Kontentə keç

Mündəricatı göstər

Ərlər, yoldaşınızla incə davranın

Ərlər, yoldaşınızla incə davranın

ƏR YOLDAŞININ xoşbəxtliyi üçün nə etməlidir? Çoxları elə fikirləşir ki, ərin işi evə pul gətirməkdir. Amma bolluq içində yaşayan bəzi xanımlar belə, emosional gərginlik keçirir, hətta qorxuya qapılırlar. Rosa adlı ispaniyalı bir qadın əri haqda deyir: «Ərim başqaları ilə mehriban, mənimlə isə kobud davranırdı». Nigeriyadan olan Coy bölüşür: «Ərimlə sözümüz çəp düşəndə o deyirdi: “Evdə kişi mənəm, nə dedim, odur”».

Bəs yaxşı ər olmaq üçün nə etmək lazımdır? Ər yoldaşı ilə incə davrandığını necə göstərə bilər? (Rut 1:9).

ƏRİN AİLƏDƏ VƏZİFƏSİ

Allah ərlə arvada eyni gözlə baxsa da, Müqəddəs Kitabda deyilir ki, ailədə hər birinin öz vəzifəsi var. Romalılara 7:2 ayəsinə əsasən, ərli qadın qanunla ərinə bağlıdır. Bir çox müəssisələrdə işə nəzarət edən başçı təyin olunduğu kimi, Allah da əri arvadın başçısı təyin edib (1 Korinflilərə 11:3). Buna görə də ər ailədə rəhbərliyi öz üzərinə götürməlidir.

Ey ərlər, Allahın sizə həvalə etdiyi vəzifəni necə icra etməlisiniz? İncildə yazılıb: «Arvadlarınızı həmişə sevin, çünki Məsih də yığıncağı sevdi» (Efeslilərə 5:25). Düzdür, İsa peyğəmbər evli olmayıb, ancaq onun nümunəsi sizə yaxşı ər olmağa kömək edə bilər. Gəlin baxaq necə.

ƏRLƏR ÜÇÜN ƏN GÖZƏL ÖRNƏK

İsa peyğəmbər başqalarına kömək əli uzadırdı. İsa zülm çəkənlərə və problemlərin içində boğulanlara demişdi: «Yanıma gəlin, mən sizə təravət verəcəyəm» (Matta 11:28, 29). Peyğəmbər onların canındakı bütün ağrılarını götürürdü, onlara Allaha yaxınlaşmağa kömək edirdi. Şübhəsiz, çoxları İsanın yardım göstərəcəyinə əmin olduqları üçün onun yanına gəlməyə can atırdılar.

Ərlər, İsa peyğəmbərin nümunəsini izləyin. Arvadınıza ev işlərində kömək edin. Rosa şikayətlənir: «Mən, elə bil, evin xanımı yox, xadiməsiyəm». Bir çox xanımlar onun fikrinə şərikdir. Xoşbəxt ailəsi olan Kveku isə belə deyir: «Mən arvadımı çox sevirəm və ürəyim gəlmir ki, o, ev işlərini tək görsün. Hər işdə köməyinə çatmağa çalışıram».

İsa peyğəmbər anlayışlı və şəfqətli idi. Bir qadın on iki il pis xəstəlikdən əziyyət çəkirdi. Eşidəndə ki, İsa peyğəmbər möcüzəvi gücə malikdir, öz-özünə fikirləşdi: «Təkcə əbasına toxunsam, sağalacağam». O, haqlı idi. Qadın peyğəmbərə yaxınlaşıb əbasının ətəyinə toxundu və o andaca sağaldı. Bu hadisənin bəzi şahidləri, bəlkə də, düşünürdülər ki, qadın özbaşınalıq edib, lakin İsa peyğəmbər onun naçar olduğunu anlayırdı *. O, mehribancasına qadına dedi: «Bacım,.. qoy bu xəstəlik səni bir də narahat etməsin». İsa peyğəmbər qadını nə utandırdı, nə də məzəmmət etdi, əksinə, onun halına acıdı. O, bu hərəkəti ilə şəfqətli insan olduğunu göstərdi (Mark 5:25—34).

Ərlər, İsa peyğəmbərin nümunəsini izləyin. Əgər həyat yoldaşınız özünü pis hiss edirsə, ona daha çox qayğı və səbir göstərin. Özünüzü onun yerinə qoyun və onu anlamağa çalışın. Rikardo adlı bir ər belə deyir: «Yoldaşımın kövrək olduğunu görəndə xüsusilə çalışıram ki, onun xətrinə dəyməyim».

İsa peyğəmbər şagirdləri ilə ünsiyyət edirdi. İsa peyğəmbər öz dostları ilə tez-tez ünsiyyət edirdi. O demişdi: «Atamdan eşitdiyim hər şeyi sizə bildirdim» (Yəhya 15:15). Düzdür, o fikirləşmək və dua etmək üçün bəzən təkliyə çəkilirdi. Buna baxmayaraq, o, dostları ilə ən məhrəm hisslərini bölüşürdü. Cinayətkar kimi öldürülməzdən öncə İsa peyğəmbər onlara etiraf etmişdi ki, hədsiz kədər içindədir (Matta 26:38). Dostlarının hərəkətləri onu məyus edəndə belə, onlarla ünsiyyətini kəsmirdi (Matta 26:40, 41).

İsa peyğəmbərin nümunəsi üzərində düşünmək kişilərə yaxşı ər və yaxşı ata olmağa kömək edə bilər

Ərlər, İsa peyğəmbərin nümunəsini izləyin. Fikirlərinizi və hisslərinizi ömür gün yoldaşınızla bölüşün. Kimsə şikayətlənə bilər ki, əri başqaları ilə deyib-gülür, evdə isə lal-dinməzdir. Anna adlı bir qadın deyir ki, əri ona ürəyini boşaldanda, o, həqiqətən də, sevildiyini hiss edir və özünü ona daha yaxın bilir.

Susmaqdan silah kimi istifadə edərək həyat yoldaşınızı cəzalandırmayın. Bir qadın deyir: «Ərimin xətrinə dəyəndə o, günlərlə məni dindirmir. Elə davranır ki, mən özümü günahkar və lazımsız hiss edim». İsa Məsihin nümunəsini təqlid etməyə çalışan Edvin adlı bir ər bölüşür: «Görəndə ki, əsəbləşmişəm məsələni həll etmək üçün daha münasib vaxt seçirəm».

Yuxarıda adı çəkilən Coy ərinin Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayandan sonra xeyli dəyişdiyini görüb deyir: «Yoldaşım İsa peyğəmbərin nümunəsini izləyərək çalışır ki, yaxşı ər olsun». Milyonlarla ər-arvad eyni Müqəddəs Kitab təlimindən faydalanır. Bəs siz bu təlimdən faydalanmaq istəyərdiniz? Onda Yehovanın Şahidlərindən sizinlə pulsuz Müqəddəs Kitabı öyrənmələrini xahiş edin.

^ abz. 10 Musanın qanununa əsasən, bu vəziyyətdə olan qadının həm özü, həm də toxunduğu kəslər murdar sayılırdı (Levililər 15:19, 25).