Kontentə keç

Mündəricatı göstər

ON SƏKKİZİNCİ FƏSİL

O, eşitdiklərinin mənası üzərində düşünürdü

O, eşitdiklərinin mənası üzərində düşünürdü

1, 2. Məryəmgil hara gedir və nəyə görə Məryəmə yol getmək çətindir?

MƏRYƏM neçə saatdır ki, ulağın belində yol gedir, o, çox yorğundur. Yusif qabaqda gedir. Onların səfəri Beytləhmədir. Məryəm yenə bətnində uşağın tərpəndiyini hiss edir.

2 Məryəm hamiləliyinin sonuncu ayındadır. İncildə yazılıb: «Məryəm bir azdan doğmalı idi» (Luka 2:5). Yusiflə Məryəm tarlaların yanından keçdikcə yəqin yer şumlayan, toxum səpən kəndlilər Məryəmi görüb fikirləşirlər ki, nə üçün bu qadın belə vəziyyətdə yola çıxıb. Doğrudan da, Məryəmi Nasirədən çıxıb uzaq səfərə yollanmağa nə vadar edib?

3. Məryəm hansı tapşırığı almışdı və bu fəsildə biz onun haqqında nə öyrənəcəyik?

3 Bir neçə ay bundan qabaq bu cavan yəhudi qız hələ heç kəsin almadığı bir tapşırıq almışdı. O, Allahın Oğlunu, gələcək Məsihi dünyaya gətirməli idi (Luka 1:35). Doğuş vaxtı yaxınlaşanda bu səfərə çıxmaq lazım gəldi. Qarşıda Məryəmi imanını sınağa çəkən çətinliklər gözləyir. Gəlin görək ona imanını qorumağa nə kömək edir.

Beytləhm səfəri

4, 5. a) Yusiflə Məryəm nəyə görə Beytləhmə gedir? b) Sezarın fərmanı hansı peyğəmbərliyin yerinə yetməsinə yol açdı?

4 Bu ərəfədə yola çıxan təkcə Yusiflə Məryəm deyil. Bu yaxınlarda Sezar Avqust ölkə əhalisinin siyahıya alınması ilə bağlı fərman verib. Fərmana görə, hər kəs əslən mənsub olduğu şəhərə gedib qeydiyyatdan keçməlidir. Yusif də bu əmrə tabe oldu. Müqəddəs Kitabda yazılıb: «Yusif də Davud evindən və nəslindən olduğuna görə Cəlilənin Nasirə şəhərindən çıxıb Yəhudiyyəyə, Davudun Beytləhm adlanan şəhərinə yola düşdü» (Luka 2:1—4).

5 Fərmanın məhz bu vaxt çıxması təsadüfi deyildi. Təxminən yeddi yüz il əvvəl Mikə peyğəmbər demişdi ki, Məsih Beytləhmdə doğulacaq. Maraqlıdır ki, Nasirədən cəmi 11 kilometr aralıda Beytləhm adlı bir şəhər var idi. Lakin peyğəmbərlikdə deyilmişdi ki, Məsih Beytləhm Əfratda doğulacaq. (Mikə 5:2 ayəsini oxu.) Nasirədən Beytləhm Əfrat kəndinə getmək üçün, Səməriyyədən keçərək dərəli-təpəli yollarla təxminən 130 kilometr yol qət etmək lazım idi. Yusifgil qeydiyyatdan keçmək üçün məhz Beytləhm Əfrata getdilər. Çünki hər ikisi əslən Beytləhm Əfratdan olan Davud padşahın nəslindən idilər.

6, 7. a) Nəyə görə yola çıxmaq Məryəmə çətin idi? b) Məryəmin ərdə olmağı həyatına necə təsir etdi? (Həmçinin haşiyəyə bax.)

6 Hamilə vəziyyətdə yola çıxmaq Məryəm üçün çətin olsa da, o, Yusifin qərarı ilə razılaşdı. Ehtimal ki, həmin vaxt oktyabr ayının əvvəli idi. Quraqlıq mövsümünün axırları idi, yəqin narın yağışlar yağırdı. Üstəlik, Beytləhm təpənin başında, 760 metr yüksəklikdə yerləşirdi. Bir neçə gün yol gedəndən sonra təpənin başına qalxmaq Məryəmə çox çətin olacaqdı. Ehtimal ki, səfər adətən olduğundan çox çəkəcəkdi, çünki Məryəmə ara-sıra dayanıb dincəlmək lazım gələcəkdi. Adətən hamilə qadınlar doğmağa az qalmış evdən uzağa getmirlər, ailələrinin, dostlarının yanında olurlar ki, doğuş sancıları tutanda onlara kömək edən olsun. Şübhəsiz, Məryəmin uzun səfərə çıxması cəsarətli addım idi.

Beytləhmə səfər asan deyildi

7 Bütün bu çətinliklərə baxmayaraq, Yusif Məryəmlə birlikdə qeydiyyatdan keçməyə getdi. Müqəddəs Kitabda yazılıb ki, o, artıq Məryəmlə evlənmişdi (Luka 2:4, 5). Məryəm ərdə olduğu üçün daha təkbaşına qərar verə bilməzdi. O, ərini ailənin başçısı hesab edir və Allahın ailədə bir qadın kimi ona ayırdığı rolu icra edərək ərinin qərarlarını dəstəkləyirdi *. Beləcə, Məryəm ərinə itaət etməklə imanlı qadın olduğunu göstərdi.

8. a) Ola bilsin, Məryəm hansı səbəblərə görə Beytləhmə getməyə razı olmuşdu? b) Məryəm Allahın xidmətçilərinə nədə örnək qoyub?

8 Maraqlıdır, Məryəm yalnız ərinə tabe olduğu üçün yola çıxmışdı? Bəlkə, o, Məsihin Beytləhmdə doğulacağı barədə peyğəmbərliyi bilirdi? Müqəddəs Kitabda bu barədə heç nə deyilmir. Bəlkə də, bilirdi, çünki din rəhbərlərindən tutmuş adi adamlara kimi, hər kəsin bu peyğəmbərlikdən xəbəri var idi (Mət. 2:1—7; Yəh. 7:40—42). Həmçinin Məryəm Müqəddəs Yazıları da yaxşı bilirdi (Luka 1:46—55). Ola bilsin, Məryəm ya ərinə itaət etdiyi üçün, ya fərmana tabe olduğu üçün, ya Allahın peyğəmbərliyinin yerinə yetməsi üçün, ya da bütün bu səbəblərə görə Beytləhmə yola düşməyə razılaşdı. Səbəb nə olursa olsun, əsas odur ki, o, bu hərəkətilə hamımıza gözəl örnək qoyub. Yehova Allah həm kişidə, həm də qadında itaətkarlığı və həlimliyi çox qiymətləndirir. Məryəm Allahın bütün xidmətçiləri üçün gözəl örnəkdir, çünki yaşadığımız zəmanədə insanların əksəriyyəti heç kimə tabe olmaq istəmir.

Məsih doğulur

9, 10. a) Beytləhmə yaxınlaşdıqca, ola bilsin, Yusiflə Məryəm nə haqda düşünür? b) Yusiflə Məryəm harada gecələməli olur və nəyə görə?

9 Yəqin Məryəm uzaqdan Beytləhmi görəndə rahat nəfəs alır. Onlar təpənin başına qalxır, zeytunluqlardan keçirlər. (Zeytun ən axırda yığılan məhsullardan biri idi.) Yəqin yuxarı qalxa-qalxa bu balaca kəndin tarixi barədə düşünürlər. Mikə peyğəmbərin dediyi kimi, bu yer Yəhuda şəhərləri arasında adı çəkilməyəcək qədər kiçikdir. Amma təxminən min il qabaq burada Buəz, Naimə, Davud padşah dünyaya gəlmişdi.

10 Məryəmlə Yusif kəndə girir. Kənd adamla doludur. Camaat qeydiyyatdan keçməyə gəlib. Odur ki, Yusiflə Məryəm mehmanxanada yer tapa bilmir *. Onlar əlacsız qalıb tövlədə gecələməli olurlar. Məryəm ömründə keçirmədiyi ağrılar keçirir, ağrı get-gedə artır. Yəqin arvadının əzab çəkdiyini görəndə Yusif çox pis olur. Belə bir yerdə, tövlədə Məryəmin doğuş sancıları başlayır.

11. a) Nəyə görə qadınlar Məryəmin nələr keçirdiyini başa düşə bilər? b) İsa Məryəmin o biri uşaqlarından nə ilə fərqlənirdi?

11 Məryəmin nələr keçirdiyini qadınlar yaxşı başa düşər. Təxminən dörd min il əvvəl Yehova Allah demişdi ki, bütün qadınlar günah ucbatından doğuş zamanı kəskin ağrılar keçirəcək (Yar. 3:16). Məryəm də adi qadın idi. Həvari Luka Məryəmin keçirdiyi ağrıları təsvir etməyib, sadəcə yazıb ki, «Məryəm bir oğlan uşağı doğdu. Bu, onun ilki idi» (Luka 2:7). Bəli, bu, onun ilki idi. Məryəmin ən azı yeddi uşağı olmuşdu və bu uşaq onlardan birincisi idi (Mark 6:3). Amma bu uşaq o birilərdən fərqlənirdi. O, təkcə Məryəmin ilki deyildi, həm də bütün xilqətin ilki, Yehova Allahın yaratdığı ilk varlıq idi (Kol. 1:15).

12. a) Məryəm uşağı doğandan sonra hara qoydu? b) İsanın doğulması necə təsvir olunur, bəs əslində necə olub?

12 Müqəddəs Kitabda yazılıb ki, Məryəm «uşağı bələyib tövlədə axura qoydu» (Luka 2:7). İsanın doğulması Milad tamaşalarında, rəsm əsərlərində və filmlərdə çox sentimental, reallıqdan uzaq təsvir olunur. Gəlin görək əslində necə olub. Qeyd etdiyimiz kimi, Yusiflə Məryəm tövlədə gecələməli olur. Adətən tövlədə havasızlıq olur, təmizlikdən isə danışmağa dəyməz. Məryəm uşağı doğandan sonra onu axura, heyvanların yemləndiyi yerə qoyur. Hansı valideyn övladının tövlədə doğulmağını istəyər?! Əksər valideynlər uşaqlarına ən gözəl şeyləri arzulayırlar. Əlbəttə ki, Yusiflə Məryəm də Allahın Oğluna ən yaxşı şeyləri bəxş etmək istəyərdilər.

13. a) Məryəmlə Yusif çətin vəziyyətdə necə davrandılar? b) Hikmətli valideyn Yusiflə Məryəmdən nədə örnək almalıdır?

13 Vəziyyət nə qədər çətin olsa da, onlar bu vəziyyətlə barışdılar və nə bacardılarsa, onu elədilər. Diqqət yetirək ki, Məryəm özü uşağın qayğısına qaldı, onu səliqə ilə bələdi, ehmalca axura qoydu ki, isti və rahat yerdə yatsın. Məryəm hətta belə çətin şəraitdə uşağı üçün əlindən gələni etdi. Məryəm də, Yusif də yaxşı bilirdi ki, ən vacibi uşaqlarına Yehova Allaha sevgi aşılamaqdır. (Qanunun təkrarı 6:6—8 ayələrini oxu.) Allaha ibadətin vacib sayılmadığı bu dünyada hikmətli valideyn övladının tərbiyəsində ruhani dəyərlərə önəm verməlidir.

Yusiflə Məryəm ruhlanır

14, 15. a) Nəyə görə çobanlar tələm-tələsik Beytləhmə gəliblər? b) Çobanlar uşağı görəndə nə edirlər?

14 Qəfildən tövlədəki sakitlik pozulur. Bir dəstə çoban tələsik tövləyə girir. Onlar Yusiflə Məryəmi, ən əsası isə uşağı görməyə gəliblər. Onlar həyəcan içindədirlər, sevincdən üzləri işıq saçır. Çobanlar qoyun otardıqları təpələrdən qaçıb gəliblər *. Təəccüb içində olan Yusiflə Məryəmə bir az əvvəl gördükləri möcüzəni nəql edirlər. Gecəyarısı qəfildən onların qarşısında bir mələk peyda olmuşdu. Yehova Allahın calalı ətrafa nur saçmışdı. Mələk çobanlara demişdi ki, indicə Beytləhmdə Məsih doğulub. Onlar onu axurun içində, bələkdə tapacaqlar. Sonra çox möhtəşəm bir şey baş vermişdi, saysız-hesabsız mələklər peyda olub Allahı mədh etmişdi (Luka 2:8—14).

15 Tələm-tələsik Beytləhmə gələn bu sadəqəlbli adamlar mələyin təsvir etdiyi kimi körpəni axurda görəndə yəqin çox sevinirlər. Onlar eşitdikləri şad xəbəri gizlətmirlər. Müqəddəs Kitabda yazılıb: «Mələyin... söylədiklərini onlara danışdılar. Çobanların dediklərini eşidənlər mat-məəttəl qaldılar» (Luka 2:17, 18). O vaxt din xadimləri çobanları adam yerinə qoymurdular. Amma Yehova Allah bu sadəqəlbli, imanlı insanlara dəyər verirdi. Görəsən, çobanların ziyarəti Məryəmə necə təsir edir?

Yehova Allah bu sadəqəlbli, imanlı insanlara dəyər verirdi

16. Məryəmin dərin düşünən insan olduğu nədən görünür və möhkəm iman sahibi olmağa ona əsasən nə kömək etmişdi?

16 Məryəm halsız olsa da, çobanların hər kəlməsinə diqqətlə qulaq asır. O, sadəcə qulaq asmır, eşitdiklərini ürəyində saxlayır, onların mənası üzərində düşünür (Luka 2:19). Məryəm dərin düşünən qadındır. O başa düşür ki, mələyin çatdırdığı xəbər çox vacib xəbərdir. Yehova Allah istəyir ki, Məryəm oğlunun necə vacib şəxsiyyət olduğunu bilsin. Bu səbəbdən Məryəm eşitdiklərini ürəyində saxlayır ki, gələcəkdə onların üzərində düşünsün. Məhz buna görə Məryəm ömrü boyu imanda möhkəm qaldı. (İbranilərə 11:1 ayəsini oxu.)

Məryəm çobanların hər kəlməsinə diqqətlə qulaq asırdı və bunları ürəyində saxlayırdı

17. Məryəmdən örnək alaraq Müqəddəs Kitabdan oxuduqlarımıza necə yanaşmalıyıq?

17 Biz Məryəmdən örnək almalıyıq. Yehova Allah Öz Kəlamında çox vacib fikirlər yazdırıb. Amma orada yazılanlar bizə fayda gətirsin deyə, onlara düzgün münasibət bəsləməliyik. Müqəddəs Kitabı hər gün oxumalıyıq, ona ədəbi kitab kimi yox, Allahdan nazil olan kitab kimi yanaşmalıyıq (2 Tim. 3:16). Həmçinin Məryəm kimi oradan öyrəndiklərimizi ürəyimizə həkk etməli və onların mənası üzərində düşünməliyik. Əgər Müqəddəs Kitabdan oxuduqlarımız barədə düşünsək və Yehova Allahın nəsihətlərinə necə əməl edəcəyimizi fikirləşsək, imanımız get-gedə güclənəcək.

Məryəmin ürəyi ilahi kəlmələrlə dolur

18. a) Yusiflə Məryəm Musanın Qanununa əsasən, nə edir? b) Yusiflə Məryəmin gətirdiyi qurbandan onların maddi durumu barədə nə öyrənirik?

18 Uşaq səkkiz günlük olanda Yusiflə Məryəm Musanın Qanununa əsasən, onu sünnət edirlər və Cəbrayıl mələyin buyurduğu kimi, adını İsa qoyurlar (Luka 1:31). Uşağın qırx günü tamam olanda onu Beytləhmdən haradasa 10 kilometr aralıda yerləşən Yerusəlimdəki məbədə aparırlar. Qanunda kasıblar üçün nəzərdə tutulan paklanma qurbanını (bir cüt qumru quşu, ya da bir cüt göyərçin) gətirirlər. Bəlkə də, onlar başqa valideynlər kimi qoç qurbanı gətirə bilmədikləri üçün pis olurlar, amma imkanları daxilində Qanunun tələbinə əməl edirlər. Əsas odur ki, məbəddə onların imanı çox möhkəmlənir (Luka 2:21—24).

19. a) Məryəm Şəmunun hansı sözlərini ürəyinə həkk edir? b) Hənnə uşağı görəndə nə edir?

19 Məbəddə Şəmun adında qoca bir kişi yaxınlaşıb onlarla danışır. Məryəm onun dediyi sözləri ürəyinə həkk edir. Allah Şəmuna söz vermişdi ki, Məsihi görməmiş ölməyəcək. İndi Yehova Allahın müqəddəs ruhu ona bu körpənin vəd olunmuş Xilaskar olduğunu açır. Şəmun həmçinin Məryəmin bir gün yara alacağını söyləyir. Ona deyir ki, onun bağrını, sanki, qılınc yaracaq (Luka 2:25—35). Bu sözlər Məryəmi həmin ağır günə, otuz üç il sonra baş verəcək hadisəyə hazırlayır. Sonra balaca İsanı peyğəmbər Hənnə görür. O, Yerusəlimin qurtuluşunu gözləyənlərə İsa haqda danışmağa başlayır. (Luka 2:36—38 ayələrini oxu.)

Yusiflə Məryəm Yehova Allahın məbədində çox ruhlanır

20. Nəyə görə demək olar ki, Yusiflə Məryəm körpə İsanı məbədə gətirməklə düz eləmişdilər?

20 Nə yaxşı ki, Yusiflə Məryəm körpəni Yehova Allahın məbədinə gətirmişdilər! Bununla onlar oğullarına məbədə gəlməyi alışdırmaq üçün ilk addımı atdılar. Məbəddə olduqları vaxt Yehova Allaha imkanları çatan qurbanı təqdim etdilər, orada nəsihət aldılar və ruhlandılar. Məryəm o gün məbəddən çıxanda imanı daha da möhkəmlənmişdi, ürəyi ilahi kəlmələrlə dolub-daşırdı. Yəqin o, bu kəlmələr barədə düşünür və onları başqalarına çatdırırdı.

21. Məryəm kimi imanımızı necə gücləndirə bilərik?

21 Bu gün Yusiflə Məryəmdən nümunə götürən valideynləri görmək çox xoşdur! Məsihi valideynlər müntəzəm olaraq övladlarını ibadət görüşlərinə gətirirlər. Bu valideynlər Allahın yolunda bacardıqlarını edirlər, onlar öz sözləri ilə iman bacı-qardaşlarını ruhlandırırlar və ibadət görüşlərindən ruhən möhkəm, xoşbəxt halda evlərinə qayıdırlar. Bu görüşlərdən aldıqları gözəl ruhani nemətləri başqaları ilə bölüşürlər. Bu cür insanlarla bir yerə toplaşmaq çox gözəldir! Bu görüşlərə müntəzəm gəlsək, Məryəm kimi, bizim də imanımız get-gedə güclənəcək.

^ abz. 7 Bu səfərlə Məryəmin İlsəbagilə getməsi arasında bir fərqi görmək olar. Luka 1:39 ayəsində yazılıb ki, Məryəm dərhal yığışıb getdi. Bu halda onun nişanlı, amma subay bir qız kimi Yusiflə məsləhətləşmədən yola çıxmaq ixtiyarı var idi. Onlar evlənəndən sonra isə vəziyyət dəyişdi. Luka 2:4 ayəsində yazılıb ki, Yusif Beytləhmə yola düşdü. Bu, o deməkdir ki, yola çıxmaq qərarını Məryəm yox, Yusif vermişdi.

^ abz. 10 O dövrdə şəhərlərdə yolçuların gecələməsi üçün mehmanxanalar olurdu.

^ abz. 14 Çobanların öz sürüləri ilə həmin vaxt çöllükdə gecələməsi Müqəddəs Kitab xronologiyasındakı bir məqamın doğruluğunu təsdiq edir: Məsih haradasa oktyabr ayının əvvəllərində doğulub. O, dekabrda doğula bilməzdi, çünki bu vaxt sürünü evə yaxın yerdə saxlayırdılar.