Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Allahın kəlamı canlı və təsirlidir» (İbranilərə 4:12)

«Allahın kəlamı canlı və təsirlidir» (İbranilərə 4:12)

 «Çünki Allahın sözü canlı və qüdrətlidir; o, hər cür ikiağızlı qılıncdan itidir və o qədər dərinə işləyir ki, bədənlə ruhu, oynaqlarla iliyi bir-birindən ayırır, ürəyin düşüncə və niyyətlərini üzə çıxarır» (İbranilərə 4:12, «Yeni Dünya Tərcüməsi»).

 «Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırd edir» (İbranilərə 4:12, Müqəddəs Kitab şirkəti, 2009).

İbranilərə 4:12 ayəsinin mənası

 Allahın Müqəddəs Kitabda insanlar üçün yazdırdığı sözlər bizim həqiqi fikirlərimizi və niyyətlərimizi üzə çıxarmaq gücünə malikdir. Həmçinin orada yazılanlar insanları yaxşıya doğru dəyişə bilər.

 «Allahın sözü canlı»dır. «Allahın sözü» ifadəsi Onun vədinə və ya Müqəddəs Kitabda yazılmış niyyətinə işarə edir a. Allahın niyyətinin vacib bir hissəsi itaətkar insanların yer üzündə həqiqi sülh və birlik içində əbədi yaşamasıdır (Yaradılış 1:28; Zəbur 37:29; Vəhy 21:3, 4).

 Allahın kəlamı və ya Onun niyyəti hansı mənada «canlı»dır? İlk növbədə, o, həqiqəti qəbul edən insanların ürəyinə təsir edir, ümid verir və həyatlarına məna qatır (Qanunun təkrarı 30:14; 32:47). Allahın vədi də «canlı»dır, o mənada ki, Allah vədini yerinə yetirmək üçün lazımi tədbirlər görür (Yəhya 5:17). İnsanlardan fərqli olaraq Allah verdiyi vədləri unutmur, həmçinin ola bilməz ki, Allah vəd versin və vədinə xilaf çıxsın (Saylar 23:19). Onun sözü yanına «əliboş qayıtmayacaq» (Əşiya 55:10, 11).

 «Allahın sözü... qüdrətlidir». «Qüdrətlidir» sözü həmçinin «qüvvətlidir», «fəaldır» və ya «nəzərdə tutulan hər şeyə nail olur» kimi də tərcümə oluna bilər. Buna görə də Yehova b Allahın dediyi və ya vəd etdiyi hər şey mütləq yerinə yetir (Zəbur 135:6; Əşiya 46:10). Həqiqətən də Allah Öz vədlərini düşündüyümüzdən də möhtəşəm şəkildə yerinə yetirməyə qadirdir (Efeslilərə 3:20) c.

 Həmçinin Allahın Kəlamı ona görə «qüdrətlidir» ki, o, kəlamın dəyərini dərk edən kəslərə həyatlarında və xüsusiyyətlərində müsbət dəyişikliklər etməyə kömək edir. Allahın təlimləri həmin insanların düşüncəsinə, həyat tərzinə və məqsədlərinə təsir edir (Romalılara 12:2; Efeslilərə 4:24). Onlar Allahın Kəlamını imanlı insanlarda fəaliyyət göstərən Allahın sözü kimi qəbul edirlər (1 Salonikililərə 2:13).

 «Allahın sözü... hər cür ikiağızlı qılıncdan itidir». Məcazi mənada desək, Allahın sözü insan əli ilə düzəlmiş istənilən qılıncdan itidir, çünki daha dərinə nüfuz edir. O, insanın ürəyinə, yəni onun daxilinə təsir edir. Heç bir insan təlimi buna qadir deyil. İbranilərə 4:12 ayəsində deyilən növbəti sözlər bunu daha da açıqlayır.

 «Allahın sözü... bədənlə ruhu, oynaqlarla iliyi bir-birindən ayırır». Bəzən Müqəddəs Kitabda işlənən «bədən» sözü insanın xarici görünüşünü, «ruh» sözü isə daxilən necə insan olduğunu göstərir (Qalatiyalılara 6:18). Məcazi dillə desək, «Allahın sözü» «iliyə» nüfuz edir, yəni ən dərin hissləri və fikirləri üzə çıxarır. Daxilən necə insan olduğumuzu üzə çıxarmaq bizi Yehovanın təlimləri vasitəsilə müsbət dəyişikliklər etməyə təşviq edə bilər. Bu həm bizə, həm də Yaradanımıza sevinc bəxş edir.

 «Allahın sözü... ürəyin düşüncə və niyyətlərini üzə çıxarır». İnsanın Allahın sözünə necə hay verdiyi onun hərəkətlərinə və davranışlarına təsir edən düşüncələrini, niyyətlərini və motivlərini üzə çıxara bilər. Məsələn, əgər insan həyatında lazımi dəyişikliklər edib Allahın sözünə hay verirsə, bu onun təvazökar və səmimi olduğunu göstərir. Belə insan Yaradanını razı salmaq istəyir. Amma əgər insan Allahın sözündə səhv tapmağa çalışırsa, bu onun mənfi xüsusiyyətlərindən, məsələn, qürurlu və ya xudbin olduğundan xəbər verə bilər. Ola bilsin, o, Allahın bəyənmədiyi hərəkətlərə haqq qazandırır (Ərəmya 17:9; Romalılara 1:24—27).

 Bir mənbədə deyilir ki, Allahın sözü «insan xislətinin ən dərin guşələrinə nüfuz edir». İnsanın daxilində elə bir şey yoxdur ki, Allah onu görməsin və Kəlamı onu üzə çıxara bilməsin. İbranilərə 4:13 ayəsində deyilir: «Hər şey apaçıq Onun gözü önündədir. Biz Ona cavab verəcəyik».

İbranilərə 4:12 ayəsinin konteksti

 «İbranilərə» məktubu təxminən eramızın 61-ci ilində həvari Bulus yazıb. Allahın ilhamı ilə yazılmış bu məktub Yerusəlim və Yəhudada yaşayan yəhudi məsihilərə ünvanlanmışdı.

 3 və 4-cü fəsillərdə Bulus qədimdə yaşamış israillilərin başına gələnlərin məsihilər üçün ibrət olduğunu qeyd edir (İbranilərə 3:8—12; 4:11). Yehova israillilərə vəd etmişdi ki, onları köləlikdən azad edəcək və «əmin-amanlıq içində [yaşayacaqları]» diyara aparacaq (Qanunun təkrarı 12:9, 10). Amma Misirdən çıxarılan israillilər Allahın vədlərinə iman etmədilər və dəfələrlə Allahın əmrlərinə tabe olmadılar. Nəticədə, onlar Allahın istirahətinə qovuşmadılar, yəni Allahla yaxın münasibətlərini itirdilər. Buna görə də onlar çöllükdə öldülər. Onların övladları vəd edilmiş diyarı miras alsalar da, sonradan onlar da itaətsizlik göstərdilər. Bu onlara baha başa gəldi (Nəhəmya 9:29, 30; Zəbur 95:9—11; Luka 13:34, 35).

 Bulus izah edir ki, məsihilər israillilərin başına gələnlərdən ibrət götürməlidirlər. İsraillilərdən fərqli olaraq biz Allahın sözünə itaət etməklə və vədlərinə iman gətirməklə Onun istirahətinə qovuşa bilərik (İbranilərə 4:1—3, 11).

 Bu qısa videoya baxın və «İbranilərə» kitabı ilə tanış olun.

a İbranilərə 4:12 ayəsindəki «Allahın sözü» ifadəsi təkcə Müqəddəs Kitaba aid işlənmir, amma Allah Öz vədlərini bu kitabda yazdırdığı üçün İbranilərə 4:12 ayəsini bütünlükdə Müqəddəs Kitaba da aid etmək olar.

b «Yehova» tək olan Allahın adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.