Kontentə keç

Mündəricatı göstər

ALTINCI FƏSİL

O, ürəyini Allaha boşaltdı

O, ürəyini Allaha boşaltdı

1, 2. a) Nəyə görə Hənnə yola həvəssiz hazırlaşır? b) Hənnənin əhvalatından nə öyrənirik?

HƏNNƏ yola hazırlıq görə-görə fikrini dağıtmağa çalışır. Bu gün gözəl gündür: hər il olduğu kimi, bu il də Hənnənin əri Əlqəna ailəsini götürüb Şiloya, bayram günlərində müqəddəs çadırda ibadət etməyə gedir. Yehova Allah bu cür mərasimlərin xoş ovqatda keçməsini istəyir. (Qanunun təkrarı 16:15 ayəsini oxu.) Sözsüz, Hənnə uşaqlıqdan bu bayramları sevir, amma son illər hər şey dəyişib.

2 Əlqəna Hənnəni çox sevir. Lakin onun Fəninə adında başqa arvadı da var. Bu qadın Hənnənin həyatını zəhərə döndərib, hətta bayram günlərində də onun qəlbinə yara vurmaq üçün fürsət tapır. Gəlin görək o, bunu necə edir və Hənnənin imanı ona bu əzaba dözməyə necə kömək edir. Əgər çətinliklər sizin də sevincinizi əlinizdən alıbsa, onda Hənnənin əhvalatını oxuyun. Oxuduqlarınızdan təsəlli tapacaqsınız.

«Axı niyə ürəyini sıxırsan?»

3, 4. Hənnənin hansı iki dərdi var və nəyə görə onlara dözmək çətindir?

3 Hənnənin iki dərdi var. Birincisinə bəlkə də necəsə çarə qıla bilər, ikincisininsə çarəsi onun əlində deyil. Bir dərdi odur ki, ərinin başqa arvadı da var və bu qadın ona göz verib, işıq vermir. O biri dərdi isə sonsuz olmasıdır. Sonsuzluq övlad istəyən hər bir qadın üçün ağır dərddir. Hənnənin yaşadığı cəmiyyətdə isə bu, daha da ağır dərd idi. Hər bir ailə nəslin davam etməsi üçün ümidini uşağına bağlayırdı. O vaxtlar sonsuzluq rüsvayçılıq sayılırdı.

4 Fəninə olmasaydı, Hənnə bu dərdə birtəhər dözərdi. Çoxarvadlılıq heç bir ailəyə xoşbəxtlik gətirməyib. Belə ailələrdə həmişə rəqabət, çəkişmə və ağrı-acı olub. Çoxarvadlılıq Yehova Allahın Ədən bağında qoyduğu qaydaya, təkarvadlılığa ziddir (Yar. 2:24). Müqəddəs Kitabda çoxarvadlılıq yaxşı bir şey kimi qələmə verilmir. Əlqənanın ailəsində baş verən xoşagəlməz hadisələr buna əyani nümunədir.

5. Nəyə görə Fəninə Hənnəni gözümçıxdıya salıb və o, Hənnənin ürəyinə necə yara vurur?

5 Əlqəna Hənnəni çox sevir. Yəhudi rəvayətinə əsasən, o, əvvəlcə Hənnəni, bir neçə il sonra isə Fəninəni almışdı. Bunun həqiqət olduğunu dəqiq deyə bilmərik, amma bir şey yəqindir: Fəninə Hənnənin paxıllığını çəkir və hər fürsətdən istifadə edib onu yaralayır. Fəninənin Hənnədən üstünlüyü dünyaya övlad gətirməsidir. O, bir-birinin ardınca uşaq doğur və hər dəfə uşağı olanda daha da qürurlanır. O, Hənnənin halına acımaq, ona ürək-dirək vermək əvəzinə, yarasına duz səpir. Müqəddəs Kitabda deyilir ki, Fəninə «onu ələ salıb dilxor edirdi» (1 İşm. 1:6). Onun məqsədi Hənnəyə əzab verməkdir və o, məqsədinə çatır.

Sonsuzluq Hənnənin qəlbini qubar edib, Fəninə isə elə hey onun göynəyən yarasına duz səpir

6, 7. a) Nəyə görə Hənnə Əlqənaya hər şeyi açıb danışmırdı? b) Hənnənin sonsuzluğu Yehovanın ondan narazı olduğunu göstərir? (Haşiyəyə bax.)

6 Hər il Şiloya ziyarətə gedəndə Hənnəni incitmək üçün Fəninənin əlinə girəvə düşürdü. Əlqəna orada kəsdiyi qurbandan Fəninənin oğul-qızlarının hamısına pay verərdi. Övladı olmayan Hənnəyə isə xüsusi pay verərdi. Fəninə Hənnənin qabağında qürrələnər, sonsuz olduğunu başına qaxardı. Yazıq Hənnə də ağlayar, iştahası küsərdi. Əlqəna sevimli arvadının qəm-qüssə içində olduğunu, heç nə yemədiyini görüb ona təsəlli verər, deyərdi: «Hənnə, nə üçün ağlayırsan, niyə yemək yemirsən, axı niyə ürəyini sıxırsan? Məgər mən sənin üçün on oğuldan da artıq deyiləm?» (1 İşm. 1:4—8).

7 Əlqəna həssas qəlbli insan idi. O, Hənnənin kədərinin sonsuzluğu ilə bağlı olduğunu başa düşürdü *. Sözsüz ki, Əlqənanın onu sevdiyini bilmək Hənnəyə xoş idi. Fikir verdinizsə, Əlqəna Fəninənin hərəkətindən söz açmırdı. Hənnə də bu barədə ona heç nə demirdi. Yəqin Hənnə düşünürdü ki, nə isə desə, ancaq özünə pislik etmiş olacaq. Əlqəna bilsəydi, nə dəyişəcəkdi? Birdən Fəninənin, övladlarının və qulluqçularının ona münasibəti daha da pis oldu? Onda Hənnə öz evində özünü yad hiss edərdi.

Evdə pis münasibət görən Hənnə Yehova Allahdan kömək dilədi

8. Kimsə bizə pislik, haqsızlıq edəndə nəyi yadda saxlamalıyıq?

8 Bəlkə də, Fəninənin hərəkətlərindən Əlqənanın xəbəri yox idi, amma Yehova Allah hər şeyi görürdü. Müqəddəs Kitabda göstərilir ki, Allahın gözündən heç nə yayınmır. Bu, paxıllıqdan, acıqdan irəli gələrək kənardan adi görünən hərəkətlərlə başqasını incidən insanlara ciddi xəbərdarlıqdır. Hənnə kimi məsum və sülhsevər insanlar isə əmindirlər ki, vaxtı gələndə adil Allah lazım bildiyi tərzdə hər şeyi öz yoluna qoyacaq. Bunu bilmək onlara təskinlik gətirir. (Qanunun təkrarı 32:4 ayəsini oxu.) Görünür, Hənnə də buna əmin idi, çünki o, kömək üçün Yehova Allaha üz tutdu.

«Artıq onun çöhrəsində kədər olmadı»

9. Hənnənin günüsünə görə ziyarətdən qalmamasından nə öyrənirik?

9 Səhər təzəcə açılıb. Bütün ailə, böyüklü-kiçikli, Şiloya getməyə hazırlaşır. Onlar dağlı-təpəli Əfraim bölgəsində 30 kilometrdən artıq yolu piyada qət etməlidirlər *. Bu səfər haradasa bir-iki gün çəkəcək. Hənnə bilir ki, günüsü bu dəfə də dinc duran deyil. Buna baxmayaraq, ziyarətdən qalmır. Bu, bizim üçün gözəl nümunədir. Heç vaxt yol verməməliyik ki, kiminsə pis rəftarı bizi Yehova Allaha ibadətdən saxlasın. Buna yol versək, çətinliklərə tab gətirməyimiz üçün Yehova Allahın təqdim etdiyi köməkdən özümüzü məhrum etmiş olarıq.

10, 11. a) Nəyə görə Hənnə imkan yaranan kimi müqəddəs çadıra gedir? b) Hənnə necə dua edir?

10 Onlar bütün günü əyri-dolanbac dağ yolları ilə gedərək nəhayətdə Şiloya yaxınlaşırlar. Şilo təpənin üstündə yerləşir, onu hər tərəfdən hündür təpələr əhatə edir. Şəhərə yaxınlaşdıqca yəqin Hənnə Yehova Allaha nə haqda dua edəcəyini fikirləşir. Mənzilbaşına çatanda bütün ailə yeməyə oturur. İmkan yaranan kimi Hənnə Yehova Allahın müqəddəs çadırına gedir. Baş kahin Əli də buradadır, o, qapının yanındakı kürsüdə oturub. Hənnə onu görmür, çünki bütün fikrini duaya cəmləyib. O əmindir ki, burada etdiyi dualar qəbul olunacaq. Heç kim onun dərdini başa düşməsə də, göydəki Yaradan onu yaxşı başa düşür. O, dərddən qəhərini boğa bilməyib ağlamağa başlayır.

11 Hənnə hıçqıra-hıçqıra ağlayaraq ürəyini Yehova Allaha boşaldır. Qəlbində dərdini dilləndirdikcə dodaqları titrəyir. Durmadan dua edib dərd-sərini Allaha ərz edir, Ondan övlad diləyir. Amma Hənnə Allahdan təkcə nə isə ummur, o özü də Allahın yolunda nə isə etmək istəyir. Yehova Allaha nəzir edib deyir ki, oğlu olsa, onu ömürlük ibadətə həsr edəcək (1 İşm. 1:9—11).

12. Dua ilə bağlı nəyi yadda saxlamalıyıq?

12 Hənnə dua etməkdə Allahın bütün xidmətçilərinə gözəl örnəkdir. Yehova istəyir ki, biz valideyninə etibar edən uşaq kimi Ona ürəyimizi açaq, fikirlərimizi, hisslərimizi çəkinmədən Ona bildirək. (Zəbur 62:8; 1 Salonikililərə 5:17 ayələrini oxu.) Müqəddəs Kitabda yazılıb: «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 But. 5:7). Nə xoş sözlərdir!

13, 14. a) Əli hansı səhv qənaətə gəlir? b) Hənnə bizə hansı gözəl nümunəni qoyub?

13 Bəli, heç bir insan Yehova Allah qədər şəfqətli, qayğıkeş ola bilməz. Hənnə göz yaşı tökə-tökə dua edən zaman bir səs onu səksəndirir. Bu səs baş kahin Əlinin səsidir. O, bayaqdan Hənnəni müşahidə edir. Əli onun dodaqlarının tərpəndiyini, ağladığını görüb: «Nə qədər sərxoşluq edəcəksən? Bəsdir şərab içdin!» — deyir. Əli Hənnənin halını soruşmaq əvəzinə, tələm-tələsik nəticə çıxarır, elə bilir ki, o, sərxoşdur (1 İşm. 1:12—14).

14 Bu pərişan halında əsassız ittiham eşitmək, özü də kimin-kimin hörmətli bir adamın dilindən, sözsüz ki, Hənnəyə pis təsir edir. Amma o yol vermir ki, kiminsə səhvi onun Yehova Allaha ibadətinə mane olsun. Bu, bizim üçün gözəl nümunədir! Hənnə hörmətcil şəkildə vəziyyəti Əliyə başa salır. Əli isə səhvini başa düşüb, mülayimcəsinə ona deyir: «Salamat get, qoy İsrailin Allahı səni muradına çatdırsın» (1 İşm. 1:15—17).

15, 16. a) Hənnə ürəyini Allaha boşaldandan sonra nə hiss etdi? b) Qəm-kədər bizi boğanda nə etməliyik?

15 Hənnə müqəddəs çadırda Allaha ürəyini boşaldandan və ibadət edəndən sonra nə hiss etdi? Müqəddəs Kitabda yazılıb ki, Hənnə «getdi və yemək yedi. Artıq onun çöhrəsində kədər olmadı» (1 İşm. 1:18). Hənnənin ürəyinə rahatlıq, yüngüllük çökdü. O, ağır qəm yükünü Qüdrətli Yaradanının üzərinə qoymuşdu. (Zəbur 55:22 ayəsini oxu.) Məgər elə bir müşkül var ki, Allah onu həll edə bilməsin? Xeyr, olmayıb, yoxdur, olmayacaq!

16 Qəm-kədər bizi boğanda Hənnə kimi ürəyimizi duaları eşidən Yehova Allaha boşaltmalıyıq (Zəb. 65:2). İmanla dua etsək, qəm-kədərin yerini «Allahın hər bir ağıldan üstün olan sülhü» tutacaq (Filip. 4:6, 7).

«Allahımız kimi qaya yoxdur»

17, 18. a) Əlqəna Hənnənin nəzir deməsinə necə yanaşır? b) Fəninə nəyi başa düşür?

17 Səhəri gün Hənnə ilə Əlqəna müqəddəs çadıra gedir. Yəqin Hənnə Allaha dediyi nəzir barədə artıq ərinə danışıb. İsraillilərə verilən qanuna əsasən, ər arvadının ondan xəbərsiz verdiyi əhdi ləğv edə bilər (Say. 30:10—15). Amma bu mömin kişi arvadının əhdini ləğv etmir, əksinə, onunla birlikdə müqəddəs çadırda Yehova Allaha ibadət edir, sonra da ailəsini götürüb Ramaya qayıdır.

18 Bəs görəsən, Fəninə nə vaxt başa düşür ki, artıq Hənnənin qanını qaralda bilməyəcək? Bu haqda Müqəddəs Kitabda heç nə deyilmir. Amma «artıq [Hənnənin] çöhrəsində kədər olmadı» sözləri göstərir ki, o gündən etibarən Hənnənin kefi yaxşı olur. Görünür, Fəninə cəhdlərinin boşa çıxdığını tezliklə başa düşür. Bundan sonra Müqəddəs Kitabda bir də Fəninənin adı çəkilmir.

19. a) Hənnə Allahdan hansı payı alır? b) Hənnənin oğluna İşmuil adını verməsi nəyi göstərir?

19 Günlər, aylar keçir. Hənnənin qəlbindəki rahatlıq coşqun sevinclə əvəz olunur. O hamilə qalır. Hənnə bir an belə, yaddan çıxarmır ki, bu övlad ona Yehova Allahdan paydır. Oğlu doğulanda onun adını İşmuil qoyur. Bu adın mənası «Allahın adı» deməkdir. Görünür, Hənnə Allahın adına sığındığı üçün uşağına bu adı verir. Həmin il o, ailəsi ilə birgə Şiloya getmir. Üç il, uşağı süddən ayırana qədər evdə qalır. Sonra isə özünü əziz balasından ayrılacağı günə hazırlayır.

20. Hənnə ilə Əlqəna Yehova Allaha dedikləri nəziri necə yerinə yetirirlər?

20 Hənnə arxayındır ki, müqəddəs çadırda xidmət edən qadınlar İşmuilin qeydinə qalacaqlar. Amma yenə də balasından ayrılmaq onun üçün çətindir. Axı İşmuil hələ çox balacadır. Həm də hansı ana körpəsindən ayrılmaq istəyər? Ancaq Hənnə ilə Əlqəna dedikləri nəziri candərdi yox, ürəkdən yerinə yetirirlər, oğullarını Şiloya gətirib Allaha ibadətə həsr edirlər. Həmçinin Allahın evində qurban kəsirlər. Sonra Hənnənin üç il əvvəl dediyi nəziri Əliyə xatırladaraq İşmuili ona verirlər.

İşmuil xoşbəxt uşaqdır ki, Hənnə kimi anası var

21. Hənnənin duası onun böyük iman sahibi olduğunu necə göstərir? (Həmçinin « Dərin mənalı dualar» adlı çərçivəyə bax.)

21 Sonra Hənnə dua edib Yehova Allahı mədh edir. Allah bu duanı məqbul sayıb Öz Kəlamına yazdırıb. Həmin duanı 1 İşmuil 2:1—10 ayələrində oxuya bilərik. Bu ayələrin hər kəlməsindən Hənnənin böyük iman sahibi olduğu görünür. O, Yehova Allahın möhtəşəm qüdrətini vəsf edir: Allah təkəbbürlü insanları alçaldır, məzlumları ucaldır, kimini ölümə təslim edir, kimini ölümdən qurtarır. Hənnə, həmçinin Allahın müqəddəsliyini, ədalətini və sədaqətini mədh edib deyir: «Allahımız kimi qaya yoxdur». Bəli, Yehova Allah etibarlı Allahdır, Ona üz tutan məzlumlara, fəqirlərə sığınacaqdır. O, heç vaxt dəyişmir!

22, 23. a) Nəyə görə demək olar ki, İşmuil ata-anasının sevgisindən məhrum deyildi? b) Yehova Allah Hənnəyə daha hansı mükafatı verir?

22 İşmuil bəxtəvərdir ki, onun belə imanlı anası var. O, anasından ötrü darıxsa da, heç vaxt özünü atılmış hiss etmir. Anası hər il Şiloya gəlir və müqəddəs çadırda geymək üçün ona öz əli ilə tikdiyi köynəyi gətirir. Köynəyin hər ilməsi ana məhəbbətindən, ana qayğısından xəbər verir. (1 İşmuil 2:19 ayəsini oxu.) Gəlin bir anlığa təsəvvür edək: Hənnə gətirdiyi köynəyi oğluna geyindirir, üstünü sığallayır, balasına məhəbbətlə baxıb şirin-şirin sözlər deyir, onu tərifləyir. Belə bir ananın övladı olmaq əsil xoşbəxtlikdir! İşmuil də böyüyüb valideynləri və bütün İsrail xalqı üçün xeyirli insan olur.

23 Yehova Allah Hənnəyə nəzər salır, ona daha beş övlad nəsib edir (1 İşm. 2:21). Amma Hənnə üçün ən dəyərli şey Yehova Allahla münasibəti, ildən-ilə möhkəmlənən dostluğudur. Gəlin Hənnədən örnək alaq, onda biz də bu cür şərəfə nail olarıq!

^ abz. 7 Müqəddəs Kitabda deyilir ki, Yehova Allah Hənnəyə övlad verməmişdi. Bu, o demək deyil ki, Allah bu mömin və təvazökar qadından narazı idi (1 İşm. 1:5). Bəzən Allahın nəyəsə müvəqqəti olaraq izin verdiyini göstərmək üçün Müqəddəs Kitabda belə yazılır.

^ abz. 9 Ehtimal var ki, Əlqənanın doğma yurdu Rama İsa peyğəmbərin dövründəki Arimatay şəhəri olub. Buna əsasən deyə bilərik ki, Ramayla Şilo arasındakı məsafə 30 kilometr idi.