Korinflilərə ikinci məktub 8:1—24
8 Qardaşlar, istəyirik ki, Allahın Makedoniyadakı+ yığıncaqlara göstərdiyi lütf haqqında xəbəriniz olsun.
2 Onlar əziyyətlərlə dolu ağır sınaqla üzləşərkən, yoxsul olmalarına baxmayaraq, hədsiz sevinc və böyük səxavət nümayiş etdirdilər.
3 Mən şahidəm ki, onlar gücləri çatanı+ etdilər, hətta artıqlaması ilə+ səxavət göstərdilər.
4 Bizdən dönə-dönə xahiş etdilər ki, onlar da bəxşişlər verib müqəddəslərə yardım işində iştirak etsinlər.+
5 Onlar bizim gözlədiyimizdən də artığını etdilər — ilk növbədə özlərini Ağaya və Allahın iradəsilə bizə həsr etdilər.
6 Onda biz sizin aranızda bəxşiş toplamaq işinin təməlini qoymuş Titusu təşviq etdik+ ki, sizin bəxşişlərinizi yığıb qurtarsın.
7 Siz isə hər şeydə: imanda, sözdə, bilikdə, şövqdə və sizə qarşı olan məhəbbətimizdə zəngin olduğunuz kimi, bu bəxşiş işində də səxavətli olun.+
8 Bunu sizə əmr kimi demirəm. Sizi başqalarının şövqündən agah edib məhəbbətinizin səmimiliyini sınamaq istəyirəm.
9 Ağamız İsa Məsihin göstərdiyi lütfü bilirsiniz. O, varlı olduğu halda, sizin uğrunuzda yoxsul oldu+ ki, siz onun yoxsulluğu sayəsində varlanasınız.
10 Bu barədə öz fikrimi söyləmək istərdim:+ bu iş sizin xeyrinizədir, xüsusən də ona görə ki, siz bir il əvvəl bu işə başlamışdınız, özü də böyük həvəslə başlamışdınız.
11 İndi isə başladığınız işi tamamlayın. Bu işi necə həvəslə başlamışdınızsa, eləcə də imkanınıza görə həvəslə tamamlayın.
12 Ürəkdən verilən bəxşiş Allaha xüsusilə xoşdur, çünki O, insandan gücü çatanı gözləyir,+ gücü çatmayanı yox.
13 Mən başqalarının yükünü yüngülləşdirib, sizinkini ağırlaşdırmaq istəmirəm.
14 Qoy indi sizdəki bolluq onlardakı əskikliyi, onlardakı bolluq da sizdəki əskikliyi doldursun və beləcə, bərabərlik olsun.
15 Necə ki yazılıb: «Çox yığanın artığı, az yığanın əskiyi yox idi».+
16 Allaha şükür olsun ki, O, sizdən ötrü Titusun ürəyinə eyni istəyi qoyub.+
17 O, doğrudan da, çağırışımıza hay verdi. İşə can yandıran adam olduğu üçün öz istəyi ilə yanınıza gəlir.
18 Müjdə ilə bağlı gördüyü işlərinə görə bütün yığıncaqlarda yaxşı ad qazanmış bir qardaşı da onunla birlikdə göndəririk.
19 Həmçinin o, yığıncaqlar tərəfindən seçilib ki, bizimlə birgə bu bəxşişləri aparsın. Paylayacağımız bu bəxşişlərlə Ağanı* şərəfləndirəcək və köməyə hazır olduğumuzu göstərəcəyik.
20 Buna görə də əliaçıqlıqla verilmiş və payladığımız bu bəxşişlərlə bağlı məsələdə elə hərəkət edirik ki, heç kim bizdə nöqsan tapmasın.+
21 Çünki biz «təkcə Yehovanın gözündə yox, insanların gözündə də hər cəhətdən dürüst olmağa çalışırıq».+
22 Onlarla bir yerdə yanınıza daha bir qardaşımızı da göndəririk. Biz onu dəfələrlə sınamışıq, çox şeydə çalışqan olduğunun şahidi olmuşuq. O, sizdən çox arxayın olduğu üçün indi daha çox can yandırır.
23 O ki qaldı Titusa, o, mənim yoldaşım və sizin xeyriniz üçün zəhmət çəkən əməkdaşımdır, o biri qardaşlar isə yığıncaqların elçiləri və Məsihin iftixarıdırlar.
24 Belə isə, məhəbbətinizi onlara sübut edin+ və sizinlə nahaqdan fəxr etmədiyimizi yığıncaqlara göstərin.
Haşiyələr
^ Yaxud Rəbbi.