Kontentə keç

Mündəricatı göstər

İqlim dəyişikliyi və gələcəyimiz. Müqəddəs Kitabda bu barədə nə deyilir?

İqlim dəyişikliyi və gələcəyimiz. Müqəddəs Kitabda bu barədə nə deyilir?

 «İqlim dəyişikliyi fəlakət həddinə çatıb. Yer kürəsi həyat üçün yararsız hala düşmək üzrədir» («The Guardian»).

 Bəşəriyyət özünün törətdiyi böhranla üz-üzə gəlib. Əksər alimlər insan fəaliyyətinin qlobal istiləşməyə səbəb olduğu fikrində yekdildirlər. Temperaturun artması ucbatından iqlim artıq dəyişib və bu, böyük fəlakətlərə gətirib. Məsələn:

  •   Anomal istilər, quraqlıq, qasırğaların sayı və intensivliyi artıb, bu isə öz növbəsində, daha çox daşqına və meşə yanğınlarına səbəb olur.

  •   Buzlaqlar və Arktika buzları əriyir.

  •   Dənizin səviyyəsi qalxır.

 İqlim böhranı heç bir ölkədən yan keçməyib. 193 ölkədə hökm sürən vəziyyət barədə «New York Times» qəzetində yazılmışdı: «Planet bizə fəlakət siqnalı göndərir». İqlim dəyişikliyi insan tələfatına və əzablara səbəb olur. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı onu «bəşəriyyətin sağlamlığı üçün ən böyük təhlükə» adlandırıb.

 Bununla belə, gələcəyə ümidlə baxmaq üçün əsaslı səbəbimiz var. Bu gün baş verən hadisələr Müqəddəs Kitabda peyğəmbərlik olunmuşdu. Orada həmçinin izah olunur ki, nəyə görə biz Allahın vəziyyətə müdaxilə edəcəyinə ümid edə bilərik və bizi qorumaq üçün O nə edəcək.

İqlimin dəyişəcəyi peyğəmbərlik olunmuşdu?

 Bəli. Qlobal istiləşmənin səbəb olduğu iqlim böhranı yaşadığımız dövr barədə Müqəddəs Kitabda deyilənlərə uyğun gəlir.

 Peyğəmbərlik. Allah «yeri tələf edənləri tələf [edəcək]» (Vəhy 11:18).

 Müqəddəs Kitabda peyğəmbərlik olunmuşdu ki, insanlar öz fəaliyyəti ilə Yer kürəsini məhv olmaq həddinə çatdıracaqlar. Həqiqətən də, bu gün insanlar planeti görünməmiş miqyasda tələf edirlər.

 Amma biz insanların planeti xilas edəcəyini gözləməməliyik. Nəyə görə? Bu peyğəmbərlikdə deyilir ki, Allah insanlar yeri hələ də tələf etdiyi zaman müdaxilə edəcək. Yaxşı niyyətli insanlar iqlim dəyişikliyini dayandırmağa çalışırlar. Amma onlar nə edirlər-etsin, insanların yeri tələf etmələrinin qarşısını almaq iqtidarında deyillər.

 Peyğəmbərlik. «İnsanlar dəhşətli mənzərələrin... şahidi olacaq» (Luka 21:11).

 Müqəddəs Kitabda peyğəmbərlik olunmuşdu ki, bizim günlərdə «dəhşətli [mənzərələr]» və ya qorxunc hadisələr baş verəcək. İqlimin dəyişməsi bütün dünyada dəhşətli atmosfer hadisələrinə səbəb olur. Bu gün bəzi insanlar ekoloji fəlakət qarşısında xroniki qorxudan əziyyət çəkir.

 Peyğəmbərlik. «Axırzamanda son dərəcə çətin bir vaxt gələcək. Çünki insanlar xudbin, pulpərəst... vəfasız... barışmaz... xain, tərs... olacaqlar» (2 Timutiyə 3:1—4).

 Müqəddəs Kitabda iqlim böhranının yaranmasına gətirən xüsusiyyətlər və davranış tərzi qabaqcadan peyğəmbərlik edilmişdi. Dövlətlər və böyük biznes sahibləri iqtisadi maraqlarını hər şeydən üstün tuturlar və gələcək nəslin hansı şəraitdə yaşayacağını heç düşünmürlər. Hətta əməkdaşlıq etməyə cəhd etsələr də, qlobal istiləşmənin qarşısını almaq üçün konkret tədbirlər görmək lazım gəldikdə, razılığa gələ bilmirlər.

 Bu peyğəmbərlikdən görünür ki, biz insanların davranışlarını kökündən dəyişəcəklərini və Yer kürəsini xilas edəcəklərini gözləməməliyik. Əksinə, Müqəddəs Kitabda deyilir ki, xudbin insanlar «get-gedə daha betər işlər görəcəklər» (2 Timutiyə 3:13).

Allahın vəziyyətə müdaxilə edəcəyinə nəyə görə əmin ola bilərik?

 Müqəddəs Kitabda deyilir ki, Yehova a Allah Yer kürəsinə və onun sakinlərinə qarşı biganə deyil. Gəlin Allahın vəziyyətə müdaxilə edəcəyinə dəlalət edən üç ayəyə baxaq.

  1.  1. Allah yeri «boş yerə deyil, yaşayış üçün [yaradıb]» (Əşiya 45:18).

     Allah yerə dair niyyətini həyata keçirəcək (Əşiya 55:11). O, yerin məhv olmasına və ya sakinsiz qalmasına yol verməyəcək.

  2.  2. «Həlimlər yer üzünə sahib olacaq, əmin-amanlığın bolluğundan həzz alacaqlar. Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəbur 37:11, 29).

     Allah vəd edir ki, insanlar yer üzündə sülh içində əbədiyyən yaşayacaqlar.

  3.  3. «Pislərin isə kökü yer üzündən kəsiləcək» (Məsəllər 2:22).

     Allah, yeri məhv edənlər də daxil olmaqla, pis işlərindən əl çəkməyənlərin kökünü kəsəcəyini vəd edir.

Allah gələcəyimiz üçün nə edəcək?

 Allah yerə dair vədlərini necə yerinə yetirəcək? Öz Padşahlığı vasitəsilə. Allahın Padşahlığı bütün dünyanı idarə edəcək hökumətdir (Mətta 6:10). Bu Padşahlıq yeri göydən idarə edəcək. O, Yer kürəsi və ətraf mühit məsələlərində insan hökumətləri ilə danışıqlar aparmayacaq, çünki onların hamısını əvəz edəcək (Dənyal 2:44).

 Allahın Padşahlığı həm bəşəriyyət, həm də təbiət üçün böyük işlər görəcək (Zəbur 96:10—13). Görün Yehova Allah Padşahlığı vasitəsilə nələr edəcək.

  •   Ətraf mühiti bərpa edəcək

     Müqəddəs Kitabda deyilir: «Səhra və quraq torpaq sevinəcək, düzlər şadlanacaq, zəfərantək çiçəklənəcək» (Əşiya 35:1).

     Bu nə deməkdir? Yehova bütün planeti, hətta insan fəaliyyətinin ciddi ziyan vurduğu yerləri belə bərpa edəcək.

  •  Ekstremal hava şəraitini nəzarətdə saxlayacaq

     Müqəddəs Kitabda deyilir: «[Yehova] qasırğanı ram edir, dənizin dalğaları yatır» (Zəbur 107:29).

     Bu nə deməkdir? Yehova təbiət qüvvələrini idarə etmək gücünə malikdir. İnsanlar daha heç vaxt ekstremal hava şəraitindən əziyyət çəkməyəcəklər.

  •   İnsanlara yerə düzgün qulluq etməyi öyrədəcək

     Müqəddəs Kitabda deyilir: «Səni öyrədəcəyəm, doğru yola yönəldəcəyəm» (Zəbur 32:8).

     Bu nə deməkdir? Yehova insanlara yerə qulluq etməyi tapşırmışdı (Yaradılış 1:28; 2:15). O bizə təbiətlə harmoniyada yaşamağı və yaratdıqlarının qayğısına qalmağı öyrədəcək.

a «Yehova» Allahın şəxsi adıdır (Zəbur 83:18). «Yehova kimdir?» adlı məqaləyə baxın.