Məttanın yazdığı müjdə 12:1—50
12 Bir şənbə günü İsa zəmilərin arasından keçirdi. Onun şagirdləri ac idilər və sünbülləri dərib yeməyə başladılar.+
2 Bunu görən fərisilər ona dedilər: «Bax, sənin şagirdlərin şənbə günü qadağan olunmuş işi görürlər».+
3 İsa onlara dedi: «Məgər oxumamısınız, Davudla yoldaşları acanda Davud nə etmişdi?+
4 Allahın evinə girdiyini və yoldaşları ilə birlikdə təqdim çörəklərini* yediyini məgər bilmirsiniz?+ Halbuki onlar qanuna görə o çörəkləri yeyə bilməzdilər, o çörəkləri yalnız kahinlər yeyə bilərdi.+
5 Yaxud Tövratda* oxumamısınız ki, şənbə günləri kahinlər məbəddə şənbə gününü pozurlar, amma günahkar sayılmırlar?+
6 Bunu bilin ki, burada məbəddən də böyük bir adam durub.+
7 Əgər siz “Mən qurban yox,+ mərhəmət istəyirəm”+ sözlərinin mənasını başa düşsəydiniz, günahsız adamları məhkum etməzdiniz.
8 Çünki insan Oğlu şənbənin ağasıdır».+
9 İsa oradan çıxıb onların sinaqoquna gəldi.
10 Orada əli qurumuş bir adam vardı.+ İsanı təqsirləndirməyə bir bəhanə tapmaq üçün ondan soruşdular: «Qanuna görə şənbə günü adam sağaltmaq olar?»+
11 İsa onlara cavab verdi: «Aranızda elə adam varmı ki, bircə qoyunu olsa və həmin qoyun şənbə günü çalaya düşsə, onu oradan çıxarmasın?+
12 Amma gör insan qoyundan nə qədər qiymətlidir! Bəli, qanuna görə şənbə günü savab iş görmək olar».
13 Sonra o, şikəst adama dedi: «Əlini uzat». O adam əlini uzatdı və qurumuş əli o birisi kimi sapsağlam oldu.
14 Fərisilər çıxıb İsanı öldürmək üçün sui-qəsd hazırladılar.
15 İsa bundan xəbər tutanda oradan uzaqlaşdı. Onun dalınca çoxlu adam getdi+ və İsa onların hamısını sağaltdı.
16 Sonra onlara bərk-bərk tapşırdı ki, onun kim olduğunu heç kəsə deməsinlər.+
17 Beləcə, Əşiya peyğəmbər vasitəsilə deyilmiş bu sözlər yerinə yetdi:
18 «Budur, Mənim seçdiyim, ürəyimcə olan+ əziz qulum!+ Mən ona müqəddəs ruhumu verəcəyəm+ və o, xalqlara ədalətin nə olduğunu izah edəcək.
19 O mübahisə etməyəcək,+ səsini qaldırmayacaq, baş küçələrdə səsi çıxmayacaq.
20 Haqq-ədaləti zəfərə çatdırmayınca sınmış qamışı əzməyəcək,+ közərən piltəni söndürməyəcək.
21 Ümmətlər onun adına ümid bağlayacaq».+
22 Sonra İsanın yanına içinə cin girmiş kor və lal bir adam gətirdilər. İsa onu sağaltdı, onun dili və gözləri açıldı.
23 Camaat bu işə heyran qalıb dedi: «Bəlkə, Davud Oğlu elə budur?»
24 Fərisilər isə bunu eşidəndə dedilər: «O, cinləri elə cinlərin hökmdarı Beelzebubun əli ilə qovur!»+
25 Onların fikirlərini bilən İsa dedi: «Daxildən parçalanmış hər bir padşahlıq dağılacaq və daxildən parçalanmış şəhər və ya ev durmayacaq.
26 Eynilə də, əgər Şeytan Şeytanı qovursa, deməli, o, daxildən parçalanıb. Belə isə, onun padşahlığı necə duracaq?
27 Əgər mən cinləri Beelzebubun əli ilə qovuramsa, görəsən, sizin şagirdləriniz onları kimin əli ilə qovurlar? Buna görə də sizi onlar məhkum edəcəklər.
28 Yox əgər mən cinləri Allahın ruhu ilə qovuramsa, deməli, Allahın Padşahlığı gəlib, sizin isə xəbəriniz yoxdur.+
29 Kimsə güclü bir adamın evinə necə girib var-dövlətini talaya bilər? Gərək əvvəlcə onun əl-qolunu bağlasın, sonra evini qarət etsin.
30 Mənim tərəfimdə olmayan mənim əleyhimədir və mənimlə bir yerdə yığmayan dağıdır.+
31 Buna görə sizə deyirəm: hər cür günah və küfr bağışlanacaq, ancaq müqəddəs ruha qarşı söylənilmiş küfr bağışlanmayacaq.+
32 Misal üçün, kimsə insan Oğlunun əleyhinə bir söz desə, bağışlanacaq,+ ancaq müqəddəs ruhun əleyhinə söz deyən bağışlanmayacaq. O, nə bu dövrdə*, nə də gələcək dövrdə əfv olunmayacaq.+
33 Yetişdirdiyiniz ağac yaxşıdırsa, meyvəsi də yaxşı olacaq, yox əgər çürükdürsə, meyvəsi də çürük olacaq. Ağac meyvəsindən tanınar.+
34 Əfi ilan balaları,+ siz pis olduğunuz halda, necə yaxşı şeylər danışa bilərsiniz? Axı insan ürəyində aşıb-daşan fikirləri dilə gətirir.+
35 Yaxşı adam özünün yaxşı xəzinəsindən yaxşı şeylər çıxarır, pis adam isə pis xəzinəsindən pis şeylər çıxarır.+
36 Onu bilin ki, hər bir insan dediyi hər boş sözə görə Hökm günündə cavab verəcək.+
37 Bəli, insan sözlərinə görə ya bəraət qazanacaq, ya da məhkum olunacaq».
38 O zaman mirzələrdən və fərisilərdən bəziləri İsaya dedi: «Ustad, istəyirik, bizə bir əlamət göstərəsən».+
39 İsa onlara cavab verdi: «Pis və zinakar nəsil həmişə əlamət axtarır, ancaq ona Yunus peyğəmbərin əlamətindən başqa əlamət verilməyəcək.+
40 Yunus nəhəng balığın qarnında üç gün, üç gecə qaldığı kimi,+ insan Oğlu da yerin bağrında üç gün, üç gecə qalacaq.+
41 Hökm vaxtı neynəvalılar bu nəslin adamları ilə bərabər dirilib onları məhkum edəcək, çünki neynəvalılar Yunusun sözlərini eşidib tövbə etdilər,+ halbuki burada Yunusdan daha böyük insan durub.+
42 Hökm vaxtı cənub məlikəsi bu nəslin adamları ilə birlikdə dirilib onları məhkum edəcək. Çünki məlikə Süleymanın hikmətini dinləmək üçün dünyanın o başından durub gəlmişdi,+ hərçənd burada Süleymandan daha hikmətlisi durub.+
43 Murdar ruh insandan çıxandan sonra özünə rahat yer tapmaq üçün quraq yerləri gəzib-dolaşır, amma rahat yer tapmır.+
44 Sonra öz-özünə deyir: “Qoy çıxdığım evə qayıdım”. Geri qayıdanda görür ki, ora boşdur, silinib-süpürülüb və bərbəzək içindədir.
45 Sonra gedir və özündən qat-qat pis olan başqa yeddi ruh gətirir. Onlar içəri girib orada yaşayırlar. O adamın sonu əvvəlkindən daha betər olur.+ Bu pis nəslin də sonu belə olacaq».
46 İsa camaatın qarşısında danışarkən anası və qardaşları+ gəlib bayırda durdular. Onlar İsa ilə danışmaq istəyirdilər.+
47 Bir nəfər İsaya dedi: «Anan və qardaşların bayırdadırlar, səninlə danışmaq istəyirlər».
48 İsa ona dedi: «Mənim anam və qardaşlarım kimdir?»
49 Sonra əlini şagirdlərinə tərəf uzadıb dedi: «Budur mənim anam və qardaşlarım!+
50 Göydəki Atamın iradəsini yerinə yetirən mənim qardaşım, bacım və anamdır».+