Kontentə keç

Mündəricatı göstər

FƏSİL 11

Vəftizçi Yəhya yol hazırlayır

Vəftizçi Yəhya yol hazırlayır

MƏTTA 3:1—12 MARK 1:1—8 LUKA 3:1—18 YƏHYA 1:6—8, 15—28

  • YƏHYA TƏBLİĞ VƏ VƏFTİZ ETMƏYƏ BAŞLAYIR

  • ÇOXLARI VƏFTİZ OLUR, ANCAQ HAMI YOX

Eramızın 29-cu ilinin bahar fəslidir. Onikiyaşlı İsanın məbəddə müəllimlərə suallar verdiyi vaxtdan təxminən 17 il ötüb. İsanın qohumu Yəhyanın adı dillər əzbəridir. O, İordan çayının şərq sahili boyu təbliğ edir.

Yəhya həm görünüşü, həm də danışığı ilə insanlarda xüsusi təəssürat oyadır. O, dəvə yunundan paltar geyir, belinə dəri qurşaq bağlayır; çəyirtkə və çöl balı ilə qidalanır. Bəs o, hansı xəbəri çatdırır? «Tövbə edin, çünki səmavi Padşahlıq yaxınlaşır», — deyə o bəyan edir (Mətta 3:2).

Yəhyanın sözlərini eşidənlərin ürəyi riqqətə gəlir. Çoxları anlayır ki, tövbə etmək, yəni düşüncə tərzini dəyişib əvvəlki həyat yolundan əl çəkmək lazımdır. «Yerusəlim, bütün Yəhudiyyə və İordan ətrafı bölgələrin camaatı onun yanına» axışır (Mətta 3:5). Yəhyanın yanına gələnlərin çoxu tövbə edir. O, onları İordan çayında suya batırıb çıxarmaqla vəftiz edir. Nəyə görə?

Yəhya insanları Allahın Qanun əhdinə qarşı işlətdikləri günahlardan sidqi-ürəkdən tövbə etdiklərinin əlaməti və ya təsdiqi olaraq vəftiz edir (Həvarilərin işləri 19:4). Ancaq vəftiz olmağa hamı yararlı deyil. Yəhudi din xadimləri olan fərisi və saddukilərdən bəziləri Yəhyanın yanına gələndə o, onları «əfi ilan balaları» adlandıraraq deyir: «Tövbəyə yaraşan bəhrələr gətirin, “Atamız İbrahimdir”, — deyib özünüzü arxayınlaşdırmayın. Bunu bilin ki, Allah istəsə, İbrahimə bu daşlardan da övlad yarada bilər. Balta artıq ağacların dibindədir. Yaxşı meyvə gətirməyən ağac kəsilib oda atılacaq» (Mətta 3:7—10).

Yəhyanın diqqət mərkəzində olduğunu, qüdrətli bir xəbər çatdırdığını və çoxlarını vəftiz etdiyini görən yəhudilər kahin və lavililəri onun yanına göndərib soruşurlar:

— Sən kimsən?

— Mən Məsih deyiləm, — deyə Yəhya etiraf edir.

— Bəs onda kimsən? Olmaya, İlyassan?

— Xeyr.

— Bəlkə, həmin o Peyğəmbərsən? (Onlar Musa peyğəmbərin dediyi peyğəmbəri nəzərdə tuturlar.) (Qanunun təkrarı 18:15, 18).

— Xeyr, — deyə Yəhya cavab verir.

Onlar təkid edirlər: «Axı sən kimsən? Özün haqqında bir şey de ki, bizi göndərənlərə cavab verə bilək». Yəhya deyir: «Mən Əşiya peyğəmbərin dediyi, çöllükdə: “Yehovanın yolunu hamarlayın!” — deyə car çəkənin səsiyəm» (Yəhya 1:19—23).

«Əgər sən nə Məsih, nə İlyas, nə də həmin o Peyğəmbər deyilsənsə, bəs onda nəyə görə vəftiz edirsən?» — deyə onlar bilmək istəyirlər. Yəhya onlara cavab verir: «Mən suda vəftiz edirəm. Lakin aranızda bir nəfər var, siz onu tanımırsınız. O, məndən sonra gəlir, amma mən onun səndəlinin bağını belə, açmağa layiq deyiləm» (Yəhya 1:25—27).

Bəli, Yəhya başa düşür ki, Məsihi, gələcək padşahı qəbul etmələri üçün insanların ürəklərini hazırlamağa kömək etməklə yol hazırlamış olur. Yəhya gələcək Məsih haqqında belə deyir: «Mən onun ayağından səndəlini çıxartmağa belə, layiq deyiləm» (Mətta 3:11). Yəhya həmçinin deyir: «Məndən sonra gələn məni ötüb keçdi, çünki o, məndən əvvəl var olub» (Yəhya 1:15).

Yəhyanın: «Tövbə edin, çünki səmavi Padşahlıq yaxınlaşır», — deyə çatdırdığı xəbər, həqiqətən də, yerindədir (Mətta 3:2). Bununla o, açıq-aydın bəyan edir ki, Yehovanın təyin etdiyi Padşahın, İsa Məsihin xidməti tezliklə başlayacaq.