Həvarilərin işləri 2:1—47
2 Əllinci gün* bayramında+ onların hamısı bir yerə toplaşmışdı.
2 Qəflətən göydən şiddətli küləyin səsinə oxşar bir səs gəldi və oturduqları evi doldurdu.+
3 Onlar alovun dillərinə bənzər bir şey gördülər. Bu dillər bir-birindən ayrılıb hər birinin üzərinə qondu.
4 Onların hamısı müqəddəs ruhla doldu+ və müxtəlif dillərdə danışmağa başladılar. Bu qabiliyyəti onlara ruh verdi.+
5 O vaxt Yerusəlimdə dünyanın hər ölkəsindən gəlmiş mömin yəhudilər var idi.+
6 Bu səsə çoxlu adam toplaşdı. Onlar bu işə məəttəl qalmışdılar, çünki şagirdlər onların doğma dillərində danışırdı.
7 Onlar böyük heyrət içində bir-birinə deyirdilər: «Bura baxın, məgər bu danışanlar cəliləli+ deyillər?
8 Bəs necə olur ki, hər birimiz öz ana dilimizi eşidirik?
9 Parfiyalılar, madalılar+, elamlılar+, Mesopotamiya*, Yəhudiyyə, Kappadokiya, Pont və Asiya+ əyalətinin*,
10 Frigiya, Pamfiliya, Misir və Liviyanın Kirenaya yaxın olan bölgələrinin sakinləri, həmçinin Romadan gəlmiş yəhudilər və prozelitlər*,+
11 kritlilər və ərəblər — hamımız onların öz doğma dilimizdə Allahın əzəmətli işləri haqqında danışdığını eşidirik».
12 Bəli, onların hamısı heyrət və çaşqınlıq içində bir-birindən soruşurdular: «Bu nədir belə?»
13 Digərləri isə istehza ilə deyirdilər: «Əşi, bunlar şirin çaxır içiblər».
14 Butrus isə on bir+ həvari ilə birgə ayağa qalxıb ucadan dedi: «Ey Yəhudiyyə və Yerusəlim sakinləri! Sözümü dinləyin. Bunu bilin ki,
15 bu adamlar, sizin düşündüyünüz kimi, heç də sərxoş deyillər, çünki indi haradasa səhər saat doqquzdur*.
16 Əksinə, Yuil peyğəmbərin dedikləri yerinə yetir:
17 “Allah deyir: “Axırzamanda hər cür insanın üzərinə ruhumu tökəcəyəm, sizin oğullarınız da, qızlarınız da peyğəmbərlik edəcək, gəncləriniz vəhylər alacaq, qocalarınız röyalar görəcəklər.+
18 Hətta qullarımın və qarabaşlarımın da üzərinə həmin günlərdə ruhumu tökəcəyəm və onlar peyğəmbərlik edəcəklər.+
19 Mən yuxarıda, göydə və aşağıda, yerdə möcüzələr* göstərəcəyəm: qan, od və tüstü burumları olacaq.
20 Yehovanın şanlı və möhtəşəm günü gəlməzdən əvvəl günəş zülmətə, ay qana qərq olacaq.
21 Yehovanın adını çağıran hər kəs qurtulacaq”.+
22 Ey İsrail oğulları! Məni dinləyin. Bildiyiniz kimi, Allah nəsrani İsanı sizə açıq-aşkar tanıtdı: onun vasitəsilə qarşınızda qüdrətli işlər, əlamətlər, möcüzələr etdi.+
23 Allah onun həbs ediləcəyini qabaqcadan bilib qərarlaşdırmışdı.+ Siz həmin adamı qanun bilməyən adamların əli ilə dirəyə mıxlayıb öldürdünüz.+
24 Lakin Allah onu ölüm əzabından* xilas edib diriltdi,+ çünki ola bilməzdi ki, o, ölümün dustağı olaraq qalsın.+
25 Davud onun haqqında belə deyir: “Yehovanı daim gözümün önündə saxlayıram, sağımda durub, əsla sarsılmaram.
26 Buna görə ürəyim sevindi və dilim şadlandı. Mən ümidlə yaşayacağam,
27 çünki Sən məni Məzarda* qoymazsan, qoymazsan vəfalı bəndən çürüsün.+
28 Mənə həyat yolunu öyrətdin, hüzurunda ürəyim fərəhlə dolacaq”.+
29 Qardaşlar, ulu babamız Davud haqqında qətiyyətlə deyə bilərik ki, o ölüb və dəfn edilib,+ qəbiri də bu günədək buradadır.
30 O, peyğəmbər idi. O bilirdi ki, Allah onun övladlarından birini onun taxtına oturdacağına and içib.+
31 O, Məsihin diriləcəyini, Məzarda* qalmayacağını və bədəninin çürüməyəcəyini qabaqcadan bilib xəbər vermişdi.+
32 Bu İsanı Allah diriltdi və bizim hamımız bunun şahidiyik.+
33 Beləliklə, o, Allahın sağına ucaldıldı,+ Atasının vəd etdiyi müqəddəs ruhu aldı,+ gördüyünüz və eşitdiyiniz kimi, bu ruhu üzərimizə tökdü.
34 Davud isə göyə qalxmayıb, o, belə deyir: “Yehova Ağama dedi:
35 “Düşmənlərini kətil kimi ayağının altına qoyanadək sağımda otur”.+
36 Buna görə də, qoy bütün İsrail evi bunu yaxşı bilsin ki, dirəkdə edam etdiyiniz İsanı+ Allah həm Ağa,+ həm də Məsih etmişdir».
37 Bu sözləri eşidəndə onların ürəyini, sanki, xəncər yardı. Onlar Butrusdan və digər həvarilərdən soruşdular: «Qardaşlar, biz nə edək?»
38 Butrus onlara dedi: «Tövbə edin+ və qoy hər kəs günahlarının bağışlanması üçün+ İsa Məsihin adı ilə vəftiz olunsun,+ onda müqəddəs ruh ənamını alacaqsınız.
39 Çünki bu vəd+ həm sizə, həm övladlarınıza, həm də bütün uzaqda olanlara, Allahımız Yehovanın seçəcəyi hər kəsə aiddir».+
40 Butrus bir çox başqa sözlərlə də ətraflı şəhadət verib onları təşviq etdi: «Özünüzü yolunu azmış bu nəsildən xilas edin».+
41 Bu sözləri ürəkdən qəbul edənlər vəftiz olundular+ və o gün üç minə yaxın adam onlara qoşuldu.+
42 Onlar həvarilərdən həvəslə təlim alır, birlikdə vaxt keçirir*, yemək yeyir+ və dua edirdilər.+
43 Həvarilərin vasitəsilə çoxlu möcüzələr və əlamətlər göstərilirdi.+ Hər kəsin ürəyi Allaha ehtiramla dolurdu.
44 İmana gələnlərin hamısı bir yerdə olurdu və hər şeyləri ümumi idi.
45 Onlar əmlaklarını satıb+ pulu aralarında hər kəsin ehtiyacına görə bölüşdürürdülər+
46 və hər gün birlikdə məbəddə yığışır, böyük sevinclə və təmiz ürəklə bir-birinin evində yemək yeyirdilər,
47 Allahı mədh edir və bütün xalqın rəğbətini qazanırdılar. Yehova da hər gün xilas olanları onların sıralarına qoşurdu.+
Haşiyələr
^ Yun. pentekost. Bu bayram nisanın 16-dan hesablanaraq əllinci gündə qeyd edilirdi.
^ İkiçayarası.
^ İncildə Asiya əyaləti ifadəsi altında Asiya qitəsi yox, Roma imperiyasının bir əyaləti nəzərdə tutulur. Həmin ərazi hal–hazırda Türkiyədə yerləşir.
^ Yəni yəhudi dinini qəbul etmiş adamlar.
^ Hərfən: üçüncü saatdır.
^ Yaxud əlamətlər.
^ Digər variant: ölüm iplərindən.
^ Yaxud hər şeylərini bir-biri ilə bölüşür.