Kontentə keç

Mündəricatı göstər

Makao

ÜMUMDÜNYA TƏBLİĞ VƏ TƏLİM

Asiya və Yaxın Şərq

Asiya və Yaxın Şərq
  • ÖLKƏ VƏ ƏRAZİLƏRİ 49

  • ƏHALİSİ 4 464 374 770

  • TƏBLİĞÇİLƏRİN SAYI 728 989

  • MÜQƏDDƏS KİTABI ÖYRƏNƏNLƏRİN SAYI 771 272

Bir söhbətin bəhrəsi

Filippində yaşayan Conatan qardaş xəstəxanada həkimi gözləyirdi. Qəbul şöbəsindəki Leyla adlı bir qadın qardaşın səliqəli geyindiyini görüb onun sığorta şirkətindən gəldiyini zənn edir. Amma qardaş izah edir ki, o, Yehovanın Şahididir və tibbi müalicəyə ehtiyacı olan dindaşlarına kömək edir. Leyla bu yaxınlarda atasını itirdiyini deyir və bildirir ki, atası «Gözətçi qülləsi» jurnalının daimi oxucusu idi. Qardaş bu qadına Yəhya 5:28, 29 ayələrini oxuyur və ona «Ölən əzizlərimiz üçün hansı ümid var?» bukletini verir.

Filippin. Conatan qəbul şöbəsindəki qadına təbliğ edir

Conatan qardaş növbəti dəfə xəstəxanaya gələndə Leylaya yenə ədəbiyyat gətirir və onu bir bacımızla tanış edir, bacı onunla Müqəddəs Kitab dərsi keçməyə başlayır. Tezliklə Leylanın bütün ev əhli — yoldaşı, bacısı və anası Müqəddəs Kitabı öyrənməyə başlayır.

Qonşusu Roza Leyladan soruşur: «Axır vaxtlar sizə yaman çox adam gəlib-gedir. Kimlərdir ki onlar?» Leyla Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırdığını deyir. Eşitdikləri Rozaya maraqlı gəlir, o da Müqəddəs Kitabı öyrənməyə başlayır. Roza bacısı Abiqayilgilə qonaq gedəndə öyrəndiklərini böyük şövqlə ona danışır. Bacısının danışdıqları Abiqayilin çox xoşuna gəlir, o da Müqəddəs Kitabı öyrənmək istədiyini bildirir. Sonralar Rozanın anası da Müqəddəs Kitabı öyrənməyə başlayır.

Leyla bu yaxınlarda keçirilən regional toplantıda vəftiz olundu. Onun anası da artıq vəftiz olunub. Keçən il isə Roza ilə bacısı vəftiz olundu. Rozanın anası yığıncaqlara müntəzəm gəlir. Leylanın ailə üzvlərindən bəziləri hal-hazırda Müqəddəs Kitabı öyrənməyə davam edirlər. Bütün bunlar bir söhbətin bəhrəsidir!

Texnologiyanın köməyilə eşitmə qüsurlu insanlara təbliğ edilir

Şri-Lankanın jestdilli sahəsində hal-hazırda böyük inkişaf gedir. 2015-ci ildə Yehovanın Şahidlərinə eşitmə qüsurlu insanların yaşadığı təxminən 80 ünvan məlum idi və ünvanlar vərəqə yazılırdı. O vaxtdan etibarən Şri-Lankada ilk jestdilli yığıncaq yarandı və 420 nəfərin adı, eləcə də GPS koordinatlarla ünvanı kompüterə daxil olundu. Qardaşlar bu insanların təxminən 80 faizi ilə ya şəxsən, ya videogörüntü, ya da mesaj vasitəsilə əlaqə saxlayıblar. Xüsusi təyinatlı müjdəçi olan bir ər-arvad deyir: «İndi təbliğçilərə xidmət üçün sahə verə bilirik. Əvvəllərsə onlar yalnız şəxsən tanıdıqları eşitmə qüsurlu insanların yanına gedə bilirdilər».

Dövlət məmurundan minnətdarlıq məktubu

Monqolustandakı bacı-qardaşlar hətta -30°C hava şəraitində belə, xüsusi ictimai şahidlik növündə fəal şəkildə iştirak edirlər. Ədəbiyyat arabasından bir neçə nəşr götürən bir dövlət məmuru belə bir məktub yazmışdı: «Mən Buddistəm. Amma başqa dinlərlə də maraqlanıram, mənim fikrimcə, insan yalnız bir yolu tutub getməməlidir, başqa dinləri də araşdırmalıdır. Ədəbiyyatlarınızı oxuyandan sonra təəssüratımı sizinlə bölüşmək üçün məktub yazmaq qərarına gəldim. Görürəm ki, insanlara faydalı və praktiki məlumat təqdim etmək üçün çox zəhmət çəkirsiniz. Oxuduqlarımdan əsas bir şey öyrəndim: Müqəddəs Kitabı hər kəs oxumalıdır. Bu kitabda həqiqət var. Orada insan həyatı üçün rəhbərlik verilir. Ədəbiyyatları monqol dilinə tərcümə edənlərin hər birinə minnətdarlığımı bildirmək istəyirəm. Həm də havanın isti və ya soyuq olmasından asılı olmayaraq, insanlara ədəbiyyat verənlərin hamısına təşəkkür edirəm».

Monqolustan. Soyuq havada ictimai şahidlik

Allah onun duasına cavab verdi

Honkonqda Bret adlı öncül qardaş cavan bir oğlana yaxınlaşıb ona «Ailənin xoşbəxtliyi nədən asılıdır?» bukletini verir. Bukleti görəndə oğlan göz yaşlarını saxlaya bilmir. O deyir ki, həqiqətdə böyüyüb, amma 16 yaşı olanda evdən qaçıb. O, haradasa beş il küçələrdə yaşayıb, narkotik qəbul edib. Amma sonra xeyriyyə təşkilatları ona kömək ediblər.

Həmin gün səhər o, Allaha dua edib demişdi: «Ay Allah, əgər uşaqlıqda getdiyim din düz idisə, nə olar, bu gün mənə bir əlamət göstər». Oğlan deyir ki, qardaşa rast gəlməyi duasına cavab idi. Onlar yaxınlıqdakı kafeyə gedib birlikdə «Yehovaya geri dön» broşürünü nəzərdən keçirirlər. Oğlan həmin gün Fransaya qayıtmalı olduğu üçün onlar bir-birlərinə əlaqə ünvanlarını verirlər. Bir müddət sonra o, Bret qardaşa belə sözlər yazır: «Mənim əziz qardaşım, Yehova dualarıma cavab verdi. Mən bazar günü yaxınlıqdakı yığıncağa gedəcəyəm». Oğlan Fransadakı Yehovanın Şahidləri ilə əlaqə saxladı. İndi o, Müqəddəs Kitabı öyrənir və yığıncaqlara gedir.