BÖLMƏ 7
Allahın peyğəmbərlər vasitəsilə verdiyi vəd
QƏDİM zamanlarda peyğəmbərlər Allaha iman təzahür etdirirdilər. Onun vədlərinə inanır və həyatlarını ona əsasən qururdular. Allah onlara hansı vədləri vermişdi?
Adəmlə Həvva günah işlətdikdən dərhal sonra Allah vəd etdi ki, «ilan»la təmsil olunan «İblis və Şeytan adlanan böyük əjdaha»nın başından vuraraq onu əbədiyyən məhv edəcək bir Şəxs göndərəcək (Yaradılış 3:14, 15; Vəhy 12:9, 12). Görəsən, o Şəxs kim olacaq?
Bu ilk peyğəmbərlikdən təxminən 2000 il sonra Yehova Allah İbrahim peyğəmbərə vəd etdi ki, göndərəcəyi Şəxs onun nəslindən olacaq. Allah İbrahimə dedi: «Yer üzünün bütün xalqları sənin övladın vasitəsilə mübarək olacaq, çünki sən Mənim sözümə qulaq asdın» (Yaradılış 22:18).
Bizim eradan əvvəl 1473-cü ildə Allah Musa peyğəmbərə bu «övlad» barədə növbəti sözləri dedi: «Allahınız Yehova sizə soydaşlarınızın arasından mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asmalısınız» (Qanunun təkrarı 18:15). Musa kimi, bu peyğəmbər də İbrahim peyğəmbərin nəslindən törəməli idi.
Həmçinin bu peyğəmbər Davud padşahın nəslindən çıxmalı və böyük padşah olmalı idi. Allah Davud padşaha vəd etmişdi: «Sənin övladını... ortaya çıxaracağam, onun taxt-tacını bərqərar edəcəyəm» (2 İşmuil 7:12, 13). Eləcə də Allah açıqladı ki, Davudun nəslindən gələcək bu Şəxs «Sülh əmiri olacaq». Onun «hakimiyyəti ucqarlaradək yayılacaq, sülhün sonu olmayacaq. O, Davudun taxtında, padşahlığının başında oturacaq. Hakimiyyətini indidən sonsuzadək ədalət və salehlik üzərində bərqərar edəcək» (Əşiya 9:6, 7). Bəli, Allaha sadiq olan bu Padşah bütün dünyada sülhü və ədaləti bərqərar edəcək. Bəs o nə vaxt gələcək?
Sonralar Cəbrayıl mələk Allahın peyğəmbəri olan Dənyala belə bir xəbər gətirdi: «Bil və agah ol, Yerusəlimin yenidən tikilib bərpa edilməsi üçün fərmanın çıxmasından Öndər Məsihin zühuruna qədər yeddi həftə və altmış iki həftə keçəcək» (Dənyal 9:25). Hər biri 7 ildən ibarət olan bu 69 həftə 483 ilə bərabərdir. Bu dövr bizim eradan əvvəl 455-ci ildə başlayıb, eramızın 29-cu ilində bitmişdir a.
Doğrudanmı, Musaya kimi peyğəmbər olan Məsih və vəd olunmuş «övlad» — eramızın 29-cu ilində peyda oldu? Gəlin bunu nəzərdən keçirək.
a Yehovanın Şahidləri tərəfindən dərc edilən «Əbədi xoşbəxt həyat!» kitabının 255-ci səhifəsindəki 2-ci əlavəyə baxın.