ÜZ QABIĞINDAKI MÖVZU | DUA ETMƏYİN XEYRİ VARMI?
Dua və sən
Ola bilsin, hər hansı bir işə başlamazdan əvvəl fikirləşirsiniz: «Görəsən, bunun mənə bir xeyri olacaq?» Dua barədə də belə fikirləşmək səhv deyil, çünki öz xeyrini düşünmək insana xasdır. Hətta bir dəfə Əyyub peyğəmbər də soruşmuşdu: «Onu çağırsam, mənə hay verərmi?» (Əyyub 9:16).
Əvvəlki məqalələrdən gördük ki, dua sadəcə dini ayin və ya müalicə üsulu deyil. Əgər düzgün şəkildə və düzgün niyyətlə dua etsək, Yaradanımız bizi mütləq eşidəcək. Əslində, O Özü bizi Ona yaxınlaşmağa çağırır (Yaqub 4:8). Bəs duaya ciddi yanaşsaq, hansı faydaları əldə edəcəyik? Gəlin onlardan bəzilərini nəzərdən keçirək.
Qəlb rahatlığı.
Yəqin ki, çoxlarımız problemlərlə üzləşəndə təlaşa düşürük. Müqəddəs Kitab bizi belə hallarda həmişə dua etməyə və diləyimizi Allaha bildirməyə təşviq edir (1 Salonikililərə 5:17; Filippililərə 4:6). Orada həmçinin deyilir ki, əgər Allaha dua etsək, «onda Allahın hər bir ağıldan üstün olan sülhü» ürəyimizi və fikirlərimizi qoruyacaq (Filippililərə 4:7). Ürəyimizi Yaradanımıza boşaltsaq, rahatlıq tapacağıq. Elə Allah Özü də bizi buna səsləyir: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar» (Zəbur 55:22).
«Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar» (Zəbur 55:22).
Çoxları bunu öz üzərlərində hiss ediblər. Cənubi Koreyadan olan Hi Ran deyir: «Problemlərim başımdan aşsa da, dua edən kimi rahatlıq
duyuram, çətinliklərin öhdəsindən gəlmək üçün güc tapıram». Filippində yaşayan Sesiliya bölüşür: «Qızlarıma və yaddaşını itirib məni tanımayan anama görə çox narahatam. Ancaq duanın sayəsində narahatçılıqlarımın öhdəsindən gəlirəm, çünki bilirəm ki, Yehova mənə ailəmin qayğısına qalmağa kömək edəcək».Çətinliklər qarşısında təsəlli və güc.
Ola bilsin, siz də güclü stress keçirir, hətta həyati təhlükələr və ya acınacaqlı vəziyyətlərlə üzləşirsiniz. Belə halda hər cür təsəlli verən Allaha dua etmək rahatlıq gətirəcək. Müqəddəs Kitabda deyilir ki, O, «hər dərdimizdə bizə təsəlli verir» (2 Korinflilərə 1:3, 4). Misal üçün, bir dəfə İsa peyğəmbər güclü narahatçılıq keçirəndə «diz çöküb dua etməyə başladı». Bundan sonra «göydən bir mələk peyda olub onu ürəkləndirdi» (Luka 22:41, 43). Başqa bir nümunə Nəhəmya peyğəmbərdir. Allahın tapşırığını başa çatdırmaması üçün düşmənləri ona hədə-qorxu gəlmişdi. Peyğəmbər: «Ey Allahım, qoluma güc ver!» — deyərək dua etmişdi. Bunun ardınca baş verən hadisələr göstərir ki, Allah ona qorxularını yenməyə və işi uğurla başa çatdırmağa kömək etdi (Nəhəmya 6:9—16). Qanada yaşayan Recenald dua ilə bağlı təcrübəsini bölüşür: «Həyatımın ən çətin anlarında dua edəndə, elə bil, problemlərimi yoluna qoyan, ruhumu dincəldən biri ilə danışıram». Həqiqətən də, biz Yaradanımıza dua edəndə O, bizə təsəlli verir.
İlahi hikmət.
Verdiyimiz bəzi qərarlar həm bizim, həm əzizlərimizin gələcəyinə təsir edə bilər. Bəs düzgün qərar vermək üçün nə edə bilərik? Allahın Kəlamı buyurur: «Əgər sizlərdən kiminsə [sınaqlar zamanı] hikməti çatışmırsa, qoy hər kəsə səxavətlə və qınamadan verən Allahdan diləsin və ona veriləcək» (Yaqub 1:5). Duada Allahdan hikmət diləsək, O, müdrik qərarlar verməyimiz üçün bizə müqəddəs ruhunu verəcək. Biz konkret olaraq Allahdan müqəddəs ruh diləyə bilərik, çünki İsa peyğəmbər bizi əmin edir ki, «göydəki Ata Ondan istəyənlərə müqəddəs ruh» verəcək (Luka 11:13).
İsa peyğəmbər özü də vacib qərarlar verərkən Allahın köməyinə ehtiyac duyurdu. Müqəddəs Kitabda deyilir ki, o, 12 həvarisini seçərkən «bütün gecəni Allaha dua etdi» (Luka 6:12).
İsa peyğəmbər kimi, bu gün də bir çoxları müdrik qərarlar vermək üçün etdikləri duaya Allahın necə cavab verdiyinin şahidi olublar. Filippində yaşayan Recina müxtəlif problemlərlə üzləşmişdi. Ərinin ölümündən sonra ailəsinin yükü onun çiyninə düşmüş, işini itirmiş, uşaqlarını təkbaşına tərbiyə etməli olmuşdu. Bəs müdrik qərarlar verməkdə ona nə kömək etmişdi? O bölüşür: «Dua edib Yehovaya sığınırdım». Qanadan olan Kuabena tikintidə yüksəkmaaşlı işini itirəndən sonra Allahdan kömək diləyirdi. Qarşısında müxtəlif imkanlar açılmışdı. O deyir: «Düzgün qərar vermək üçün mən daim Allaha dua edirdim. Yehova mənə kömək etdi ki, ruhaniliyimə mane olmadan fiziki ehtiyaclarımı ödəyəcəyim bir iş seçim». Allahdan rəhbərlik istəsəniz, yuxarıda gətirilən hissləri siz də keçirəcəksiniz.
Biz dua etməyin yalnız bir neçə faydasını nəzərdən keçirdik. (Daha ətraflı məlumat üçün «Dua etməyin faydaları» çərçivəsinə baxın.) Bu faydaları görmək üçün ilk öncə sizə Allah və Onun niyyətləri haqda bilik almaq lazımdır. Bunun üçün Yehovanın Şahidləri ilə əlaqə saxlayın *. Bu addımı atmaqla «duaları eşidən» Yaradana yaxınlaşa bilərsiniz (Zəbur 65:2).
^ abz. 14 Ətraflı məlumat üçün ərazinizdəki Yehovanın Şahidləri ilə əlaqə saxlayın və ya www.mr1310.com saytına daxil olun.