Kontentə keç

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Delfinin sonar sistemi

Delfinin sonar sistemi

 Delfinlər müxtəlif şaqqıltı və fit səsinə oxşar ultrasəslər ötürür, sonra istiqamətlərini müəyyən etmək üçün bu səslərin əks-sədasını dinləyir və öz ətraflarını aşkar edirlər. Alimlər şüşə burunlu delfinlərin (afalinlər) təbii sonar sistemindən ilhamlanaraq sualtı akustik sistemləri təkmilləşdirir. Bununla onlar mövcud texnologiyanın imkanlarını aşan problemləri həll etməyə çalışırlar.

 Nəzərdən keçir: Delfinlər sonar sisteminin sayəsində dəniz yatağında qumun içində gizlənən balıqları tapır və balıqla qaya parçasını bir-birindən ayırd edə bilir. Şotlandiyanın Edinburq şəhərindəki Heriot-Uatt Universitetinin dosenti Kez Brounun sözlərinə görə, delfin həmçinin «təmiz suyu, duzlu suyu, şirin suyu və nefti içində saxlayan konteynerləri on metrlərlə məsafədən fərqləndirə bilir». Alimlər bu imkanların bəzilərinə sahib olan cihazları təkmilləşdirmək niyyətindədir.

Delfinlər on metrlərlə məsafədən konteynerləri içindəkilərə görə fərqləndirə bilirlər.

 Tədqiqatçılar delfinlərin ötürdüyü səsləri, eşitmə qabiliyyətini tədqiq edib və onları təkrar edən cihaz yaratmağa təşəbbüs göstəriblər. Nəticədə, mürəkkəb elektronlarla doldurulmuş və uzunluğu bir metrdən az olan silindrin içinə yerləşən sonar cihaz yaradılıb. Torpedoya bənzər sualtı robot nəqliyyat vasitəsinə birləşdirilən bu cihaz dəniz yatağını təftiş etmək, kabel və boru kəməri kimi torpağa basdırılmış materialları tapmaq, onları toxunmadan birbaşa analiz etmək üçün quraşdırılıb. İstehsalçılar bu cihazı gələcəkdə neft-qaz sənayesində istifadə etməyi planlaşdırır. Delfinlərdən ilhamlanaraq yaradılan sonar cihaz hazırkı sonar cihazın topladığından daha çox məlumat toplamalıdır. Bunun sayəsində mütəxəssislər (texniklər) sualtı təchizatları ən münasib yerə yerləşdirə biləcək, ona dəyən hər hansı bir zərəri, məsələn, neft qurğularını saxlayan dayaqlardakı mikro çatları aşkar edəcək, hətta borulardakı tıxacları tapa biləcəklər.

 Necə fikirləşirsiniz? Şüşə burunlu delfinlərin sonar sistemə malik olması təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?