Müqəddəs Kitabda bizim dövrdə insanların necə olacağı peyğəmbərlik edilib?
Müqəddəs Yazıların cavabı
Bəli, Müqəddəs Kitabda bizim günlərdə insanların ümumilikdə pisə doğru dəyişəcəyi peyğəmbərlik olunmuşdu. Peyğəmbərlikdə deyilir ki, insanların mənəvi və ictimai dəyərləri çökəcək a (2 Timutiyə 3:1—5). Amma Müqəddəs Kitabda həmçinin peyğəmbərlik edilmişdi ki, bəzi insanlar çoxluğun dalınca getməyəcək, əksinə, Allahın köməyilə onlar bu mənfi təsirə uymayacaq və öz düşüncə və hərəkət tərzlərini Onun iradəsinə uyğunlaşdıracaq (Əşiya 2:2, 3).
Bu məqalədə:
Müqəddəs Kitabda bizim günlərdə insanların düşüncə və davranışı barədə nə peyğəmbərlik olunmuşdu?
Müqəddəs Kitabda peyğəmbərlik edilmişdi ki, günümüzdə adi bir şeyə çevrilən mənfi xüsusiyyətlərin və hərəkətlərin kökündə xudbinlik duracaq. İnsanlar «özünə hakim olmayan», «xudbin», «eyş-işrəti [sevən]» olacaq (2 Timutiyə 3:2—4).
Həqiqətən də bu günləri çoxları öz maraqlarını, mənafeyini, istək və arzularını hər şeydən üstün tutur və yalnız özlərini düşünür. «Mənəm-mənəm» deyərək başqalarına xor baxır. Getdikcə bu vəziyyət daha da pisləşir. İnsanların yalnız özlərini düşünmələri ona gətirib çıxarıb ki, onlar «yaxşılığın düşməni»nə çevrilib və başqalarındakı yaxşı xüsusiyyətlərə dəyər vermirlər. «Nankor» olduqları üçün əllərində olana və başqalarının onlar üçün etdiklərinə görə minnətdarlıq bildirməyə lüzum bilmirlər (2 Timutiyə 3:2, 3).
Xudbinlik dövrümüzün əlaməti olan digər xüsusiyyətlərin və hərəkətlərin kökündə durur.
Tamahkarlıq. Bu gün pulpərəstlik adi haldır. Çoxları öz uğurunu gəlirləri və əmlaklarının çoxluğu ilə ölçür (2 Timutiyə 3:2).
Təkəbbür. Çoxları «lovğa», «özündən razı» və «təkəbbürlü»dür (2 Timutiyə 3:2, 4). Onlar öz bacarıq, keyfiyyət və var-dövlətlərini şişirdirlər, bunlarla öyünürlər.
Böhtan. Bu gün «küfr danışan» və «böhtançı» insanlar çoxdur (2 Timutiyə 3:2, 3). Bu ifadələr başqalarını və Allahı təhqir edən və ya onlar barədə yalan yayan insana aid edilə bilər.
İnadkarlıq. Əksər insanlar danışıqlar aparmaq, problemlərin həll yolunu axtarmaq istəmir, gəldikləri razılaşmaları pozurlar. Bu ona görədir ki, onlar «vəfasız», «barışmaz», «xain» və «tərs»dir (2 Timutiyə 3:2—4).
Zorakılıq. Çoxları «zalım» olub və asanlıqla qəzəbə təslim olurlar, bu isə çox vaxt vəhşilik və zorakılıqla nəticələnir (2 Timutiyə 3:3).
Hərc-mərclik. İsa peyğəmbərlik etmişdi ki, bizim zəmanədə hərc-mərclik baş alıb gedəcək (Mətta 24:12). O həmçinin demişdi ki, dövrümüzdə iğtişaşlar da artacaq (Luka 21:9).
Ailədə məhəbbətin soyuması. «Valideynlərinə itaət etməyən» və «doğmalarını sevməyən» insanların sayının artması ucbatından ailələrdə laqeydlik, kobudluq və məişət zorakılığı adi hala çevrilib (2 Timutiyə 3:2, 3).
Dini riyakarlıq. Əksər insanlar bu gün özlərini üzdən mömin göstərir (2 Timutiyə 3:5). Amma Allahın buyurduqlarını etmək əvəzinə, onlar qulaqlarına xoş olanı deyən din xadimlərinə qulaq asırlar (2 Timutiyə 4:3, 4).
Xudbin insanlar başqalarına necə təsir edir?
Xudbinlik baş alıb getdiyindən indi insanlar psixoloji və emosional problemlərdən daha çox əziyyət çəkir (Vaiz 7:7). Məsələn, pulpərəst insanlar başqalarını aldadır və onlardan istifadə edir. Doğmalarını sevməyən insanlar ailə üzvlərinə zülm edir. Belə rəftar onlarda depresiyaya və intihar etmək fikirlərinin yaranmasına səbəb olur. Xain, vəfasız insanların davranışı başqalarının ürəyində dərin emosional yaralar qoyur.
Nəyə görə insanlar getdikcə daha betər olur?
Müqəddəs Kitab insanlarda baş verən dəyişikliklərin əsl səbəblərini açıqlayır:
Allaha və insanlara məhəbbət soyuyub (Mətta 24:12). Ona görə bu günləri bu qədər xudbin insan var.
Şeytan İblis göydən yerə atılıb (Vəhy 12:9, 12). O vaxtdan onun təsiri nəticəsində insanlar daha pis və xudbin olub (1 Yəhya 5:19).
Bu cür cəmiyyətdə yaşayan bizlər nə etməliyik?
Allahın Kəlamında deyilir: «Belələrindən uzaq gəz» (2 Timutiyə 3:5). Bu o demək deyil ki, biz özümüzü cəmiyyətdən təcrid etməliyik. Sadəcə xudbin, allahsız həyat sürən insanlarla yaxın dostluq etməməliyik (Yaqub 4:4).
Yaxşı insan qalmayacaq?
Müqəddəs Kitabda peyğəmbərlik edilmişdi ki, «törədilən bütün iyrənc əməllərə görə ah-nalə [edən]» insanlar olacaq (Hizqiyal 9:4). Onlar başqaları kimi xudbin olmayacaq və Allahın qanunları ilə yaşayacaqlar. Bu insanlar davranış və danışıq tərzləri ilə ətrafdakı insanlardan seçiləcək (Məlaki 3:16, 18). Məsələn, onlar bütün insanlarla sülhdə olmağa çalışacaq, müharibə və zorakılıqda iştirak etməyəcəklər (Mikə 4:3).
Bütün insan cəmiyyəti sonda xaosa qərq olacaq?
Xeyr. İnsan cəmiyyəti bu dərəcədə tənəzzülə uğramayacaq. Çünki Allah tezliklə Onun qanunlarını rədd edənləri məhv edəcək (Zəbur 37:38). O, «yeni yer», yəni yer üzündə yeni insan cəmiyyəti yaradacaq. Onda həlim insanlar əbədiyyət boyu əmin-amanlıqda yaşayacaqlar (2 Butrus 3:13; Zəbur 37:11, 29). Bu, xülya deyil. Artıq bu gün Müqəddəs Kitab insanlara həyat tərzlərini Allahın ədalətli qanunlarına uyğunlaşdırmağa kömək edir (Efeslilərə 4:23, 24).
a Müqəddəs Kitab peyğəmbərliyi və dünyada hökm sürən vəziyyət göstərir ki, biz «son dərəcədə çətin» bir vaxtın olduğu «axırzamanda» yaşayırıq (2 Timutiyə 3:1). Əlavə məlumat üçün «Axırzamanın əlamətləri» adlı məqaləyə baxın.