Kontentə keç

Mündəricatı göstər

BİRİNCİ FƏSİL

Ölsə də, indiyədək danışır

Ölsə də, indiyədək danışır

1. Nəyə görə Adəmlə Həvva və onların övladları Ədən bağına girə bilmirlər və Habilin ən böyük arzusu nədir?

HABİL dağ döşündə otlayan sürüyə baxır. Sonra gözünü sürüdən çəkib uzaqda bərq vuran işıltıya nəzər salır. O, bu işıltının haradan gəldiyini yaxşı bilir. Bu, Ədən bağının girişində gecə-gündüz fırlanan odlu qılıncın işıltısıdır. Bir vaxtlar onun ata-anası o bağda yaşayıb. Amma indi ora nə özləri, nə də övladları girə bilir. Habil səmaya baxıb Yaradan barədə düşünür. Xəfif axşam mehi onun saçını darayır. O düşünür: «Görəsən, Allahla insanlar arasındakı uçurum nə vaxtsa aradan qalxacaq?» Bu günü görmək Habilin ən böyük arzusudur.

2—4. Habil hansı mənada bizimlə danışır?

2 Bu gün Habil bizimlə danışır. Siz onun səsini eşidirsiniz? Deyə bilərsiniz ki, bu, mümkün deyil. Gör Habilin ölümündən nə qədər vaxt keçib. Altı min ilə yaxındır ki, çürüyüb torpağa qarışıb. Müqəddəs Kitabda da deyilir ki, «ölülər heç nə bilmir» (Vaiz 9:5, 10). Üstəlik, Müqəddəs Kitabda Habilin ağzından çıxan bir kəlmə söz belə, yazılmayıb. Bəs onda o, bizimlə necə danışa bilər?

3 Həvari Bulus Allahdan ilham alaraq Habil haqqında demişdi: «Habil ölsə də,.. indiyədək danışır». (İbranilərə 11:4 ayəsini oxu.) O, bizimlə imanı vasitəsilə danışır. Habil yer üzündə ilk iman sahibi olub. O, imanını möhtəşəm şəkildə göstərmişdi. Buna görə də o, canlı örnəkdir, biz ondan çox şey öyrənə bilərik. Əgər Habilin imanını izləsək və ona bənzəməyə çalışsaq, Habilin əhvalatı canlanacaq, bu əhvalatın içindən, sanki, onun səsini eşidəcəyik.

4 Müqəddəs Kitabda Habil haqda bir-iki kəlmə danışılır. Bununla belə, biz ondan, onun imanından çox şey öyrənə bilərik. Gəlin görək nə.

Bəşəriyyətin ilk çağında böyüyən insan

5. Nəyə görə İsa peyğəmbər bəşərin təməlinin qoyulmasını Habillə əlaqələndirmişdi? (Həmçinin haşiyəyə bax.)

5 Habil bəşər tarixinin ilkin çağında dünyaya göz açıb. Sonralar İsa peyğəmbər bəşərin təməlinin qoyulmasını Habillə əlaqələndirmişdi. (Luka 11:50, 51 ayələrini oxu.) Görünür, peyğəmbər günahdan qurtulmağa ümidi olan bəşəriyyəti nəzərdə tuturdu. Habil yer üzündə yaşamış ilk insanlardan dördüncüsü olsa da, görünür, Allahın günahdan azad edilməyə layiq bildiyi ilk insan olub *. Aydın məsələdir ki, Habil üçün gözəl örnək olmayıb.

6. Habilin valideynləri haqqında nə deyə bilərsiniz?

6 Bəşər ailəsi gənc olsa da, bədbəxtlik onları ağuşuna almışdı. Yəqin ki, Habilin ata-anası gözəl və gümrah idilər. Amma onlar həyatlarında ən böyük səhvi etmişdilər və bunu dərk edirdilər. Bir vaxtlar onlar kamil idilər, qarşıda onları əbədi, sonsuz həyat gözləyirdi. Lakin sonra Yehova Allaha qarşı çıxdılar və buna görə də Ədən bağından, cənnətdən qovuldular. Onlar nəfslərinə hakim ola bilmədilər, heç nəyi, hətta övladlarını, gələcək nəsillərini belə, düşünmədilər və kamillikdən, əbədi həyatdan məhrum oldular (Yar. 2:15—3:24).

7, 8. Qabil doğulanda Həvva nə dedi və ola bilsin, o, nəyi nəzərdə tuturdu?

7 Cənnət bağından qovulandan sonra Adəmlə Həvvanın əzablı günləri başladı. Onlar günah işləyəndə Yehova Allah demişdi ki, gələcəkdə «qadından» «övlad» törəyəcək və o, Adəmlə Həvvanı yoldan çıxaran Şəriri məhv edəcək (Yar. 3:15; 4:1). İlk övladı Qabil doğulanda Həvva belə dedi: «Yehovanın köməyi ilə dünyaya insan gətirdim». Yəqin Həvva Yehova Allahın cənnətdə verdiyi həmin vədi nəzərdə tutaraq bu sözləri söyləmişdi. Bəlkə də, o düşünürdü ki, «qadın» onun özü, «övlad» isə Qabildir.

8 Əgər Həvva doğrudan da belə düşünürdüsə, onda o, çox yanılırdı. Üstəlik, Adəmlə Həvva Qabilə bu fikri aşılayırdılarsa, sözsüz ki, Qabilin ürəyində təkəbbür yaranmışdı. Amma ikinci oğlu olanda Həvva onun haqqında bu cür sözlər demədi. Adəmlə Həvva onun adını Habil qoydu. İbrani dilində bu adın mənası «nəfəs», «puçluq» deməkdir (Yar. 4:2). Nəyə görə Adəmlə Həvva ikinci oğullarına bu adı vermişdilər? Bəlkə, Habilə qardaşı Qabil qədər ümid bəsləmirdilər? Ola bilər, amma bunu dəqiq deyə bilmərik.

9. Valideynlər Adəmlə Həvvadan nə ibrət götürməlidirlər?

9 Valideynlər Adəmlə Həvvadan ibrət götürməlidirlər. Valideynlər, siz sözlərinizlə, hərəkətlərinizlə övladınıza nə aşılayırsınız: təkəbbürlü, şöhrətpərəst, xudbin olmağı, yoxsa Yehova Allahı sevməyi və Ona yaxınlaşmağı? Əfsus ki, Adəmlə Həvva valideynlik vəzifəsini layiqincə yerinə yetirə bilmədi. Amma onların övladının gələcəyinə ümid var idi.

Habil imanını möhkəmləndirir

10, 11. a) Qabillə Habil hansı işlə məşğul idilər? b) Habil özündə hansı xüsusiyyəti yetişdirmişdi?

10 Adəm oğullarını kiçik yaşlarından əməyə alışdırmışdı ki, ailəni dolandıra bilsinlər. Qabil əkinçi, Habil isə çoban idi.

11 Amma Habil peşədən daha vacib bir şeyə yiyələnmişdi. O, illər boyu özündə sonralar həvari Bulusun təriflədiyi gözəl bir xüsusiyyəti, imanı yetişdirmişdi. Bir düşünün, Habilə örnək olacaq bir kimsə yox idi. Bəs onda o, imana necə yiyələnmişdi? Ona üç amil kömək etmişdi. Gəlin onları nəzərdən keçirək.

12, 13. Yehova Allahın xəlq etdiyi şeylər Habilə iman sahibi olmağa necə kömək etmişdi?

12 Yehova Allahın yaratdıqları. Torpağı əkib-becərmək çətin idi, çünki Yehova Allah torpağı lənətləmişdi, o, tikan və qanqal bitirirdi. Amma yenə də torpaq Habilin ailəsi üçün bol məhsul verirdi. Bundan əlavə, Allah heyvanları, quşları, balıqları, dağları, dənizləri, çayları, gölləri, səmanı, buludları, günəşi, ayı, ulduzları lənətləməmişdi. Habil hara göz gəzdirirdisə, Yaradanın tükənməz məhəbbətini, hikmətini və kəramətini görürdü. (Romalılara 1:20 ayəsini oxu.) Şübhəsiz, bunlar barədə düşünəndə onun imanı daha da möhkəmlənirdi.

Xilqət Habilə mehriban Yaradana iman etmək üçün əsas verirdi

13 Təbii ki, Habil Yehova Allah barədə düşünürdü. Təsəvvür edin: Habil qoyun otarır. Qoyun otarmaq asan iş deyil, çobanın günü ayaq üstə keçir. O, təpələr aşır, dərələrdən, çaylardan keçir, qoyun-quzunu otu bol, suyu təmiz yerlərə aparır, onları yatırmaq üçün təhlükəsiz yer axtarır. Allahın xəlq etdiyi heyvanların içində qoyun-quzu, sanki, ən köməksizidir! Elə bil, yaranıblar ki, insan onları bəsləsin, qorusun. Yəqin Habil başa düşürdü ki, onun da insandan qat-qat hikmətli, qat-qat güclü Yaradanın rəhbərliyinə, müdafiəsinə və qayğısına ehtiyacı var. Şübhəsiz, o, belə şeylər barədə dua edirdi və bunun sayəsində Allaha olan imanı get-gedə güclənirdi.

14, 15. Habil nələrin üzərində düşünürdü?

14 Yehova Allahın vədləri. Çox yəqin ki, Adəmlə Həvva oğullarına cənnətdən nəyə görə qovulduqlarını danışmışdılar. Buna görə də, ola bilsin, Habil çox şey barədə düşünürdü.

15 Yehova Allah demişdi ki, torpaq lənətlənəcək. Habil tikanları, qanqalları görəndə bu sözlərin yerinə yetdiyinin şahidi olurdu. Həmçinin Allah-Taala söyləmişdi ki, Həvvanın hamiləliyi ağrı ilə keçəcək və o, ağrı içində doğacaq. Həvva dünyaya övlad gətirəndə Habil bu sözlərin də düz çıxdığını görürdü. Yehova Allah onu da demişdi ki, Həvva ərinin məhəbbətinə və diqqətinə hədsiz ehtiyac duyacaq, Adəm isə onun üzərində ağalıq edəcək. Habil bu kədərli səhnəni hər gün öz gözləri ilə görürdü. O, hər dəfə Yehova Allahın sözünün düz çıxdığına şahid olurdu. Bunlar Habilə əsas verirdi ki, Allahın vəd etdiyi övladın gələcəyinə və Ədəndə baş qaldıran qüsurları bir gün düzəldəcəyinə iman gətirsin (Yar. 3:15—19).

16, 17. Habil kərrublardan nə öyrənirdi?

16 Yehova Allahın xidmətçiləri. Düzdür, insanlar arasında Habil üçün örnək yox idi. Amma ona örnək olacaq başqa şüurlu varlıqlar var idi. Adəmlə Həvva Ədən bağından qovulanda Yehova Allah tədbir görmüşdü ki, nə onlar, nə də övladları ora girə bilməsinlər. Buna görə də bağın girişinə yüksək mövqeyə sahib olan mələklər — kərrublar və aramsız fırlanan odlu qılınc qoymuşdu. (Yaradılış 3:24 ayəsini oxu.)

17 Təsəvvür edirsiniz, Habil uşaqlıqdan bu mələkləri müşahidə edirdi! Cismani bədən almış bu mələklərin görkəmindən əzəmət, qüdrət yağırdı. Aramsız fırlanan, alov kimi şölə saçan qılınc da heyrət doğururdu. Bəs görəsən, Habil nə vaxtsa kərrubların bezib yerlərindən ayrıldığını görmüşdü? Xeyr! Günlər, aylar, illər keçsə də, bu şüurlu, qüdrətli varlıqlar yerlərindən tərpənmirdilər. Beləcə, Habil başa düşürdü ki, Yehova Allahın sadiq və saleh qulları var. O görürdü ki, onun ailə üzvlərindən fərqli olaraq, kərrublar Yehova Allaha sadiq və itaətkardırlar. Şübhəsiz, mələklərin nümunəsi Habilin imanını gücləndirirdi.

Habil uşaqlıqdan kərrubların Yehova Allaha sadiq və itaətkar olduğunu görürdü

18. Biz nəyin sayəsində iman yetişdirə bilərik?

18 Yehova Allahın yaratdıqları, Onun vədləri və sadiq mələkləri barədə düşündükcə Habilin imanı güclənirdi. Biz ondan çox şey öyrənə bilərik. Habilin nümunəsi xüsusilə gənclərdə özünəinam hissi yarada bilər. Ailədə heç kim Allahın yolu ilə getməsə də, onlar Habil kimi özlərində əsil iman yetişdirə bilərlər. Bu gün bizim ətrafımızda Allahın yaratdığı gözəlliklər, əlimizdə Müqəddəs Kitab, gözümüzün qabağında çoxlu iman örnəkləri var. Bütün bunlar bizə özümüzdə iman yetişdirməyə kömək edir.

Habilin qurbanı

19. Vaxt keçdikcə Habil nəyi başa düşdü?

19 Habilin Yehovaya imanı artdıqca ürəyində bu imanı necəsə göstərmək arzusu yaranırdı. Amma adi bir insan yeri-göyü yaradana nə verə bilər? Axı Allah heç kimin bəxşişinə, köməyinə möhtac deyil. Vaxt keçdikcə Habil vacib bir şeyi başa düşdü: əgər o, təmiz niyyətlə sahib olduğu ən yaxşı şeyi Allaha versə, Allah ondan razı qalacaq.

Habil imandan irəli gələrək qurban gətirmişdi, Qabil isə yox

20, 21. Qabillə Habil Yehova Allaha nə qurban gətirdilər və Allah onların qurbanına necə yanaşdı?

20 Habil Allaha qurban gətirmək üçün sürüsündən bir neçə qoyun seçdi. Qoyunların birinci balalarını, sürüsünün ən yaxşı qoyunlarını kəsib ən yaxşı saydığı tikələri ayırdı. Qabil də Allahın lütfünü və xeyir-duasını almaq istəyirdi. Buna görə də əkib-becərdiyi torpağın məhsulundan təqdimə hazırladı. Amma Qabilin niyyəti Habilin niyyətindən fərqlənirdi. Onlar qurbanlarını Allaha təqdim edən zaman bu üzə çıxdı.

21 Ola bilsin ki, Adəmin hər iki oğlu qurbangah düzəltmişdilər, qurbanlarını onun üstünə qoyub yandırmışdılar. Güman ki, bütün bu şeylər o vaxt Yehova Allahın yerdə yeganə elçisi olan kərrubların gözü qarşısında baş verirdi. Yehovadan cavab gəldi! Müqəddəs Kitabda yazılıb: «Yehova Habildən və onun bəxşişindən razı qaldı» (Yar. 4:4). Lakin bunu necə göstərdiyi barədə orada heç nə yazılmayıb.

22, 23. Nəyə görə Yehova Allah Habilin qurbanını qəbul etdi?

22 Bəs nəyə görə Yehova Allah məhz Habilin qurbanını qəbul etdi? Bəlkə onun gətirdiyi qurbana görə? Habil Allaha canlı varlıq, heyvan qurban gətirdi, onun qiymətli qanını axıtdı. Görəsən, Habil bu cür qurbanın gələcəkdə nə qədər dəyərli olacağını başa düşürdü? Əsrlər sonra Allah qüsursuz quzu qurbanı gətirmək barədə qanun verdi. Bu qurban Allahın kamil Oğlunun, «Allahın quzusu»nun qurbanlığını təmsil edirdi. Onun günahsız qanı axıdılacaqdı (Yəh. 1:29; Çıx. 12:5—7). Sözsüz ki, bunların çoxu Habil üçün qaranlıq idi.

23 Amma bir şeyi dəqiq bilirik ki, Habil sahib olduğu ən dəyərli şeyi Allaha qurban gətirmişdi. Yehova Allah yalnız Habilin qurbanından yox, onun özündən də razı idi. Çünki Habili qurban gətirməyə Yehova Allaha məhəbbət və iman sövq etmişdi.

24. a) Nəyə görə demək olar ki, qüsur Qabilin qurbanında deyildi? b) Qabillə bugünkü əksər insanlar arasında hansı oxşarlıq var?

24 Bəs Qabilin qurbanı haqda nə demək olar? Yehova Allah «Qabildən və onun gətirdiyi bəxşişdən razı qalmadı» (Yar. 4:5). Əslində, qüsur onun gətirdiyi qurbanda deyildi. Çünki Allah sonralar israillilərə verdiyi qanunda torpağın məhsulundan da qurban gətirməyi buyurmuşdu (Lav. 6:14, 15). Qüsur Qabilin özündə idi. Müqəddəs Kitabda yazılıb ki, onun əməlləri pis idi. (1 Yəhya 3:12 ayəsini oxu.) Zəmanəmizdəki adamların çoxu kimi, yəqin, Qabil də düşünürdü ki, üzdən Allah adamı kimi görünmək kifayətdir. Amma tezliklə, əslində, onun Allahı sevmədiyi, Ona iman etmədiyi üzə çıxdı.

25, 26. Yehova Allah Qabili nə barədə xəbərdar etdi və Qabil nə etdi?

25 Qabil Yehova Allahın ondan razı qalmadığını başa düşəndə nə etdi? Habilə baxıb bir şey öyrəndi? Xeyr, onun ürəyində qardaşına qarşı nifrət alovlandı. Yehova Allah onun ürəyindəkiləri görürdü. O, səbirlə Qabilə öyüd-nəsihət verdi, onu xəbərdar etdi ki, belə getsə, ağır günaha yol verəcək. Həmçinin Allah Qabili əmin etdi ki, əgər özünü düzəltsə, Onun gözündə ucalacaq (Yar. 4:6, 7).

26 Lakin Qabil Allahın xəbərdarlığına məhəl qoymadı. Onun mənfur niyyətindən bixəbər olan qardaşını çöllüyə çağırdı və üstünə hücum çəkib onu öldürdü (Yar. 4:8). Habil, demək olar ki, iman yolunda ilk qurban, ilk şəhid oldu. Habil ölsə də, onun həyat hekayəsi bitməyib.

27. a) Nəyə əsasən deyə bilərik ki, Habil diriləcək? b) Cənnətdə Habili görmək üçün nə etməliyik?

27 Məcazi dillə desək, Habilin qanı torpaqdan Yehova Allaha fəryad edib onun qisasını almağı diləyirdi, ədalət istəyirdi. Allah ədaləti bərqərar etdi, Qabili cəzasız qoymadı (Yar. 4:9—12). Habilin iman hekayəsi bu gün bizimlə danışır. Habil o dövr üçün çox qısa ömür sürsə də, təxminən yüz il yaşasa da, Allahı razı salan ömür yaşadı. O öləndə də əmin idi ki, Allah onu sevir, ondan razıdır (İbr. 11:4). Sözsüz ki, Habil Allahın yaddaşındadır. Vaxt gələcək, Allah onu yer üzündəki Cənnətdə dirildəcək (Yəh. 5:28, 29). Cənnətdə Habili görmək üçün bu gün onun səsinə qulaq verməli və gözəl imanını örnək götürməliyik.

^ abz. 5 «Bəşərin təməlinin qoyulması» ifadəsi əsas etibarı ilə toxum axıtma, yəni nəsilartırma mənasını daşıyır və ilk insanın dünyaya gəlməsinə aiddir. Bəs onda nəyə görə İsa peyğəmbər bəşərin təməlinin qoyulmasını Adəmin ilk övladı Qabillə yox, ikinci övladı Habillə əlaqələndirmişdi? Çünki Qabil qərarları və hərəkətləri ilə bilərəkdən Yehova Allaha qarşı çıxmışdı. Ata-anası kimi, o da dirilməyə və əfvə layiq deyildi.