yerləşən Bilbao şəhərində orta təbəqəli bir ailədə doğulmuşam. Dörd uşaqdan ikincisi idim. Ailəmiz mömin bir katolik ailəsi idi. Mən hər gün messada iştirak edirdim. 23 yaşımda müəllim oldum. Bu mənim xoşladığım və 40 il məşğul olduğum bir peşə idi. Digər fənlərlə yanaşı, katolik təlimlərini öyrətməyi özümə şərəf bilirdim. Üstəlik, axşamlar katexit xidmətini icra edərək qızları yevxaristiyaya (katolik, pravoslav və anqlikan kilsələrində İsa Məsihin ona iman edənlərlə birlikdə olmağını və iman edənlərin onun qurbanında iştirakını ifadə edir. Təqdis edilmiş çörək və şərab bu ayində İsanın bədəni və qanının rəmzləri olaraq iman edənlərə paylanır) hazırlayırdım.

12 illik evlilikdən sonra həyat yoldaşımı itirdim. Dörd qızımla tək qaldım. Onda cəmi 33 yaşım var idi. Mən təsəllini mənsub olduğum Katolik dinində tapmağa çalışırdım, ancaq bəzi suallar mənə rahatlıq vermirdi. Məsələn: əgər Məsih bizim üçün canını qurban veribsə, onda nəyə görə insanlar hələ də ölürlər? Əgər öləndən sonra yaxşılar göyə gedirsə, nəyə görə Allahın Padşahlığının gəlməsi barədə dua edirik? Və ən əsası, əgər öləndən sonra insan Allahın qərarı ilə ya cənnətə, ya da cəhənnəmə düşürsə, bəs onda sonuncu məhkəməyə nə ehtiyac var?

Bu sualları qarşılaşdığım bəzi keşişlərə verirdim. Onlardan biri mənə dedi: «Bilmirəm. Get baş keşişdən soruş. Bu suallar səni niyə maraqlandırır? Allaha inanırsan, bəsindir. Çox dərinə getmə!» Ancaq mən axtarışlarımı davam edirdim. Buna görə də yezuitlərin, əllincilərin və qnostiklərin mühazirələrinə gedirdim. Amma suallarıma qaneedici cavab ala bilmirdim.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ.

60 yaşım olanda 7 yaşında olan bir şagird məni Yehovanın Şahidlərinin yığıncaq görüşünə dəvət etdi. Orada görüb-eşitdiklərim mənə çox xoş təsir bağışlasa da, işim başımdan aşdığı üçün onlarla daha əlaqə saxlamadım. İki ildən sonra Yehovanın Şahidi olan Xuan və Mayte adlı ər-arvad qapımı döydü. Üç ay ərzində biz sual-cavab şəklində qızğın söhbətlər aparırdıq. Və bundan sonra mən Müqəddəs Kitabı öyrənməyə başladım.

Onlarla hər görüşümü böyük səbirsizliklə gözləyirdim. Yehovanın Şahidlərinin öyrətdiklərinin həqiqət olduğuna əmin olmaq üçün öyrənmə zamanı Müqəddəs Kitabın üç tərcüməsindən istifadə edirdim və hər şeyi dəqiqliklə araşdırırdım. Tezliklə başa düşdüm ki, onilliklər ərzində etdiyim ibadət yanlış idi. Əvvəlki biliklərimlə Müqəddəs Kitabdan öyrəndiklərim arasındakı böyük fərq məni çaş-baş qoymuşdu. Sanki, inanclarım dərin kök atmış ağac kimi, dibindən qoparılıb atılmalı idi.

Mən əsil xəzinə tapmışam

Sonradan ikinci həyat yoldaşım ağır xəstəlik ucbatından öldü. Həmin vaxt mən işimdən ayrıldım və bir müddətlik Bilbaodan çıxıb getdim. Xuan və Mayte də köçüb getdilər. Mən Müqəddəs Kitabı araşdırmağı dayandırsam da, anlayırdım ki, əsil xəzinə tapmışam və onu heç vaxt unutmayacağam.

Təxminən 20 il sonra mənim 82 yaşım olanda Xuan və Mayte Bilbaoya qayıtdılar və mənə baş çəkdilər. Onları görəndə sevincimdən yerə-göyə sığmırdım! Mən gördüm ki, Allah məni unutmayıb və öyrənməni yenidən bərpa etdim. Mən eyni sualları təkrar-təkrar verəndə belə bu cütlük mənə qarşı çox səbirlə yanaşırdılar. Ürəyimdə dərin kök salmış inanclarımı qoparıb çıxartmaq üçün Müqəddəs Kitabdan gətirilən saysız-hesabsız dəlilləri dəfələrlə eşitməyə ehtiyac duyurdum. Həmçinin öyrəndiyim Müqəddəs Kitab həqiqətlərini dostlarım və ailə üzvlərimlə bölüşmək üçün kifayət qədər biliyimin olmasını istəyirdim.

Həyatımda ən xoşbəxt gün yetişdi — 87 yaşımda Yehovanın Şahidlərinin keçirdiyi konqresdə vəftiz oldum. Müqəddəs Kitab əsasında çıxış edən qardaş öz məruzəsini sırf vəftiz olan insanlara ünvanlamışdı. Eşitdiyim çıxış mənə elə güclü təsir bağışladı ki, göz yaşlarımı saxlaya bilmədim. Sanki, Yehova Allah mənimlə birbaşa danışırdı. Vəftizdən sonra çoxlu bacı-qardaşlar yaxınlaşıb məni təbrik edirdilər. Onlardan çoxunu heç tanımırdım da.

MƏNƏ FAYDASI.

Mən həmişə İsa Məsihin «yol» olduğuna inanırdım (Yəhya 14:6). Ancaq Müqəddəs Kitabı araşdırmağın sayəsində bu «yol»un aparıb çıxartdığı Şəxsi — Yehova Allahı tanıdım. İndi mən Allahıma doğma Ata və əziz Dost kimi dua edə bilirəm. «Yehovaya yaxınlaş» * adlı kitabı oxumaq həyatımı tamamilə dəyişdi. Mən onu bir gecənin içində oxudum! Yehovanın mərhəmətli Allah olduğunu öyrənmək məni riqqətə gətirdi.

Həqiqəti axtardığım bu illərə baxanda İsanın sözləri yadıma düşür: «Durmadan diləyin və sizə veriləcək; durmadan axtarın və tapacaqsınız; durmadan qapını döyün və sizə açacaqlar» (Matta 7:7). Hal-hazırda suallarımın cavabını tapmışam və öyrəndiklərimi başqaları ilə bölüşmək mənə sözün əsil mənasında sevinc bəxş edir.

90 yaşım olmasına baxmayaraq, Yehova haqda öyrənəsi hələ çox şey var. Hər dəfə yığıncaq görüşləri keçirilən Padşahlıq zalına getməyim mənim üçün xüsusi hadisədir. Çünki hər dəfə yeni şeylər öyrənirəm və əziz bacı-qardaşlarla görüşürəm. Mən Allahın yaradacağı yerüzü Cənnətdə yenidən müəllimlik etməyin arzusundayam (Vəhy 21:3, 4). Ən çox da istədiyim odur ki, ölən əzizlərimi görüm və Müqəddəs Kitab həqiqətlərini onlara da çatdırım (Həvarilərin işləri 24:15). Bu ahıl yaşımda Yehovanın mənə necə dəyərli hədiyyə bəxş etdiyini onlarla bölüşəcəyim vaxtı böyük səbirsizliklə gözləyirəm!

^ abz. 15 Yehovanın Şahidləri tərəfindən dərc olunur.