Kontentə keç

Mündəricatı göstər

FƏSİL 124

Məsih xəyanətə uğrayır və həbs olunur

Məsih xəyanətə uğrayır və həbs olunur

MƏTTA 26:47—56 MARK 14:43—52 LUKA 22:47—53 YƏHYA 18:2—12

  • YƏHUDA BAĞDA İSA MƏSİHİ SATIR

  • BUTRUS BİR NƏFƏRİN QULAĞINI KƏSİR

  • İSA PEYĞƏMBƏR HƏBS OLUNUR

Artıq gecəyarısını keçib. Kahinlər İsa Məsihi ələ verməyin müqabilində Yəhuda İskəryuta otuz gümüş pul verməyi söz vermişdilər. Yəhuda İskəryut böyük kahinləri və fərisiləri İsa Məsihin yanına aparır. Onlar silahlanmış Roma əsgərlərindən və sərkərdədən ibarət böyük izdihamın müşayiəti ilə gedirlər.

Pasxa bayramında İsa Məsih Yəhudanı otaqdan çıxaranda, görünür, o, birbaşa böyük kahinlərin yanına getmişdi (Yəhya 13:27). Onlar da dərhal öz keşikçilərini və bir dəstə əsgər toplamışdılar. Yəhuda, ola bilsin, əvvəlcə onları İsa peyğəmbərin həvariləri ilə Pasxanı qeyd etdiyi evə gətirir. Amma onları orada tapmayıb Qidron vadisini keçib bağa tərəf yollanırlar. Əllərindən silahdan əlavə çıraq və məşəl götürüblər. Bəli, onlar İsa Məsihi tutmağa qəti qərarlıdırlar.

Yəhuda izdihamı Zeytun dağına aparır, o, İsa Məsihin harada olduğunu çox gözəl bilir. Keçən həftə boyu Məsih həvarilərilə Beytaniyyəyə və Yerusəlimə gedib-gələndə tez-tez Getsemani bağında ayaq saxlayırdı. Amma indi zülmət qaranlıqdır, İsa Məsih isə yəqin zeytun ağaclarının kölgəsindədir. Bəs onda İsa Məsihi heç vaxt görməyən əsgərlər onu necə tanıyacaqlar? Buna görə də Yəhuda onlara işarə verəcəyini deyir: «Kimi öpsəm, İsa odur. Onu tutun və nəzarət altında aparın» (Mark 14:44).

Yəhuda izdihamla birgə Getsemani bağına girir. O, İsa Məsihi həvariləri ilə görüb ona tərəf irəliləyir. Yəhuda: «Salam, Rabbi!» — deyib onu nəvazişlə öpür. Məsih ona cavab verir: «Sən burada nə gəzirsən?» (Mətta 26:49, 50). Sonra sualına özü cavab verir: «Yəhuda, insan Oğlunu öpüşlə satırsan?» (Luka 22:48). Amma artıq bu xəyanətkarla danışmağa dəyməz!

İsa Məsih məşəllərin və çıraqların işığında qabağa çıxıb izdihamdan soruşur: «Kimi axtarırsınız?» İzdihamdan bir nəfər deyir: «Nəsrani İsanı». İsa Məsih cəsarətlə: «Mənəm», — deyir (Yəhya 18:4, 5). Nə olacağını bilməyən adamlar yerə yıxılırlar.

Bu fürsətdən istifadə edərək qaçıb qaranlıqda gizlənmək əvəzinə, İsa Məsih onlardan kimi axtardıqlarını yenə soruşur. Onlar bu dəfə də «nəsrani İsanı» deyəndə o, təmkinlə söyləyir: «Axı sizə dedim ki, mənəm. Əgər məni axtarırsınızsa, bunları buraxın». Hətta belə bir həlledici məqamda da İsa Məsih unutmur ki, o, heç birini itirməməlidir (Yəhya 6:39; 17:12). İsa Məsih sadiq həvarilərini qoruyub və həlaka gedən adamdan, Yəhuda İskəryutdan başqa heç birini itirməyib (Yəhya 18:7—9). Buna görə də indi o, sadiq davamçılarının buraxmalarını istəyir.

Əsgərlər ayağa qalxıb İsa Məsihin üstünə gəlirlər. Həvarilər işin nə yerdə olduğunu görüb ondan soruşurlar: «Ağa, qılıncları işə salaq?» (Luka 22:49). İsa Məsih cavab verməyə macal tapmamış Butrus özləri ilə gətirdikləri iki qılıncdan birini çəkib baş kahinin nökəri Məlkin sağ qulağını kəsir.

İsa peyğəmbər isə Məlkin qulağına toxunub onu sağaldır. Sonra vacib nəsihət verərək Butrusa əmr edir: «Qılıncını qaytar qoy qınına. Qılınc götürən hər kəs qılıncdan öləcək». İsa Məsihin növbəti sözlərindən görmək olar ki, o həbs olunmağa hazırdır: «Bəs onda Müqəddəs Yazılar necə yerinə yetər? Axı orada yazılıb ki, hər şey məhz bu cür olmalıdır» (Mətta 26:52, 54). Sonra sözünə əlavə edir: «Məgər Atamın mənə verdiyi camı içməməliyəm?» (Yəhya 18:11). Bəli, İsa Məsih Allahın onunla bağlı niyyətinə, hətta həyatı bahasına olsa belə tabe olur.

Məsih izdihama deyir: «Məgər mən qulduram ki, məni tutmaq üçün üstümə qılınc və dəyənəklə gəlmisiniz? Hər gün məbəddə oturub vəz edəndə məni həbs etmirdiniz. Lakin bütün bunlar peyğəmbərlərin sözləri yerinə yetsin deyə, baş verir» (Mətta 26:55, 56).

Əsgərlər, sərkərdə və yəhudilərin keşikçiləri Məsihi tutub əl-qolunu bağlayırlar. Bunu görən həvarilər onu qoyub qaçırlar. Lakin izdihamın arasında bir cavan oğlan (ehtimal ki, şagird Mark) İsa Məsihin dalınca getmək üçün orada qalır (Mark 14:51). Amma camaat bu cavan oğlanı tanıyır və onu tutmaq istəyir. Buna görə də o, kətan paltarını qoyub qaçır.