Yaradılış 24:1—67

  • İbrahimin nökərinin elçilik səfəri (1—58)

  • Rəfəqə İshaqın yanına gəlir (59—67)

24  İbrahim artıq qocalıb yaşa dolmuşdu. Yehova onun hər işini uğurlu etmişdi.+  Bir gün İbrahim evindəki xidmətçilərdən ən yaşlısı olan nökərbaşıya+ dedi: «Əlini budumun altına qoy*  yerin-göyün Allahı Yehovaya and iç ki, oğluma aralarında yaşadığım kənanilərin qızlarından arvad almayacaqsan.+  Mənim ölkəmə, qohumlarımın+ yanına gedib oğlum İshaq üçün oradan arvad alacaqsan».  Nökərbaşı ona dedi: «Bəs birdən qız mənimlə bura gəlmək istəməsə, onda nə edim? Oğlunu sənin çıxdığın torpağa+ qaytarım?»  İbrahim ona cavab verdi: «Məbada oğlumu ora qaytarasan.+  Məni atamın evindən, qohumlarımın arasından çıxaran,+ mənimlə danışan və “bu torpağı sənin övladlarına+ verəcəyəm”+ deyərək mənə and içən+ göylərin Allahı Yehova sənin qarşında mələyini göndərəcək+ və sən mütləq oradan oğluma qız tapacaqsan.+  Əgər qız səninlə gəlmək istəməsə, onda andından azadsan. Bircə oğlumu ora qaytarma».  Onda nökərbaşı əlini ağası İbrahimin budunun altına qoyub and içdi.+ 10  Beləliklə, nökər ağasından on dəvə və cürbəcür hədiyyələr götürüb yola düşdü və gəlib İkiçayarasına*, Nahurun yaşadığı şəhərə çıxdı. 11  O, şəhərdən kənarda bir quyunun yanında dəvələri yerə yatırdı. Axşam düşürdü. Adətən bu vaxt qadınlar su çəkməyə gəlirdilər. 12  O dua edib dedi: «Ey ağam İbrahimin Allahı Yehova, nə olar, bugünkü işimi avand elə, ağam İbrahimə xeyirxahlıq göstər. 13  Mən burada quyunun yanında durmuşam, şəhərin qızları indi su çəkməyə gələcəklər. 14  Qoy elə olsun ki, “səhəngini əy su içim” deyəndə mənə: “Buyur, iç, indi dəvələrinə də verərəm”, — deyə cavab verən qız qulun İshaq üçün seçdiyin qız olsun. Bundan biləcəyəm ki, ağama xeyirxahlıq edirsən». 15  Sözünü deyib qurtarmağa macal tapmamış şəhərdən çiynində səhəng İbrahimin qardaşı Nahurun+ Milqədən+ doğulan oğlu Bətuilin+ qızı Rəfəqə çıxdı. 16  Bu gənc qız çox gözəl idi, özü də bakirə idi, ona hələ kişi əli dəyməmişdi. O, bulaq başına enib səhəngini doldurdu. Geri qayıdanda 17  nökər tez onun qabağına qaçıb dedi: «Qızım, ver səhəngindən bir qurtum su içim». 18  Qız: «Buyur, ağa, iç», — deyə cavab verdi və cəld səhəngini çiynindən aşırıb ona su verdi. 19  O, su içib qurtarandan sonra qız dedi: «İndi dəvələrin üçün də su çəkərəm, doyunca içərlər». 20  Bunu deyib cəld səhəngini suvata boşaltdı, dəfələrlə quyunun yanına qaçdı-gəldi, bir ucdan su çəkib dəvələrin hamısını suladı. 21  Kişi heyrətdən donub qalmışdı. Bütün bu vaxt ərzində səssiz-səmirsiz qızın hərəkətlərini izləyir, Yehovanın onun yolunu uğurlu edib-etmədiyini ayırd etməyə çalışırdı. 22  Dəvələr içib qurtarandan sonra kişi çəkisi yarım şekel* olan qızıldan bir burun halqası və on şekel ağırlığında iki qızıl qolbaq çıxarıb 23  soruşdu: «De görüm kimin qızısan? Atanın evində gecələmək üçün bizə yer tapılar?» 24  Qız ona cavab verib dedi: «Nahurun+ Milqədən doğulan oğlu Bətuilin qızıyam».+ 25  Sonra sözünə əlavə etdi: «Bizdə saman da var, çoxlu yem də. Gecələməyiniz üçün yerimiz də var». 26  Nökər Yehovanın önündə əyilib təzim etdi 27  və dedi: «Şükür olsun ağam İbrahimin Allahı Yehovaya! O, Öz xeyirxahlığını və sədaqətini ağamdan əsirgəmədi. Yehova məni birbaş ağamın qardaşlarının evinə gətirib çıxartdı». 28  Qız qaçıb baş verənləri anasıgilə danışdı. 29  Rəfəqənin Laban adında qardaşı var idi. Laban+ durub qaça-qaça bulaq başında gözləyən adamın yanına getdi. 30  O, burun halqasını və bacısının biləyindəki qolbaqları görəndə, onun «kişi mənə belə-belə dedi» sözlərini eşidəndə hələ də bulaq başında, dəvələrinin yanında dayanan kişini qarşılamağa getdi. 31  Onu görən kimi dedi: «Gəl, ey Yehovanın mübarək bəndəsi. Niyə orada durmusan? Sənin üçün də, dəvələrin üçün də yer hazırlamışam». 32  Bunu eşidəndə kişi qalxıb onlara getdi. O*, dəvələrin yəhər-yüyənini açıb götürdü, onların qabağına saman və yem tökdü, kişiyə və onunla gələnlərə ayaqlarını yumaq üçün su gətirdi. 33  Qarşılarında süfrə açılanda kişi dedi: «Sözümü deməyincə ağzıma bir tikə də qoyan deyiləm». Onda Laban dedi: «Buyur, de sözünü». 34  «Mən İbrahimin nökəriyəm,+ — deyə o sözə başladı. — 35  Yehova ağama xeyir-bərəkət verib, ona o qədər qoyun-quzu, mal-qara, qızıl, gümüş, qul-qarabaş, dəvə, eşşək verib ki, indi onun var-dövləti başından aşır.+ 36  Ağamın arvadı Sara qoca vaxtında ona oğul doğdu,+ ağam da nəyi varsa, hər şeyini ona verəcək.+ 37  Ağam mənə and içdirdi ki, oğluna aralarında yaşadığı kənanilərin qızlarından almayım.+ 38  Onun ata evinə, yaxınlarının+ yanına gedib oğlu üçün oradan arvad alım.+ 39  Mən də ağamdan soruşdum ki, birdən qız mənimlə gəlmək istəmədi.+ 40  Onda o, mənə dedi: “Yolu ilə getdiyim Yehova Allah+ Öz mələyini səninlə göndərəcək+ və yolunu uğurlu edəcək; sən mütləq mənim oğluma yaxınlarımdan, öz ata evimdən+ qız alacaqsan. 41  Əgər yaxınlarımın yanına getsən, amma onlar sənə qız vermək istəməsələr, içdiyin anddan+ azad olacaqsan; onda sənin üstündən məsuliyyət götürüləcək”. 42  Bu gün bulaq başına gəlib çatanda dua edib dedim: “Ey ağam İbrahimin Allahı Yehova, əgər Sən mənim yolumu açıq eləmisənsə, qoy onda belə olsun: 43  mən burada bulağın yanında dayanmışam. Su çəkməyə gələn qıza+: “Nə olar, səhəngindən mənə bir az su ver içim”, — deyəcəyəm. 44  Qoy o, mənə: “Buyur, iç, indi dəvələrin üçün də su çəkərəm”, — deyə cavab versin. Ey Yehova, qoy həmin qız ağamın oğlu üçün seçdiyin qız olsun”.+ 45  Sözümü deyib qurtarmamış bir də gördüm, çiynində səhəng Rəfəqə gəlir. O, bulaq başına enib su çəkməyə başladı. Onda mən ona dedim: “Mənə bir az su ver, içim”.+ 46  O, cəld səhəngi çiynindən aşırıb dedi: “Buyur iç,+ indi dəvələrini də sulayaram”. Mən içəndən sonra o, dəvələrimi də suladı. 47  Ondan soruşdum: “Kimin qızısan?” “Nahurun Milqədən doğulan oğlu Bətuilin”, — dedi. Onda burun halqasını onun burnuna, qolbaqları da biləyinə taxdım.+ 48  Sonra əyilib Yehovaya səcdə etdim, ağamın Allahı Yehovaya şükür etdim+ ki, ağamın oğluna onun qardaşı qızını almaq üçün mənə bələdçilik edib. 49  İndi nə deyirsiniz, ağama xeyirxahlıq, sədaqət göstərəcəksiniz, ya yox? Fikrinizi deyin ki, mən də öz işimi bilim».+ 50  Onda Laban və Bətuil cavab verib dedilər: «Bir iş ki Yehovadandır, daha biz nə deyək? 51  Rəfəqə sənindir, apara bilərsən. Qoy o, Yehova deyən kimi ağanın oğluna arvad olsun». 52  Bu sözləri eşidən kimi İbrahimin nökəri diz çöküb Yehovaya səcdə etdi. 53  Sonra o, gümüş və qızıl əşyalar, libaslar çıxarıb Rəfəqəyə verdi. Qardaşına və anasına da qiymətli şeylər bağışladı. 54  Bundan sonra kişi və onunla gələnlər onlarla birlikdə yeyib-içdilər və gecəni orada qaldılar. Səhər qalxanda nökər dedi: «İzin versəydiniz, ağamın yanına qayıdardım». 55  Qızın qardaşı və anası ona dedi: «Qoy qız heç olmasa on gün bizimlə qalsın, sonra gedər». 56  Nökər isə onlara dedi: «Bir halda ki Yehova yolumu uğurlu edib, buraxın gedim ağamın yanına, məni yoldan saxlamayın». 57  Onda onlar dedilər: «Qoy qızın ağzını arayaq, görək o nə deyir». 58  Rəfəqəni çağırıb ondan soruşdular: «Nə deyirsən, gedirsən bu adamla?» O da: «Gedirəm», — dedi. 59  Belə olanda onlar bacıları Rəfəqə+ ilə dayəsini+ İbrahimin nökəri və onun adamları ilə birgə yola saldılar. 60  Onlar Rəfəqəyə xeyir-dua verib dedilər: «Bacı, o gün olsun ki, minlərlə on min övlada ana olasan. Övladların onlara nifrət edənlərin şəhərlərinə sahib olsunlar».+ 61  Rəfəqə ilə kənizləri qalxıb dəvələrə mindilər və kişinin arxasınca getdilər. Beləcə, nökər Rəfəqəni götürüb yola düşdü. 62  İshaq isə Negev+ diyarında yaşayırdı. Bir gün o, Biir-Lahay-Roy+ tərəfdən qayıdırdı. 63  Şər qarışan vaxt idi. O, yolunu çöldən saldı ki, bir az gəzişsin, düşünüb-daşınsın+. Bir də gördü ki, dəvə karvanı gəlir. 64  Rəfəqə də başını qaldırıb İshaqı gördü və dəvədən düşdü. 65  O, nökərdən soruşdu: «Çöllə bizə tərəf gələn o adam kimdir?» Nökər dedi: «Ağamdır». Onda qız örpəyini başına çəkdi. 66  Nökərbaşı hər şeyi yerli-yataqlı ağasına danışdı. 67  Sonra İshaq qızı anası Saranın çadırına apardı.+ Beləcə, Rəfəqə onun arvadı oldu. İshaq onu sevib ürəkdən bağlandı+ və anasından sonra+ onda təsəlli tapdı.

Haşiyələr

Bu, andı təsdiqləyən qədim adət idi. Nökər əlini ağasının budu altına qoyurdu və ağa onun əlinin üstündə otururdu. Bu, nökərin ağanın tabeliyində olduğunu göstərirdi.
Mesopotamiya.
Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.
Görünür, Laban.