MÜSAHİBƏ | RAKEL HOL
Yəhudi qadın yeni etiqadı barədə danışır
Rakel Hol yəhudi dininə qulluq edən ailədə dünyaya göz açmışdı. Anası israilli, atası isə yəhudi dinini qəbul etmiş avstriyalı idi. Rakelin ana tərəfdən nənə-babası sionist idilər və 1948-ci ildə İsrailə mühacirət etmişdilər. Məhz o il İsrail müstəqil dövlət statusunu almışdır. «Oyanın!» jurnalının həmkarı Rakeldən yəhudi dinini nə üçün araşdırmaq qərarına gəldiyini soruşdu.
Zəhmət olmasa, özünüz haqqında bir qədər məlumat verin.
Mən 1979-cu ildə Birləşmiş Ştatlarda anadan olmuşam. Üç yaşım olanda valideynlərim boşandılar. Anam məni yəhudi dininin adət-ənənələrinə uyğun tərbiyə edirdi və buna görə də mən «yeşiva» adlanan yəhudi məktəbində təhsil almağa başladım. Yeddi yaşımda İsrailə köçdük. Orada «kibbuts» adlanan məktəbə gedirdim. Amma İsraildə cəmi bir il yaşadıq. Sonra anamla Meksikaya köçdük.
Yaşadığımız ərazidə sinaqoq yox idi, amma mən yəhudi adət-ənənələrinə sadiq idim. Hər şənbə şam yandırırdım, Tövratı oxuyurdum, «siddur» adlanan dua kitabçasının köməyilə dualar edirdim. Sinif yoldaşlarıma tez-tez xatırladardım ki, mənim dinim ən qədim və düzgün dindir. Mən hələ İsa Məsihin xidmətindən və təlimlərindən bəhs edən İncili oxumamışdım. Anam da tapşırmışdı ki, məbada İncili oxuyasan. Qorxurdu ki, mən onun təlimlərinin təsiri altına düşərəm, napak olaram.
Nə üçün İncili oxumaq qərarına gəldiniz?
17 yaşım olanda təhsilimi davam etdirmək üçün ABŞ-a qayıtdım. Bir məsihi tanışım mənə dedi ki, İsasız həyatımda həmişə nə isə çatışmayacaq.
«İsaya inananlar yanlış yoldadırlar», — deyə cavab verdim.
«Heç nə vaxtsa İncili oxumusan?» — deyə soruşdu.
«Xeyr, oxumamışam», — deyə cavab verdim.
«Elə isə bilmədiyin mövzu haqda fikir irəli sürməyin nə dərəcə düzgündür? Yanılan elə özün deyilsənmi?» — deyə o dedi.
Onun sözləri mənə ağır gəldi. Özüm də həmişə o fikirdə olmuşam ki, insan gərək bilmədiyi şey haqda qəti fikir bildirməsin. Xəcalət çəkə-çəkə ondan Müqəddəs Kitabı götürüb evə getdim və İncili oxumağa başladım.
Oxuduqlarınız sizə necə təsir elədi?
Sən demə, İncili yazanlar da yəhudilər idi. Bu mənim üçün yenilik oldu. Bu kitabı oxuduqca sanki İsa ilə tanış olurdum. Onun xeyirxah, təvazökar, insanlara zülm yox, kömək etmək istəyən bir yəhudi olduğunu gördüm. Kitabxanadan İsanın həyatı haqda kitablar götürüb oxumağa başladım. Ancaq bu kitablar məni İsanın Məsih olduğuna inandıra bilmədi. Onlardan bəziləri onu Allah adlandırırdı. Bu fikir heç cür beynimə sığışmırdı. İsa Allahdırsa, bəs onda kimə dua edirdi, özünə? Bundan əlavə, İsa öldü. Amma Müqəddəs Kitabda Allah haqda deyilir: «Sən ölməzsən!» *
Bu suallara necə cavab tapdınız?
Həqiqət özü-özünə zidd gedə bilməz və mən qəti qərar verdim ki, həqiqəti tapacağam. Allaha ürəkdən, göz yaşları ilə dua etdim, ilk dəfə siddurun köməyi olmadan. Duamı hələ qurtarmamış qapı döyüldü. Gələn iki Yehova Şahidi idi. Onlar mənə Müqəddəs Kitabı araşdırmaq üçün bir nəşr verdilər. Bu nəşr, həmçinin Şahidlərlə etdiyim sonrakı söhbətlər məni inandırdı ki, onların etiqadı Müqəddəs Kitaba əsaslanır. Məsələn, Şahidlər İsanın Allah olduğuna inanmır, onu Allahın Oğlu * və «Allahın xilqətinin ilki» * kimi qəbul edirlər.
Bundan sonra mən Meksikaya qayıtdım və Yehovanın Şahidləri ilə Məsihə aid peyğəmbərlikləri öyrənməyə davam etdim. Müqəddəs Kitabda nə qədər peyğəmbərlik varmış! Ancaq hələ də tam inana bilmirdim. Elə hey özümdən soruşurdum: «Bu təsvirlərə yalnız İsa uyğun gəlirdi? Bəlkə o özünü Məsih kimi aparan bir fırıldaqçı idi?»
Sizin üçün dönüş nöqtəsi nə oldu?
Şahidlər mənə elə peyğəmbərliklər göstərdilər ki, onların icrası insanın özündən asılı deyildi. Məsələn, Mikə peyğəmbər 700 il öncədən Məsihin Yəhudiyyənin Beytləhm şəhərində dünyaya gələcəyini xəbər vermişdi *. Kimsə öz doğulacağı yeri müəyyən edə bilər? Əşiya peyğəmbər yazmışdı ki, Məsih cinayətkar kimi edam olunacaq, ancaq varlı-hallı adam kimi dəfn ediləcək *. Bütün bu peyğəmbərliklər İsanın üzərində yerinə yetdi.
Məni inandıran ən son dəlil İsanın nəsil şəcərəsi oldu. Müqəddəs Kitabda deyilirdi ki, Məsih Davud padşahın nəslindən gələcəkdi *. Yəhudilər nəsil şəcərələrini qeydə alıb saxlayırdılar. İsa Davudun nəslindən olmasaydı, onun düşmənləri bu barədə bar-bar bağırardılar! Ancaq onlar bunu edə bilmirdilər, çünki İsanın Davudun nəslindən gəldiyi danılmaz idi. Hətta camaat belə, onu «Davud Oğlu» deyə çağırırdı *.
Eramızın 70-ci ilində, İsanın ölümündən 37 il sonra Roma ordusu Yerusəlimi darmadağın etdilər. Nəsil şəcərələrindən itən itdi, digərləri də məhv olub getdi. Deməli, Məsih eramızın 70-ci ilindən əvvəl peyda olmalıydı ki, onun əsil-nəcabəti bilinsin.
Bütün bunlar sizə necə təsir etdi?
Qanunun təkrarı 18:18, 19 ayələrində peyğəmbərlik edilmişdi ki, Allah İsrailə Musa kimi bir peyğəmbər göndərəcək. Allah demişdi: «Mənim sözlərimə, Onun Mənim adımla söylədiklərinə qulaq asmayan adam Mənə cavab verməli olacaq». Müqəddəs Kitabı başdan-ayağa kimi dərindən tədqiq etməyim məni əmin etdi ki, nəsrani İsa vəd edilmiş həmin o peyğəmbərdir.
^ Əşiya 9:6, 7; Luka 1:30—32 Məttanın 1-ci fəslində İsanın ata tərəfdən, Luka 3-cu fəsildə isə ana tərəfdən nəsil şəcərəsi gətirilir.