Kontentə keç

Mündəricatı göstər

FƏSİL 15

Yığıncaqlar imanda möhkəmlənir

Yığıncaqlar imanda möhkəmlənir

Səyyar xidmətçilər yığıncaqlara imanda möhkəmlənməyə kömək edir

Həvarilərin işləri 15:36—16:5

1—3. a) Bulusun yeni yol yoldaşı kimdir və onun haqqında nə demək olar? b) Bu fəsildə biz nəyi öyrənəcəyik?

 QARDAŞLAR bir şəhərdən o birisinə gedirlər. Daşlı-kəsəkli yollarla irəlilədikcə Bulus onunla yanaşı addımlayan gənci düşüncəli nəzərlərlə süzür. Gəncliyinin qaynar çağlarını yaşayan bu məsihiyə həvarinin böyük etimadı var. Təxminən 20 yaşlarında olan bu gəncin adı Timutidir. Atdığı hər addım onu evlərindən bir az da uzaqlaşdırır. Gün qüruba endikcə Listra və Konya gözdən itir. Qardaşları qarşıda nə gözləyir? Bulusun bu haqda müəyyən təsəvvürü var, çünki bu, onun ikinci səyahətidir. O, yaxşı bilir ki, səyahət təhlükə və çətinliklərsiz ötüşməyəcək. Bəs görəsən bu gənc bütün bunlara dözə biləcək?

2 Bu təvazökar gəncin özünə inamı zəif olsa da, Bulus ona arxayındır. Bu yaxınlarda baş verən hadisələrdən sonra Bulus münasib yol yoldaşı seçməyin vacibliyini yaxşı başa düşüb. O bilir ki, qarşıdakı işi icra etmək, yəni yığıncaqları ziyarət edib onları möhkəmləndirmək ondan və əməkdaşlarından qətiyyətli və həmfikir olmağı tələb edir. Bəs bu qənaətə gəlməyə onu nə vadar etmişdi? Ola bilsin, bir qədər əvvəl onunla Barnəba arasında ciddi mübahisəyə səbəb olan fikir ayrılığı.

3 Bu fəsildə biz narazılıqları necə həll etmək barədə çox şey öyrənəcəyik. Bundan başqa, Bulusun yol yoldaşı kimi nə üçün məhz Timutini seçdiyini araşdıracaq və bu gün rayon nəzarətçilərinin təşkilatda nə dərəcədə vacib rol oynadığını bir az da dərindən başa düşəcəyik.

«Gəl indi... qayıdaq və oradakı qardaşlara baş çəkək» (Həvarilərin işləri 15:36)

4. Bulus ikinci təbliğ səyahəti zamanı nə etmək niyyətində idi?

4 Əvvəlki fəsildə öyrəndik ki, dörd qardaş, Bulus, Barnəba, Yəhuda və Sila rəhbərlik şurasının sünnətlə bağlı qərarını Antakyadakı yığıncağa çatdırıb oradakı qardaşları ruhlandırdı. Sonra Bulus Barnəbaya yeni təkliflə yaxınlaşdı: «Gəl indi Yehovanın sözünü təbliğ etdiyimiz bütün şəhərlərə qayıdaq və oradakı qardaşlara baş çəkək, görək necədirlər» (Həv. 15:36). Bulus yeni imana gələn bu məsihilərə sadəcə dost kimi baş çəkib hal-əhval tutmaqdan danışmırdı. «Həvarilərin işləri» kitabı Bulusun ikinci təbliğ səyahətinin əsl məqsədini açıqlayır. Birincisi, o, rəhbərlik şurasının verdiyi qərarı o biri yığıncaqlara da çatdırmalı idi (Həv. 16:4). İkincisi, səyyar nəzarətçi olan Bulus yığıncaqları ruhlandırmaq, onlara imanda möhkəmlənməyə kömək etmək istəyirdi (Rom. 1:11, 12). Yehovanın Şahidlərinin müasir təşkilatı həvarilərin qoyduğu nümunəni necə izləyir?

5. Müasir Rəhbərlik Şurası yığıncaqlara rəhbərliyi necə təqdim edir və onları necə ruhlandırır?

5 Bu gün Məsih Rəhbərlik Şurasından istifadə edərək məsihi yığıncağını idarə edir. Məktublar, həm çap, həm də onlayn formatdakı nəşrlər və görüşlər vasitəsilə, eləcə də digər üsullarla bu sadiq məsh olunmuşlar dünyadakı bütün yığıncaqlara rəhbərlik təqdim edir və onları ruhlandırır. Rəhbərlik Şurası həmçinin bütün dünyada minlərlə səriştəli ağsaqqalı rayon nəzarətçisi təyin edib, onların vasitəsilə yığıncaqların hər biri ilə sıx əlaqə saxlamağa çalışır.

6, 7. Rayon nəzarətçiləri yığıncaqlara necə xidmət edirlər?

6 Bulus bir səyyar nəzarətçiyə belə nəsihət vermişdi: «Allahın sözünü təbliğ et, bu işi yubanmadan, həm əlverişli, həm də çətin vaxtda gör, bütün səbrini toplayaraq, müəllimlik qabiliyyətini işə salaraq tənbeh et, məzəmmət et, ürəkləndir... Müjdəni təbliğ et» (2 Tim. 4:2, 5). Müasir dövrdəki səyyar nəzarətçilər həmin məsləhəti rəhbər tutaraq ziyarət etdikləri yığıncaqda hər kəsə şəxsən diqqət yetirməyə və onları ruhlandırmağa çalışırlar.

7 Rayon nəzarətçisi və əgər evlidirlərsə, həyat yoldaşı yerli təbliğçilərlə xidmətin müxtəlif sahələrində əməkdaşlıq edirlər. Onların canla-başla təbliğ etməsi və məharətlə təlim verməsi bütün yığıncaq üçün gözəl nümunə olur (Rom. 12:11; 2 Tim. 2:15). Rayon xidmətində olanlar ən çox öz fədakar məhəbbətləri ilə tanınırlar. Onlar güclərini əsirgəmədən başqalarına xidmət edirlər. Bəzən əlverişsiz havada səyahət edir, hətta təhlükəli ərazilərə belə gedirlər (Filip. 2:3, 4). Həmçinin rayon nəzarətçiləri yığıncaqdakı bacı-qardaşları Müqəddəs Kitaba əsaslanan nitqləri ilə ruhlandırır, onlara təlim və nəsihət verirlər. Bu qardaşların davranışını müşahidə etmək və onların imanından nümunə götürmək yığıncaqda hər kəsə fayda gətirə bilər (İbr. 13:7).

Qızğın çəkişmə (Həvarilərin işləri 15:37—41)

8. Barnəba Bulusun dəvətini necə qarşıladı?

8 Barnəba Bulusun qardaşları ziyarət etmək təklifini qəbul etdi (Həv. 15:36). Bu iki təbliğçi xeyli müddət ərzində əməkdaşlıq etmişdi. Bundan əlavə, ikisi də gedəcəkləri yerlərlə və baş çəkməli olduqları adamlarla artıq tanış idi (Həv. 13:2—14:28). Buna görə də ikinci təbliğ səyahətinə birlikdə çıxmaq, ola bilsin, ağlabatan və əlverişli görünürdü. Amma ortaya bir məsələ çıxdı. Həvarilərin işləri 15:37 ayəsində deyilir: «Barnəba Mark ləqəbli Yəhyanı da götürmək fikrində idi». Görünür, Barnəba sadəcə təklif irəli sürmürdü. O, bu təbliğ səyahətinə qohumu Markı götürməyi artıq qərara almışdı.

9. Nə üçün Bulus Barnəba ilə razılaşmadı?

9 Bulus onunla razılaşmadı. Bunun səbəbini Müqəddəs Kitab belə izah edir: «Bulus onu [Markı] bu səyahətə götürməyi münasib bilmədi, çünki o, Pamfiliyada həvarilərdən ayrılmış və onlarla bu işi davam etdirməmişdi» (Həv. 15:38). Mark birinci təbliğ səyahəti zamanı Bulus və Barnəba ilə yola çıxsa da, axıra qədər onlarla qalmamışdı (Həv. 12:25; 13:13). Səyahətin elə əvvəlində, hələ Pamfiliyada ikən onlardan ayrılıb Yerusəlimə, evlərinə qayıtmışdı. Müqəddəs Kitabda onun bu cür davranmasının səbəbi izah edilmir. Amma hər necə olsa da, həvari Bulus Markın hərəkətini məsuliyyətsizlik kimi qiymətləndirmişdi. Ola bilsin, o, Marka bel bağlamırdı.

10. Bulusla Barnəba arasındakı fikir ayrılığı nəyə gətirib çıxardı?

10 Buna baxmayaraq, Barnəba fikrində qəti idi. Bulus da öz dediyindən dönmürdü. Həvarilərin işləri 15:39 ayəsində deyilir: «Bu məsələ onların arasında qızğın çəkişməyə səbəb oldu və onlar bir-birindən ayrıldılar». Barnəba Markı özü ilə götürüb doğma yurduna, Kiprə getdi. Bulus isə öz planı üzrə hərəkət etdi. O, «Silanı seçdi. Qardaşlar Bulusu Yehovanın lütfünə əmanət etdikdən sonra o, yola çıxdı» (Həv. 15:40). Onlar birlikdə «Suriya və Kilikiyadan keçərək yığıncaqları möhkəmləndirirdi» (Həv. 15:41).

11. Bizimlə xətrimizə dəyən adam arasında uçurum yaranmaması üçün hansı keyfiyyətlərin olması vacibdir?

11 Bu əhvalat qeyri-kamil olduğumuzu bizə bir daha xatırladır. Bulusla Barnəba rəhbərlik şurasının xüsusi nümayəndəsi təyin olunmuşdu. Ehtimal ki, Bulus özü də artıq həmin şuranın üzvü idi. Bununla belə, qeyri-kamillik Bulusla Barnəbaya üstün gəldi. Bəs onlar baş verən hadisənin aralarında uçurum yaratmasına yol verdilərmi? Qeyri-kamil olsalar da, Bulusla Barnəba həlim insanlar idi, onlar Məsihin düşüncə tərzini əks etdirirdilər. Şübhə yoxdur ki, vaxt keçdikcə onlar əsl məsihi kimi davranaraq bir-birini bağışladılar (Efes. 4:1—3). Sonralar Bulus Mark ilə də başqa teokratik təyinatlarda birgə çalışmışdı a (Kol. 4:10).

12. Müasir nəzarətçilər Bulus və Barnəbadan nümunə götürərək hansı xüsusiyyətləri əks etdirməlidirlər?

12 Əslində, qəzəblənib çəkişmə salmaq nə Barnəbaya, nə də Bulusa xas deyildi. Barnəba elə istiqanlı və səxavətli adam idi ki, onu əsl adı (Yusif) ilə deyil, həvarilərin ona verdiyi və mənası «təsəlli oğlu» olan Barnəba adı ilə çağırırdılar (Həv. 4:36). Elə Bulus da mülayimliyi və mehribanlığı ilə tanınırdı (1 Salon. 2:7, 8). Bulusla Barnəbadan nümunə götürərək bu gün də bütün məsihi ağsaqqallar, eləcə də rayon nəzarətçiləri həmişə həlim olmağa, bir-biri ilə, o cümlədən dindaşları ilə mehriban davranmağa çalışmalıdırlar (1 But. 5:2, 3).

Onun «haqqında ağızdolusu danışırdılar» (Həvarilərin işləri 16:1—3)

13, 14. a) Timuti kim idi və Bulus onunla ilk dəfə necə tanış olmuşdu? b) Bulus nə üçün Timutiyə xüsusi diqqət yetirdi? c) Timuti hansı tapşırığı aldı?

13 İkinci təbliğ səyahəti zamanı Bulus Roma əyaləti olan Qalatiyaya getdi. Orada artıq bir neçə yığıncaq fəaliyyət göstərirdi. Əvvəlcə, o, «Derbiya şəhərinə, oradan da Listraya gəldi. Bu şəhərdə Timuti adında bir şagird var idi. Onun anası İsaya iman gətirmiş yəhudi, atası isə yunan idi» b (Həv. 16:1).

14 Görünür, Bulus Timutinin ailəsi ilə ilk səyahəti zamanı, təxminən 47-ci ildə həmin yerə gələndə tanış olmuşdu. İndi, iki-üç il keçəndən sonra Bulus gənc Timutiyə xüsusi diqqət yetirdi. Axı niyə məhz ona? Çünki «qardaşlar Timuti haqqında ağızdolusu danışırdılar». O, təkcə öz yığıncağında deyil, həm də başqa şəhərdə yaşayan qardaşlar arasında yaxşı ad qazanmışdı. Müqəddəs Kitabda deyilir ki, həm Listrada, həm də oradan təxminən 30 kilometr aralıda yerləşən Konyada qardaşlar onun haqqında yüksək fikirdə idilər (Həv. 16:2). Müqəddəs ruhun rəhbərliyi altında ağsaqqallar gənc Timutiyə çox məsuliyyətli bir işi həvalə etdilər. O, səyyar xidmətçi olan Bulusla Silanı köməkçi kimi müşayiət etməli idi (Həv. 16:3).

15, 16. Timuti nəyin sayəsində yaxşı ad qazanmışdı?

15 Timutiyə belə gənc yaşında yaxşı ad qazandıran nə olmuşdu? Ağlı, yaraşığı, yoxsa qabiliyyətləri? Çox vaxt insanların diqqətini çəkən məhz bu kimi şeylər olur. Hətta İşmuil peyğəmbər də bir dəfə xarici görünüşə aldanmışdı. Amma Yehova ona xatırlatmışdı: «Allah insan kimi baxmır. İnsan zahiri görür, Allah isə ürəyi» (1 İşm. 16:7). Timutiyə dindaşları arasında yaxşı ad qazandıran onun hansısa fitri istedadı deyil, mənəvi keyfiyyətləri idi.

16 İllər sonra həvari Bulus Timutinin məsihi keyfiyyətlərindən bəziləri haqqında yazmışdı. Onun yaxşı əhval-ruhiyyəsini və fədakar məhəbbətini təsvir etmiş, teokratik tapşırıqları canla-başla yerinə yetirdiyini qeyd etmişdi (Filip. 2:20—22). Timuti həmçinin riyasız imana sahib olması ilə tanınırdı (2 Tim. 1:5).

17. Bu gün gənclər Timutidən necə nümunə götürə bilərlər?

17 Bu gün bir çox gənclər Timuti kimi Allaha məqbul keyfiyyətlərə sahib olmaq üçün cidd-cəhdlə çalışırlar. Bununla da gənc olmalarına baxmayaraq, onlar Yehovanın və insanların qarşısında yaxşı ad qazanırlar (Məs. 22:1; 1 Tim. 4:15). Onlar ikili həyat sürmür, beləcə, riyasız imana sahib olduqlarını göstərirlər (Zəb. 26:4). Bunun sayəsində, Timuti kimi bir çox gənclər yığıncağın işinə böyük töhfə verə bilirlər. Onlar xoş xəbəri yığıncaqla bir yerdə təbliğ etməyə başlayanda, həyatlarını Yehovaya həsr edib vəftiz olunanda onları tanıyan bütün bacı-qardaşlara qucaq dolusu sevinc bəxş edirlər!

«İmanda möhkəmlənir» (Həvarilərin işləri 16:4, 5)

18. a) Bulus və Timuti səyyar nəzarətçi kimi hansı xüsusi işlə məşğul idilər? b) Yığıncaqlar hansı nemətləri alırdılar?

18 Bulus və Timuti illər boyunca bir yerdə çalışdılar. Səyyar xidmətçi kimi fəaliyyət göstərən bu qardaşlar rəhbərlik şurasının müxtəlif tapşırıqlarını yerinə yetirirdilər. Müqəddəs Kitabda deyilir: «Onlar şəhərbəşəhər gəzərək şagirdlərə Yerusəlimdəki həvarilərin və ağsaqqalların qərarlarını çatdırır, bu qərarlara əməl etməyi tapşırırdılar» (Həv. 16:4). Şübhə yoxdur ki, yığıncaqlar Yerusəlimdəki həvarilərin və ağsaqqalların rəhbərliyinə riayət edirdilər. Nəticədə, «yığıncaqlar imanda möhkəmlənir və günü-gündən böyüyürdü» (Həv. 16:5).

19, 20. Nə üçün məsihilər onlara «rəhbərlik edənlərə» tabe olmalıdırlar?

19 Buna bənzər tərzdə bu gün də Yehovanın Şahidləri onlara «rəhbərlik edənlərə itaət» edirlər, beləcə, çoxlu nemətlər əldə edirlər (İbr. 13:17). Bu dünyanın səhnəsi daima dəyişdiyindən olduqca vacibdir ki, məsihilər həmişə sadiq və ağıllı nökərin təqdim etdiyi son rəhbərlik və göstərişlərə riayət etsinlər (Mət. 24:45; 1 Kor. 7:29—31). Bu, bizə həqiqətdən uzaqlaşmamağa və özümüzü dünyadan ləkəsiz saxlamağa kömək edəcək (Yaq. 1:27).

20 Düzdür, Rəhbərlik Şurasının üzvləri də Bulus, Barnəba, Mark və birinci əsrdəki digər məsh olunmuş ağsaqqallar kimi qeyri-kamildirlər (Rom. 5:12; Yaq. 3:2). Lakin həmişə Allahın Kəlamına sıx bağlı qalmaqla və həvarilərin qoyduğu nümunəni yaxından izləməklə onlar tam etibara layiq olduqlarını göstərmişlər (2 Tim. 1:13, 14). Onların bu cür sadiqliyi sayəsində yığıncaqlar imanda möhkəmlənir və ruhani cəhətdən inkişaf edir.

a « Marka çoxlu iş həvalə olunur» adlı çərçivəyə bax.