DƏRS 31
Allahın Padşahlığı
Müqəddəs Kitabın əsas mövzusu Allahın Padşahlığıdır. Yehova Allah bu Padşahlıq vasitəsilə ilk niyyətini yerinə yetirəcək, yəni yer üzünü cənnətə döndərəcək. Bəs Allahın Padşahlığı nədir? Bu Padşahlıq hazırda hakimiyyət sürür? İndiyədək nələri həyata keçirib? Gələcəkdə hansı işləri görəcək? Bu və növbəti iki dərsdə bu suallara cavab tapacağıq.
1. Allahın Padşahlığı nədir və Padşahı kimdir?
Allahın Padşahlığı Yehova Allahın qurduğu hökumətdir. Bu Padşahlıq göydə qurulub, Padşahı İsa Məsihdir (Mətta 4:17; Yəhya 18:36). Müqəddəs Kitabda deyilir ki, İsa Məsih «əbədiyyən hökmranlıq edəcək» (Luka 1:32, 33). Allahın Padşahlığının Padşahı olan İsa Məsih yer üzündəki bütün insanların üzərində hakimiyyət sürəcək.
2. Padşahlıqda Məsihlə birgə kimlər hakimiyyət sürür?
İsa Padşahlıqda tək hakimiyyət sürmür. «Hər tayfaya, hər dilə, xalqa və ümmətə mənsub olan» insanlar onunla birlikdə «yer üzərində padşahlıq edəcəklər» (Vəhy 5:9, 10). Onlar neçə nəfər olacaq? İsa yer üzündə yaşayan vaxtdan bu yana milyonlarla insan onun davamçısı olub. Amma onların hamısı göyə qalxıb onunla birgə hakimiyyət sürməyəcək. Yalnız 144 000 davamçısı Məsihlə birgə padşahlıq edəcək. (Vəhy 14:1—4 ayələrini oxuyun.) Qalan məsihilər isə yer üzündə Allahın Padşahlığının vətəndaşları olacaq (Zəbur 37:29).
3. Nəyə görə Allahın Padşahlığı insan hökumətlərindən üstündür?
Bu dünyada dövlət rəhbərlərindən bəziləri yaxşı işlər görməyə çalışır. Amma onların gücü məhduddur, istədikləri hər şeyi həyata keçirə bilmirlər. Həmçinin əvvəl-axır onların yerini başqaları tutur. Bəzən isə həmin adamlar xalqın rifahını düşünmür. Allahın Padşahlığının Rəhbəri olan İsa Məsihi isə heç vaxt heç kəs əvəz etməyəcək. Allahın qurduğu bu Padşahlıq «heç vaxt dağılmayacaq» (Dənyal 2:44). İsa Məsih bütün dünyanı idarə edəcək. O, insanlar arasında fərq qoymayacaq. İsa çox mehriban, xeyirxah və ədalətli Padşahdır. İnsanlara da bir-biri ilə bu cür davranmağı, mehriban, xeyirxah, ədalətli olmağı öyrədəcək. (Əşiya 11:9 ayəsini oxuyun.)
D Ə R İ N L İ Y Ə V A R I N
Görün nəyə görə Allahın Padşahlığı bu dünyadakı hökumətlərdən üstündür.
4. Allahın Padşahlığı bütün yer üzünü idarə edəcək
İsa Məsih tarix boyu yaşamış hökmdarların hamısından qat-qat qüdrətlidir. Mətta 28:18 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
-
Nəyə görə İsanın hakimiyyəti bu dünyadakı rəhbərlərin hakimiyyətindən üstündür?
İnsanların qurduğu hökumətlər tez-tez dəyişir. Həmçinin hər hökumət Yer kürəsinin müəyyən bir hissəsini idarə edir. Bəs Allahın Padşahlığı haqda nə demək olar? Dənyal 7:14 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
-
Allahın Padşahlığı «əsla dağılmayacaq». Bu, insanlara hansı faydanı gətirəcək?
-
Bu Padşahlıq bütün dünyanı idarə edəcək. Bu, insanlara hansı faydanı gətirəcək?
5. İnsan hökumətləri olmayacaq
Nəyə görə bu dünyadakı hökumətlərin yerini Allahın Padşahlığı tutmalıdır? VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
-
İnsan hakimiyyəti nələrə səbəb olub?
Vaiz 8:9 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
-
Sizcə, Allahın Padşahlığı bu dünyadakı hökumətlərin yerini tutmalıdır? Nəyə görə belə düşünürsünüz?
6. Allahın Padşahlığındakı rəhbərlər mərhəmətlidir
Padşahımız İsa Məsih yer üzündə insan kimi yaşadığı üçün zəifliklərimizi anlaya bilir (İbranilərə 4:15). Üstəlik, İsa ilə birlikdə 144 000 mömin kişi və qadın hakimiyyət sürəcək. Yehova onları «hər tayfaya, hər dilə, xalqa və ümmətə mənsub olan» insanların arasından seçib (Vəhy 5:9).
-
İsanın və onunla hakimiyyət sürəcək kəslərin bir vaxtlar insan olduğunu bilmək sizdə hansı hissləri oyatdı? Nəyə görə?
7. Allahın Padşahlığının qanunları bütün qanunlardan üstündür
Hər hökumətin qanunları olur. Bu qanunlar vətəndaşlara fayda gətirmək, onları qorumaq üçün verilir. Allahın Padşahlığının da qanunları var. Onun vətəndaşları bu qanunlara əməl etməlidir. 1 Korinflilərə 6:9—11 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:
-
Hər kəs Allahın qanunlarına əməl edəndə, sizcə, dünya necə olacaq? a
-
Sizcə, Padşahlığın vətəndaşlarından bu qanunlara uyğun yaşamağı tələb etməyə Yehovanın haqqı çatır? Nəyə görə?
-
Haradan bilirik ki, bu qanunlarla yaşamayan insanlar sonradan dəyişə bilər? (11-ci ayəyə baxın.)
BƏZİ İNSANLAR SORUŞUR: «Allahın Padşahlığı nədir?»
-
Siz necə cavab verərdiniz?
İCMAL
Allahın Padşahlığı göydə qurulmuş hökumətdir və gələcəkdə bütün yer üzünü idarə edəcək.
Təkrar
-
Allahın Padşahlığında kimlər hakimiyyət sürür?
-
Nəyə görə Allahın Padşahlığı insan hökumətlərindən üstündür?
-
Yehova Padşahlığın vətəndaşlarından hansı qanunlara əməl etməyi tələb edir?
Ə L A V Ə M Ə L U M A T
Padşahlıq harada yerləşir? Görün İsa Məsih bu barədə nə demişdi.
Nəyə görə Yehovanın Şahidləri üçün Allahın Padşahlığına sadiq qalmaq insan hakimiyyətinə sadiq qalmaqdan vacibdir?
Yehovanın seçdiyi 144 000 nəfər barədə Müqəddəs Kitabda nə yazılıb?
Həbsxanada olan bir qadını nə əmin etdi ki, Allah dünyada ədaləti bərqərar edə bilər?
«Ədalətsizliklə bağlı suallarıma cavab tapdım» («Oyanın!», noyabr 2011)
a Bu qanunlardan bəziləri barədə 3-cü bölmədə yazılıb.