Din bir biznesdir?
Yəqin, fikir vermisiniz ki, əksər dinlər ibadətlə yox, pul qazanmaqla məşğuldur. Onlar cürbəcür mal və xidmətlər reklam edir və satır. Dini liderlərin çoxu yüksək məvacib alır və cah-calal içində yaşayır. Bir neçə nümunəyə diqqət yetirək:
Daxili istintaq nəticəsində məlum olub ki, bir katolik yepiskopu 13 il ərzində kilsə hesabına təxminən 150 dəfə özəl təyyarələrlə uçuş edib və təxminən 200 dəfə limuzinlə səfər edib. Kilsənin təqdim etdiyi evin təmirinə isə dörd milyon ABŞ dollarından çox pul xərcləyib.
Afrika ölkələrinin birində bir pastor on minlərlə insanın iştirakı ilə müntəzəm olaraq dini mərasimlər keçirir. Onun böyük kilsə kompleksində «möcüzəli yağ»dan tutmuş üzərində onun şəkli olan dəsmal və köynəklərədək hər cür mal satılır. Kilsəyə gələnlərin əksəriyyəti kasıb olsa da, onun var-dövləti başından aşır.
Çində yerləşən buddizmin dörd müqəddəs dağından ikisi səhmləri birjada satılan şirkətlərdir. Məşhur Şaolin məbədi bir çox biznes-layihələrdə iştirak edir, onun rahibini isə el içində «rahib-baş direktor» adlandırırlar.
Amerikanın bir çox müəssisələrində işə ruhani inkişaf üzrə məsləhətçi götürmək dəbə minib. Bir hesabata əsasən, onlar müştərilər üçün yeni müqəddəs ayinlər ixtira edir və digər dini xidmətlər göstərir.
Bizneslə məşğul olan dinlər barədə nə düşünürsünüz? Ruhani fəaliyyəti qazanc mənbəyinə çevirənlərə Allahın necə yanaşdığını heç fikirləşmisiniz?
Din və biznes. Allahın fikri
Allah dini biznes vasitəsinə çevirməyi bəyənmir. Müqəddəs Kitabda göstərilir ki, qədim zamanlarda Allaha xidmət etdiklərini deyən, amma «haqq alıb [öyrədən]» kahinlərdən O yaman narazı idi (Mikə 3:11). Allah Ona ibadət edilən yeri «quldur [yuvasına]» çevirən acgöz din xadimlərini mühakimə etmişdi (Ərəmya 7:11).
Dini maddi qazanc mənbəyinə çevirənlərdən İsa da ikrah edirdi. Onun günlərində yəhudi din başçılarının onların icazəsi ilə Yerusəlim məbədində ticarətlə məşğul olan tamahkar tacirlərin gəlirində payı var idi. Onlar ibadətə gələn səmimi-qəlbli insanların hesabına özlərinə var-dövlət toplayırdılar. İsa: «Bəsdirin Atamın evini bazara çevirdiniz!» — sözləri ilə nadürüst tacirləri cəsarətlə məbəddən qovmuşdu (Yəhya 2:14—16).
Allahın düşüncə tərzi İsanın xidmətində də əks olunurdu (Yəhya 8:28, 29). İnsanlara Allah haqqında öyrədəndə, yaxud möcüzə göstərəndə, məsələn, acları yedizdirəndə, xəstələrə şəfa verəndə və ya ölüləri dirildəndə İsa heç vaxt buna görə onlardan pul tələb etmirdi. O, Allaha ibadət hesabına varlanmağa çalışmırdı. Onun hətta öz evi belə yox idi (Luka 9:58).
Erkən məsihilər üçün Allaha ibadət qazanc mənbəyi deyildi
İsa şagirdlərinə tapşırmışdı ki, dini fəaliyyətdən maddi mənfəət güdməsinlər. O demişdi: «Təmənnasız almısınız, təmənnasız da verin» (Mətta 10:8). İsanın davamçıları olmuş ilk məsihilər onun sözünə əməl edirdi. Bir neçə nümunəyə baxaq.
İsa yer üzündə xidmət edəndə onu müşayiət edən Butrusa bir dəfə Şimon adlı bir kişi pul təklif etmişdi. Şimon vəzifə və hakimiyyət arzusunda idi. Butrus dərhal onun təklifini rədd etdi və qətiyyətlə dedi: «Gümüşün də səninlə bir yerdə batsın, çünki könlünə Allahın ənamını pulla almaq fikri düşdü» (Həvarilərin işləri 8:18—20).
Həvari Bulus bir çox yerlərdə xidmət edib Allahın Kəlamını çatdırmışdı. Uzun illər ərzində o, dindaşlarının rifahı naminə xeyli zəhmət çəkmiş, bununla belə, heç vaxt buna görə onlardan pul ummamışdı. Bulus və onun dindaşları, «bir çoxları kimi, Allahın sözünün alverçiləri [deyildilər]» (2 Korinflilərə 2:17). Saloniki şəhərindəki dindaşlarına müraciətdə o demişdi: «Biz sizə Allahın müjdəsini təbliğ edəndə heç birinizə yük olmamaq üçün gecə-gündüz işləyirdik» (1 Salonikililərə 2:9).
İlk məsihilər Allahın xoş xəbərini çatdırmaq üçün böyük məsafələr qət edirdilər, həm də onlar xeyriyyəçiliklə də məşğul olurdular. Əlbəttə, bunun üçün pul lazım idi. Ancaq onlar heç vaxt təbliğ etdikləri insanlardan pul ummurdular. Könlü istəyən onların fəaliyyətinə dəstək ola bilərdi. Bununla əlaqədar bəzi göstərişlər verilmişdi:
2 Korinflilərə 8:12: «Ürəkdən verilən bəxşiş Allaha xüsusilə xoşdur, çünki O, insandan gücü çatanı gözləyir, gücü çatmayanı yox».
İzahı. İnsanın niyyəti ianə etdiyi məbləğdən daha vacibdir.
2 Korinflilərə 9:7: «Qoy hər kəs ürəyində qət etdiyi kimi versin, könülsüz və ya məcburi verməsin, axı Allah gülərüzlə verəni sevir».
İzahı. Allah istəmir ki, kimsə borc hissindən ianə etsin. İnsanın könül xoşluğu ilə ianə etməsi Allahın ürəyini şad edir.
Acgöz dinlərlə tezliklə nə baş verəcək?
Bütün dinlərin və hər cür ibadətin Allaha məqbul olması fikri Müqəddəs Kitaba ziddir (Mətta 7:21—23). Allahın Kəlamında yazılmış bir peyğəmbərlikdə yalan dinlərin hamısı fahişəyə bənzədilir, çünki onlar qazanc və digər nemətlər xatirinə hökumətlərlə ittifaq bağlayır və bütün millətlərin hesabına var-dövlət toplayır (Vəhy 17:1—3; 18:3). Həmin peyğəmbərlikdə deyilir ki, Allah tezliklə yalan dinləri məhv edəcək (Vəhy 17:15—17; 18:7).
Allah istəmir ki, yalan dinlərin pis əməlləri insanları aldatsın və Allahdan döndərsin (Mətta 24:11, 12). Allah səmimi insanları Ona məqbul olan tərzdə ibadət etməyə və yalan dindən uzaq durmağa səsləyir (2 Korinflilərə 6:16, 17).