Kontentə keç

Mündəricatı göstər

FƏSİL 7

«İsa haqqındakı müjdəni» bəyan edirik

«İsa haqqındakı müjdəni» bəyan edirik

Filip əsl müjdəçi nümunəsi qoyur

Həvarilərin işləri 8:4—40

1, 2. Birinci əsrdə təbliği susdurmaq cəhdləri hansı əks nəticəni gətirdi?

 MƏSİHİLƏRƏ qarşı qəflətən amansız təqiblər dalğası baş qaldırır. Şaul yığıncağa divan tutur. Bu ifadə qədim yunan dilində son dərəcə qəddar, amansız rəftarı bildirir (Həv. 8:3). Şagirdlərin hərəsi bir yana dağılışır və ola bilsin, bəzilərinə elə gəlir ki, Şaulun məsihiliyin kökünü kəsmək niyyəti baş tutacaq. Lakin məsihilərin başqa-başqa yerlərə səpələnməsi gözlənilməz nəticələr verir. Hansı nəticələri?

2 Səpələnmiş məsihilər getdikləri yerlərdə «Allahın sözünü müjdələyirdilər» (Həv. 8:4). Bir təsəvvür edin! Təqiblər təbliği susdurmağa nəinki müvəffəq olmadı, hələ üstəlik, onun yayılmasına da səbəb oldu! Şagirdləri yurd-yuvalarından didərgin salmaqla təqibçilər özləri də istəmədən Padşahlığın təbliği işinin uzaq ərazilərdə yayılmasına yol açdılar. Bu fəsildə görəcəyimiz kimi, müasir dövrdə də buna oxşar bir şey baş verir.

«Dağılışıb gedən şagirdlər» (Həvarilərin işləri 8:4—8)

3. a) Filip kim idi? b) Nə üçün Səməriyyədə əhalinin əksəriyyəti xoş xəbəri eşitməmişdi, bununla belə, İsa həmin ərazi haqqında nə demişdi?

3 «Dağılışıb gedən şagirdlər»dən biri də Filip idi a. (Həv. 8:4; « Müjdəçi Filip» adlı çərçivəyə bax.) O, Səməriyyə şəhərinə getdi. Vaxtı ikən İsa həvarilərinə: «Səməriyyə şəhərlərinə girməyin. Yalnız İsrail evinin itmiş qoyunlarının yanına gedin» — deyə söylədiyi üçün oranın əhalisinin əksəriyyəti xoş xəbəri eşitməmişdi (Mət. 10:5, 6). Lakin İsa bilirdi ki, vaxt gələcək Səməriyyədə müjdə haqqında ətraflı şahidlik veriləcək, çünki göyə qalxmazdan əvvəl o, şagirdlərinə demişdi: «Yerusəlimdə, bütün Yəhudiyyədə və Səməriyyədə, hətta yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həv. 1:8).

4. Səməriyyəlilər Filipin təbliğinə necə hay verdilər və buna nə səbəb ola bilərdi?

4 Filip gördü ki, Səməriyyə «biçinə hazırdır» (Yəh. 4:35). Padşahlıq xəbəri orada yaşayanların ürəyinə sərinlik gətirdi. Bunun səbəbini anlamaq heç də çətin deyil. Yəhudilər səməriyyəlilərdən yan qaçır, çoxları isə onlara ikrah etdiyini heç gizlətməyə belə çalışmırdı. Ancaq səməriyyəlilər gördülər ki, bunun əksinə olaraq, müjdə ayrı-seçkilik etmədən bütün insanlara ümid verir, bununla da dardüşüncəli fərisilərin düşüncə tərzindən yerlə göy qədər fərqlənir. Səməriyyəlilərə səylə və ayrı-seçkilik salmadan təbliğ etməklə Filip onlara yuxarıdan aşağı baxan adamların qərəzli əhval-ruhiyyəsinə yoluxmadığını göstərdi. Beləliklə, səməriyyəlilərin yekdilliklə Filipə qulaq asmaları heç də təəccüblü deyil (Həv. 8:6).

5—7. Məsihilərin hər yana səpələnməsinin xoş xəbərin yayılmasına gətirib çıxardığına dair nümunələr çək.

5 Birinci əsrdə olduğu kimi bu gün də təqiblər təbliğ işini dayandırmayıb. Vaxtaşırı məsihilərin məcburən bir yerdən başqa yerə, istər həbsxanaya, istərsə də başqa ölkəyə göndərilməsi yalnız və yalnız yaxşı nəticələr verir. Bunun sayəsində Padşahlıq xəbəri yeni-yeni ərazilərdə təbliğ olunur. Məsələn, İkinci Dünya müharibəsi zamanı Yehovanın Şahidləri nasist həbs düşərgələrində çox böyük şahidlik verə bilmişlər. Orada Şahidlərlə tanış olan bir yəhudi deyir: «Yehovanın Şahidlərinin dözümlülüyü məni əmin etdi ki, onların imanı Müqəddəs Kitaba əsaslanıb, buna görə mən özüm də Yehovanın Şahidi oldum».

6 Bəzi hallarda hətta təqibçilərin özlərinə də şahidlik edilirdi və onlar da xəbəri qəbul edirdilər. Misal üçün, Frans Deş adlı Yehovanın Şahidi Avstriyadakı Qüzen həbs düşərgəsinə köçürüləndə orada SS zabiti ilə Müqəddəs Kitabı öyrənməyə başlamışdı. Təsəvvür elə, illər sonra hər ikisi xoş xəbərin təbliğçisi kimi Yehovanın Şahidlərinin toplantısında görüşəndə həmin iki nəfər necə sevinmişdi!

7 Məsihilər təqiblər ucbatından bir ölkədən başqa ölkəyə qaçmalı olanda da oxşar vəziyyət baş verir. Məsələn, 1970-ci illərdə malavili Yehovanın Şahidləri Mozambikə qaçmağa məcbur olanda orada böyük şahidlik verilmişdi. Hətta sonralar Mozambikdə təqiblər baş qaldırsa da, təbliğ işi davam edirdi. «Düzdür bizlərdən bəzilərini təbliğ etdiyinə görə bir neçə dəfə həbsə atmışdılar,— deyə Fransisko Kuono danışır,— lakin Padşahlıq haqqında xəbərə hay verənlərin sayı artdıqca biz əmin olurduq ki, Allah birinci əsrdəki məsihilər kimi bizə də kömək edir».

8. Siyasi və iqtisadi dəyişikliklər təbliğ işinə necə təsir göstərir?

8 Əlbəttə, məsihiliyin başqa yerlərdə inkişafına yeganə səbəb təqiblər olmamışdı. Son onilliklərdə siyasi və iqtisadi dəyişikliklər də bir çox dillərdə danışan və müxtəlif millətlərdən olan insanların Padşahlıq xəbərini eşitməsinə yol açmışdı. Bəzi insanlar müharibə zonasından və ya iqtisadi vəziyyətin çətin olduğu yerlərdən nisbətən sakit yerlərə köçmüş və orada Müqəddəs Kitabı öyrənməyə başlamışdı. Qaçqınların sayının artması əcnəbidilli ərazilərin yaranmasına səbəb olmuşdu. Sən də öz ərazinizdə «hər xalqa, hər tayfaya, hər ümmətə və hər dilə mənsub» adamlara təbliğ etməyə çalışırsanmı? (Vəhy 7:9).

«Mənə də belə ixtiyar verin» (Həvarilərin işləri 8:9—25)

«Şimon gördü ki, həvarilər əllərini kiminsə üstünə qoyanda o adama müqəddəs ruh verilir. Onda həvarilərə pul təklif [etdi]» (Həvarilərin işləri 8:18)

9. Şimon kim idi və ehtimal ki, Filipdə onu cəlb edən nə olmuşdu?

9 Filip Səməriyyədə çoxlu əlamətlər göstərirdi. Məsələn, o, xəstələri sağaldır, hətta pis ruhları da qovurdu (Həv. 8:6—8). Filipin möcüzəvi ənamları bir kişiyə xüsusilə dərin təsir bağışlamışdı. Bu, sehrbaz Şimon idi. Camaat ona elə böyük hörmətlə yanaşırdı ki, onun haqqında: «O, Allahın qüvvəsidir»,— deyirdi. İndi isə Şimon Filipin göstərdiyi möcüzələr timsalında Allahın əsl qüvvəsini gördü və iman gətirdi (Həv. 8:9—13). Lakin bir qədər sonra Şimonun niyyətləri sınağa çəkildi. Bu, necə baş verdi?

10. a) Butrusla Yəhya Səməriyyədə nə etdilər? b) Şimon gördükdə ki, Butrusla Yəhya yeni şagirdlərin üzərinə əllərini qoyanda onlar müqəddəs ruh alırlar, nə etdi?

10 Həvarilər Səməriyyədə olan artımdan xəbər tutanda Butrusu və Yəhyanı ora göndərdilər. (« Butrus Padşahlığın açarlarından istifadə edir» adlı çərçivəyə bax.) Ora gəlib çatanda həvarilər yeni şagirdlərin üzərinə əllərini qoydular, bundan sonra şagirdlərin hər biri müqəddəs ruh aldı b. Şimon bunu görəndə heyrətdən ağzı açıla qaldı və həvarilərə dedi: «Mənə də belə ixtiyar verin ki, kimin üstünə əlimi qoysam, o adam müqəddəs ruh alsın». Şimon hətta bu bacarığı satın ala biləcəyinə ümid edərək onlara pul da təklif etdi! (Həv. 8:14—19).

11. Butrus Şimona nə məsləhət gördü və Şimon bu məsləhətə necə yanaşdı?

11 Butrusun Şimona cavabı sərt oldu. Həvari ona dedi: «Gümüşün də səninlə bir yerdə batsın, çünki könlünə Allahın ənamını pulla almaq fikri düşdü. Sənin bu işdə zərrə qədər də payın yoxdur, çünki Allahın qarşısında niyyətin təmiz deyil». Sonra Butrus Şimona məsləhət gördü ki, tövbə etsin və Allahdan əfv diləsin. «Yehovaya yalvar, yaxar,— deyə Butrus onu təşviq etdi,— bəlkə, ürəyində tutduğun pis niyyət bağışlandı». Görünür, Şimon pis adam deyildi; o, düzgün davranmaq istəyirdi, sadəcə bir anlıq yanlış fikirlərə qapılmışdı. Şimon həvarilərdən xahiş etdi: «Mənim üçün Yehovaya dua edin ki, dediklərinizdən heç biri başıma gəlməsin» (Həv. 8:20—24).

12. «Simoniya» nədir və o, Xristian dünyası üçün necə tələ olmuşdu?

12 Butrusun Şimonu danlaması bu gün məsihilər üçün bir dərsdir. Latın sözü olan «simoniya» məhz bu hadisə ilə əlaqədar yaranmışdı. «Simoniya» dini vəzifələrin alınıb-satılmasına aiddir. Dönük xristianlığın tarixində bu cür hallara istənilən qədər rast gəlmək olar. «Britaniya ensiklopediyası»nın (1878) doqquzuncu nəşrində qeyd olunur: «Katolik papalarının konklavı c tarixini araşdırdıqda şübhə yeri qalmır ki, heç vaxt simoniyasız seçki olmamışdı, əksinə, əksər hallarda simoniyaya açıq-aşkar, ən biabırçı və ədəbsiz şəkildə əl atılmışdı» («The Encyclopædia Britannica»).

13. Məsihilər simoniyadan özlərini necə gözləməlidirlər?

13 Məsihilər özlərini simoniyadan qorumalıdırlar. Məsələn, onlar nəzarətçilərə səxavətlə hədiyyələr verərək, yaxud onları həddindən artıq tərifləyərək yığıncaqda məsuliyyət əldə etməyə çalışmamalıdırlar. Digər tərəfdən, məsul qardaşlar ehtiyatlı olmalıdırlar ki, varlıları başqalarından üstün tutmasınlar. Bunların hər ikisi simoniyadır. Allahın bütün xidmətçiləri «təvazökar» olmalı və xidmətlə bağlı məsuliyyətləri Yehovanın ruhu vasitəsilə alacaqları vaxtı gözləməlidirlər (Luka 9:48). Allahın təşkilatında «özünü ucaltmaq» istəyən adamlara yer yoxdur (Məs. 25:27).

«Oxuduğunu başa düşürsən?» (Həvarilərin işləri 8:26—40)

14, 15 a) Həbəşistanlı məmur kim idi və Filip onunla necə rastlaşdı? b) Həbəşistanlı Filipin xəbərinə necə hay verdi və nəyin əsasında demək olar ki, o, hisslərə qapılaraq vəftiz olunmamışdı? (Haşiyəyə bax.)

14 Yehovanın mələyi Filipə Yerusəlimdən Qəzzəyə enən yola çıxmağı buyurdu. Bəlkə də Filipdə sual yarandı ki, o, nəyə görə ora getməlidir, amma tezliklə «ucadan Əşiya peyğəmbərin kitabını» oxuyan həbəşistanlı məmura rast gələndə sualına cavab tapdı. (« Hansı mənada “xədim”?» adlı çərçivəyə bax.) Yehovanın müqəddəs ruhu Filipə onun arabasına yaxınlaşmağı dedi. Araba ilə yanaşı qaça-qaça Filip həbəşistanlıdan soruşdu: «Oxuduğunu başa düşürsən?» «İzah edən olmasa, necə başa düşə bilərəm?» — deyə həbəşistanlı cavab verdi (Həv. 8:26—31).

15 Həbəşistanlı Filipdən arabaya minməyi xahiş etdi. Təsəvvür et, necə maraqlı söhbət başladı! Əşiyanın peyğəmbərliyindəki qoyunun, yaxud qulun kimliyi uzun müddət sirr olaraq qalmışdı (Əşy. 53:1—12). İndi isə Filip yol boyu həbəşistanlı məmura bu peyğəmbərliyin İsa Məsihin üzərində yerinə yetdiyini izah edirdi. Yəhudi prozeliti olan həbəşistanlı eramızın 33-cü ilinin Əllinci gün bayramında vəftiz olunanlar kimi nə etməli olduğunu dərhal anladı. «Bu da su! — deyə o, üzünü Filipə tutdu. — Vəftiz olunmağıma nə mane olur?» Filip elə həmin dəqiqə həbəşistanlını vəftiz etdi! d Suda vəftiz» adlı çərçivəyə bax.) Bundan sonra Yehovanın ruhu Filipi Aşdoda xoş xəbəri təbliğ etməyə göndərdi (Həv. 8:32—40).

16, 17. Bu gün mələklər təbliğ işində necə iştirak edirlər?

16 Filip kimi müasir məsihilərin də qarşısında nadir imkan açılır. Çox vaxt onlar Padşahlıq haqqında xoş xəbəri qeyri-rəsmi şəraitdə, məsələn, yol gedəndə rastlaşdıqları adamlara çatdırırlar. Bir çox hallarda açıq-aydın başa düşülür ki, onların səmimi insanla rastlaşması sadəcə təsadüf deyil. Bu belə də olmalıdır, çünki Müqəddəs Kitab aydın şəkildə göstərir ki, xoş xəbərin «hər xalqa, tayfaya, dilə və ümmətə» çatdırılması üçün mələklər təbliğ işinə rəhbərlik edirlər (Vəhy 14:6). Mələklərin təbliğ işinə rəhbərlik edəcəyini İsa qabaqcadan xəbər vermişdi. Buğda və alaq otları haqqında məsəlində İsa biçin vaxtı, yəni dövrün yekununda biçində iştirak edən biçinçilərin mələklər olduğunu demişdi. O əlavə etmişdi ki, bu ruhani varlıqlar «günaha sürükləyən hər şeyi və qanunsuz işlər görən hər kəsi onun Padşahlığından yığıb» atacaqlar (Mət. 13:37—41). Eyni zamanda, mələklər əvvəlcə Padşahlığın səmavi varislərini, sonra isə Yehovanın Öz təşkilatına cəlb etmək istədiyi «başqa qoyunlar»dan ibarət «böyük bir izdiham»ı toplamalı idilər (Vəhy 7:9; Yəh. 6:44, 65; 10:16).

17 Bunun yerinə yetməsinə sübutlar var. Məsələn, xidmət zamanı danışdığımız insanların bəziləri deyirlər ki, onlar kömək üçün Allaha dua edirdilər. İki təbliğçinin balaca uşaqla təbliğ etdiyi zaman baş verən bir hadisəyə nəzər salaq. Günortaya yaxın həmin iki Yehovanın Şahidi təbliği dayandırmaq istəyirdi, uşaq isə növbəti qapıya yaxınlaşmağı təkid edirdi. Birdən uşaq qaçıb qapını döydü. Qapını cavan qadın açdı, Yehovanın Şahidləri də məcbur qalıb onunla danışdılar. Qadın elə indicə kiminsə gəlib ona Müqəddəs Kitabı başa salması haqda dua etdiyini deyəndə onlar çox təəccübləndilər. Beləliklə, onunla Müqəddəs Kitabı öyrənməyə başladılar!

«Ay Allah, əgər varsansa, yalvarıram, mənə kömək et»

18. Biz nə üçün xidmətimizə heç vaxt adi yanaşmamalıyıq?

18 Bu gün, təbliğ işinin görünməmiş miqyasda həyata keçirildiyi bir vaxtda məsihi yığıncağının bir parçası kimi, sənin də qarşında mələklərlə əməkdaşlıq etmək kimi şərəfli imkan açılmışdır. Heç vaxt bu imkana adi bir şey kimi baxma! Usanmadan çalışsan, «İsa haqqındakı müjdəni» bəyan etməkdən böyük sevinc duyacaqsan (Həv. 8:35).

a Bu, həvari Filip deyil. Kitabın 5-ci fəslində qeyd olunduğu kimi, o, Yerusəlimdə yunan və ibranidilli məsihi dul qadınlara gündəlik yemək paylamaq üçün təyin olunan yaxşı ad qazanmış yeddi kişidən biri idi (Həv. 6:1—6).

b Görünür, həmin vaxt yeni şagirdlər, adətən, vəftiz olunanda məsh olunur, yəni müqəddəs ruh alırdılar. Bununla da onlar gələcəkdə İsa ilə göydə padşah və kahin kimi idarə etmək ümidinə malik olurdular (2 Kor. 1:21, 22; Vəhy 5:9, 10; 20:6). Lakin bu müstəsna bir hal idi, belə ki, yeni şagirdlər vəftiz olunanda məsh olunmamışdılar. Təzəcə vəftiz olunmuş şagirdlər müqəddəs ruhu və onunla birlikdə möcüzəvi ənamları Butrus və Yəhya əllərini onların üzərinə qoyandan sonra aldılar.

c Papa konklavı yeni papanın seçilməsi üçün kardinalların keçirdiyi görüşdür.

d Bu, hisslərə qapılaraq atılan addım deyildi. Yəhudi prozeliti olduğu üçün həbəşistanlı Məsihlə bağlı peyğəmbərliklər də daxil olmaqla, Müqəddəs Yazılarla artıq tanış idi. Allahın niyyətində İsanın oynadığı rolu anlayanda ona dərhal vəftiz olunmağa heç nə mane olmurdu.