Kontentə keç

Mündəricatı göstər

DƏRS 42

Müqəddəs Kitabda subaylıq və evlilik

Müqəddəs Kitabda subaylıq və evlilik

Bəzi mədəniyyətlərdə insanlar düşünür ki, ailə qurmadan xoşbəxt olmaq mümkün deyil. Amma bütün ailəli insanların xoşbəxt, bütün subayların isə bədbəxt olduğunu demək olmaz. Əslində, Müqəddəs Kitabda deyilir ki, həm subaylıq, həm də nikah Allahdan ənamdır.

1. Subaylığın hansı müsbət tərəfləri var?

Müqəddəs Kitabda deyilir: «Evlənən xeyir tapır, subay qalan isə daha çox xeyir tapacaq». (1 Korinflilərə 7:32, 33, 38 ayələrini oxuyun.) Hansı mənada subay insan «daha çox xeyir» tapa bilər? Subay məsihinin həyat yoldaşının qayğısına qalmaq kimi məsuliyyəti yoxdur. Buna görə də o daha çox sərbəstdir. Subaylar müxtəlif üsullarla xidmətlərini genişləndirə bilər, məsələn, xoş xəbəri təbliğ etmək üçün başqa ərazilərə gedə bilərlər. Ən başlıcası isə, onların Yehovaya yaxınlaşmaq üçün daha çox vaxt ayırmaq imkanları var.

2. Rəsmi nikah bağlamağın hansı xeyri var?

Subaylıq kimi, ailə qurmağın da öz müsbət tərəfləri var. Müqəddəs Kitabda deyilir ki, «iki nəfər bir nəfərdən yaxşıdır» (Vaiz 4:9). Bu sözlər xüsusilə nikahlarında Müqəddəs Kitab prinsiplərini tətbiq edən məsihilərə aiddir. Rəsmi nikah bağlayan kişi ilə qadın bir-birini sevəcəyinə, bir-birinə hörmət edəcəyinə və dəyər verəcəyinə söz verir. Bunun sayəsində onlar rəsmi nikah bağlamadan birgə yaşayan cütlüklərdən fərqli olaraq özlərini daha çox təhlükəsizlikdə hiss edirlər. Belə ailədə böyüyən uşaqlar da özlərini təhlükəsizlikdə hiss edir.

3. Yehova nikaha necə yanaşır?

Yehova ilk nikahın təməlini qoyarkən demişdi: «Kişi öz ata-anasını tərk edib arvadına bağlanacaq və onlar bir bədən olacaq» (Yaradılış 2:24). Yehova istəyir ki, ərlə arvad həyatda olduqları müddətdə bir-birini sevib, bir-birinə bağlansınlar. Yehova boşanmağa yalnız bir halda icazə verir: tərəflərdən biri zina edibsə. Belə vəziyyətdə Yehova boşanıb-boşanmayacağına dair qərar vermək ixtiyarını günahsız tərəfə verir a (Mətta 19:9). Müqəddəs Kitaba əsasən, məsihilərə çoxarvadlılıq qadağandır (1 Timutiyə 3:2, 3a).

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün subay və ya evli olmağınızdan asılı olmayaraq, necə xoşbəxt ola bilərsiniz və Yehovanı necə sevindirə bilərsiniz.

4. Subaylıq ənamının qədrini bilin

İsa Məsih subaylığı ənam adlandırmışdı (Mətta 19:11, 12). Mətta 4:23 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • İsa Məsih Yehovaya xidmət etmək və insanlara kömək etmək üçün subaylıq ənamından necə istifadə etmişdi?

Subay məsihilər də, İsa Məsih kimi, subaylıq ənamından düzgün istifadə edərək sevinc duya bilərlər. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

  • Məsihilər öz subaylıqlarından hansı xeyirli işlər üçün istifadə edə bilərlər?

Bilirsiniz?

Müqəddəs Kitabda ailə qurmaq üçün minimum yaş həddi yazılmayıb. Bununla belə, orada məsləhət görülür ki, insan «gəncliyinin qaynar çağı» ötənə qədər gözləsin. Çünki cinsi istəklərin güclü olduğu bu dövrdə gəncə düzgün qərar vermək çətin ola bilər (1 Korinflilərə 7:36).

5. Həyat yoldaşını hikmətlə seçin

Həyat yoldaşı seçmək insanın həyatda verdiyi ən vacib qərarlardan biridir. Mətta 19:4—6, 9 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Nəyə görə məsihi tez-tələsik ailə qurmamalıdır?

Müqəddəs Kitabın köməyi ilə biləcəksiniz ki, həyat yoldaşı seçərkən hansı xüsusiyyətlərə fikir vermək lazımdır. Hər şeydən öncə həmin insan Yehovanı sevməlidir b. 1 Korinflilərə 7:39 2 Korinflilərə 6:14 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

  • Nəyə görə yalnız məsihi dindaşımızla ailə qurmalıyıq?

  • Sizcə, Yehovanı sevməyən insanla ailə qursaq, bu, Yehovaya necə təsir edər?

Bir-birindən fərqli iki heyvan eyni boyunduruq altına salınsa, hər ikisi əziyyət çəkər. Eynilə, imanına şərik olmayan insanla ailə quran məsihinin də çoxlu problemləri olacaq

6. Nikaha Yehovanın gözü ilə baxın

Qədim İsraildə bəzi kişilər öz xeyirlərini güdərək arvadlarını boşayırdılar. Məlaki 2:13, 14, 16 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Nə üçün Yehova Müqəddəs Kitaba əsaslanmayan səbəblərə görə boşanmağa nifrət edir?

Xəyanət və boşanma günahsız tərəfin və uşaqların qəlbini yaralayır

VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

  • Əgər həyat yoldaşınız imanınıza şərik deyilsə, ailənizin xoşbəxt olması üçün nə edə bilərsiniz?

7. Yehovanın nikahla bağlı qoyduğu qaydalara əməl edin

Yehovanın nikahla bağlı qoyduğu qaydalara əməl etmək insandan böyük səy tələb edir c. Ancaq Yehova bu cür davranan insanlara kömək edir. VİDEOYA baxın.

İbranilərə 13:4 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • Sizcə, Yehovanın nikahla bağlı qoyduğu qanunlara əməl etmək mümkündür? Nəyə görə belə düşünürsünüz?

Yehova istəyir ki, məsihilər nikaha daxil olarkən və boşanarkən dövlət qeydiyyatından keçsinlər, çünki əksər ölkələrdə qanun da bunu tələb edir. Titusa 3:1 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Əgər ailəlisinizsə, nikahınız dövlət qeydiyyatından keçib?

BƏZİ İNSANLAR SORUŞUR: «Rəsmi nikah bağlamağa nə ehtiyac var?»

  • Necə cavab verərdiniz?

İCMAL

Subaylıq da, evlilik də Yehovadan ənamdır. Əgər insan Yehovanın iradəsinə uyğun yaşayırsa, ikisi də insana sevinc və xoşbəxtlik gətirir.

Təkrar

  • İnsan öz subaylığından düzgün şəkildə necə istifadə edə bilər?

  • Nəyə görə Müqəddəs Kitabda deyilir ki, yalnız məsihi dindaşımızla ailə qurmalıyıq?

  • Müqəddəs Kitab yalnız hansı halda boşanmağa icazə verir?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

«Ağanın yolunda» olan adamla ailə qurmaq nə deməkdir?

«Oxucuların sualları» («Gözətçi qülləsi», 1 sentyabr 2004)

Növbəti video sizə görüşməklə və ailə qurmaqla bağlı düzgün qərar verməyə kömək edə bilər.

«Nikaha hazırlıq» (11:53)

Görün nəyə görə bir qardaş düşünür ki, Yehova onu verdiyi qurbanlardan qat-qat artıq mükafatlandırıb.

«Onun həqiqəti öyrənəcəyinə ümidimi itirmədim, amma...» (1:56)

Ayrılmazdan və ya boşanmazdan əvvəl insan nələri götür-qoy etməlidir?

«Allahın bir boyunduruqda birləşdirdiyinə hörmət edin» («Gözətçi qülləsi», dekabr 2018)

a Zinaya yol verilmədiyi halda ayrı yaşamaqla bağlı 4-cü əlavəyə baxın.

b Bəzi xalqlarda övladları üçün həyat yoldaşını valideynləri seçir. Belə olan halda qayğıkeş valideyn insanın, ilk növbədə, puluna, yaxud cəmiyyətdəki mövqeyinə yox, Yehovanı sevib-sevmədiyinə fikir verməlidir.

c Əgər kiminləsə nikaha daxil olmadan yaşayırsınızsa, həmin insandan ayrılacağınıza, yaxud onunla ailə quracağınıza özünüz qərar verməlisiniz.