Yəhyanın yazdığı müjdə 7:1—52
7 İsa Cəlilədə təbliğ edirdi. O, Yəhudiyyəyə getmək istəmədi, çünki yəhudilər onu öldürməyə fürsət axtarırdılar.+
2 Yəhudilərin Çardaqlar bayramı+ yaxınlaşırdı.
3 İsanın qardaşları+ ona dedilər: «Burada qalma, Yəhudiyyəyə get, qoy şagirdlərin də etdiyin işləri görsünlər.
4 Məşhurlaşmaq istəyən adam gizlində iş görməz. Sən ki belə işlər görürsən, özünü niyə dünyaya tanıtmırsan?»
5 Əslində, İsanın qardaşları ona inanmırdılar.+
6 Buna görə də İsa onlara dedi: «Mənim vaxtım hələ gəlməyib,+ sizin üçünsə həmişə münasib vaxtdır.
7 Dünya mənə nifrət edir, çünki mən onun işlərinin şər olduğuna şəhadət edirəm.+ Ancaq sizə nifrət etməsinə səbəb yoxdur.
8 Siz bayrama gedin. Mən isə getmirəm, çünki mənim vaxtım hələ gəlməyib».+
9 İsa onlara bu sözləri deyib Cəlilədə qaldı.
10 Ancaq qardaşları bayrama gedəndən sonra İsa da ora getdi. O elə getdi ki, heç kimin xəbəri olmasın.
11 Bayram vaxtı yəhudilər onu axtarmağa başladılar. Onlar: «O haradadır?» — deyə soruşurdular.
12 Camaat arasında onun haqqında çoxlu söz-söhbət gəzirdi. Bəziləri deyirdi: «O, yaxşı adamdır». Başqaları deyirdi: «Yox, o, camaatı yoldan çıxarır».+
13 Ancaq yəhudilərin qorxusundan+ heç kəs onun haqqında açıq danışmırdı.
14 Bayram yarıdan keçmişdi. İsa məbədə gəlib vəz etməyə başladı.
15 Yəhudiləri heyrət bürümüşdü. Onlar deyirdilər: «Necə olur ki, bu adam Müqəddəs Yazıları+ belə yaxşı bilir, axı o, heç yerdə təhsil almayıb*?»+
16 İsa onlara cavab verdi: «Verdiyim təlim mənim deyil, məni göndərənindir.+
17 Allahın iradəsini yerinə yetirmək istəyən adam bu təlimin Allahdan olduğunu,+ yoxsa mənim özümdən danışdığımı ayırd edəcək.
18 Özündən danışan özünə ad-san axtarır. Ancaq onu göndərəni ucaltmaq istəyən+ düz adamdır, onda əyrilik yoxdur.
19 Məgər Qanunu sizə Musa verməyib?+ Halbuki aranızda heç kəs Qanuna əməl etmir. Məni nəyə görə öldürmək istəyirsiniz?»+
20 Onlar cavab verdilər: «Səndə cin var. Kim səni öldürmək istəyir?»
21 İsa onlara dedi: «Mən cəmi bir iş gördüm, sizsə məəttəl qalmısınız.
22 Özünüz fikirləşin: Musa sizə sünnət haqqında qanun verib+ (hərçənd sünnət Musadan yox, əvvəl yaşamış əcdadlarımızdan qalıb)+ və siz şənbə günündə də sünnət edirsiniz.
23 Əgər Musanın Qanunu pozulmasın deyə, şənbə günü sünnət etmək olarsa, bəs onda nə üçün şənbə günü+ insanı tamamilə sağaltdığıma görə qəzəblənmisiniz?
24 Bəsdirin səthi mühakimə etdiniz, ədalətlə mühakimə edin».+
25 Yerusəlim sakinlərindən bəziləri dedilər: «Bu, onların öldürmək istədikləri həmin adam deyil?+
26 Bir baxın, o, açıq-aşkar danışır, ona bir söz deyən yoxdur. Olmaya, bizim rəhbərlər onun Məsih olduğunu düşünürlər?
27 Biz bu adamın haralı olduğunu bilirik,+ ancaq Məsih zühur edəndə heç kəs onun haradan gəldiyini bilməyəcək».
28 İsa məbəddə vəz edərkən ucadan dedi: «Siz məni tanıyırsınız və mənim haradan gəldiyimi bilirsiniz. Ancaq mən özbaşına gəlməmişəm.+ Məni göndərən gerçəkdir, lakin siz Onu tanımırsınız.+
29 Onu mən tanıyıram,+ çünki mən Onun elçisiyəm, məni O göndərib».
30 Onda İsanı tutmaq üçün bir yol axtarmağa başladılar.+ Lakin bir nəfər də olsun onu tutmadı, çünki onun vaxtı hələ yetişməmişdi.+
31 Bununla belə, camaatın içindən bir çoxu ona iman etdi.+ Onlar deyirdilər: «Məgər Məsih gəlib bu adamın göstərdiyi möcüzələrdən artığını göstərəcək?»
32 Fərisilər İsa haqqında gəzən söz-söhbəti eşidəndə böyük kahinlərlə əlbir olub İsanı tutmaq üçün keşikçi göndərdilər.
33 Onda İsa dedi: «Məni göndərənin yanına qayıtmazdan+ əvvəl bir az da sizinlə qalacağam.
34 Siz məni axtaracaqsınız, amma tapmayacaqsınız və getdiyim yerə gələ bilməyəcəksiniz».+
35 Yəhudilər bir-birilərinə dedilər: «Bu adam hara gedir ki, biz onu tapmayacağıq? Bəlkə, o, yunanların arasında yaşayan yəhudilərin yanına gedib yunanları da öyrətmək fikrindədir?
36 Görəsən, o, “məni axtaracaqsınız, amma tapmayacaqsınız və getdiyim yerə gələ bilməyəcəksiniz” sözləri ilə nə demək istəyir?»
37 Bayramın+ ən əsas günü, axırıncı gün gəlib çatdı. İsa qalxıb ucadan dedi: «Susayan yanıma gəlib su içsin.+
38 Kim mənə iman edərsə, Müqəddəs Yazılarda deyildiyi kimi, onun “içindən dirilik suları axacaq”».+
39 İsa bunu müqəddəs ruh barəsində deyirdi. Ona iman edənlər bu ruhu tezliklə alacaqdılar.+ İsa hələ şanlı mövqeyinə qalxmadığı üçün onlar müqəddəs ruhu almamışdılar.+
40 Bu sözlərin müqabilində camaatın arasından bəziləri dedilər: «Bu adam, doğrudan da, həmin o Peyğəmbərdir!»+
41 Başqaları deyirdi: «Bu Məsihdir».+ Ancaq belə deyənlər də vardı: «Axı Məsih Cəlilədən gəlməli deyil.+
42 Məgər yazılmayıb ki, Məsih Davudun nəslindən olacaq,+ Davudun yaşadığı Beytləhm+ kəndindən+ gələcək?»
43 Camaat arasında İsaya görə fikir ayrılığı yarandı.
44 Hətta bəziləri İsanı tutmaq istədi, lakin heç kəs bunu etmədi.
45 Keşikçilər böyük kahinlərin və fərisilərin yanına qayıdanda onlar soruşdular: «Onu niyə gətirmədiniz?»
46 Keşikçilər cavab verdilər: «Biz hələ ömrümüzdə bu cür danışan adam görməmişik».+
47 Fərisilər onlara dedilər: «Deyəsən, o, sizi də yoldan çıxarıb!
48 Görün heç rəhbərlərdən və ya fərisilərdən kimsə ona inanır?+
49 Qanundan xəbəri olmayan bu camaat isə Allahın lənətinə gəlib».
50 Əvvəllər İsanın yanına gəlmiş Nikodem adlı bir fərisi onlara dedi:
51 «Məgər bizim Qanun insanı dinləmədən, onun işini araşdırmadan hökm kəsməyə yol verir?»+
52 Onlar Nikodemə dedilər: «Olmaya, sən də cəliləlisən? Axtarsan, görərsən ki, Cəlilədən peyğəmbər çıxmayacaq».*
Haşiyələr
^ Burada söhbət dini məktəblərdən gedir.
^ Bir sıra qədim və mötəbər əlyazmalarda 53-cü ayədən 8-ci fəslin 11-ci ayəsinədək olan hissə yoxdur.