Kontentə keç

Müqəddəs Kitabda adı çəkilən qadınlardan nə öyrənə bilərik?

Müqəddəs Kitabda adı çəkilən qadınlardan nə öyrənə bilərik?

Müqəddəs Kitabın cavabı

 Müqəddəs Kitabda vacib dərslər öyrənə biləcəyimiz çoxlu qadınlardan bəhs olunur (Romalılara 15:4; 2 Timutiyə 3:16, 17). Bu məqalədə Müqəddəs Kitabda adı çəkilən qadınların bəziləri haqda yazılıb. Əksəriyyəti bizim üçün gözəl örnək, qalanları isə ibrət dərsidir (1 Korinflilərə 10:11; İbranilərə 6:12).

  Abiqayil

 Abiqayil kimdir? O, Nabal adlı zəngin, amma zalım bir kişinin arvadı idi. Abiqayil isə ağıllı, təvazökar və gözəl idi, həmçinin Yehovanı razı salan xüsusiyyətlərə sahib idi (1 İşmuil 25:3).

 O nə etmişdi? Abiqayil bədbəxtlik baş verməsin deyə hikmətlə və ağılla davranmışdı. Naballa o, İsrailin gələcək padşahı Davudun qaçaq kimi gizləndiyi ərazidə yaşayırdı. Davud və onun adamları bu ərazidə olanda Nabalın qoyun sürüsünü quldurlardan qorumuşdular. Amma Davudun adamları gedib Nabaldan ərzaq istəyəndə Nabal kobud şəkildə bu istəyi rədd etdi. Davud buna çox qəzəbləndi! Ona görə də o, adamları ilə Nabalı və onun evindəki bütün kişi xeylaqlarını öldürməyə getdi (1 İşmuil 25:10—12, 22).

 Abiqayil ərinin etdiklərini eşidən kimi cəld hərəkətə keçdi. O, xidmətçilərini ərzaq tədarükü ilə təmin etdi ki, Davuda və adamlarına aparsınlar. Özü isə Davuddan mərhəmət diləmək üçün xidmətçilərinin dalınca getdi (1 İşmuil 25:14—19, 24—31). Davud bəxşişləri görəndə onun təvazökarlığına şahid oldu və onun hikmətli məsləhətlərinə qulaq asdı. O başa düşdü ki, Allah Abiqayildən istifadə edərək bədbəxtliyin qarşısını alıb (1 İşmuil 25:32, 33). Bundan qısa müddət sonra Nabal öldü və Abiqayil Davudun arvadı oldu (1 İşmuil 25:37—41).

 Abiqayildən nə öyrənə bilərik? Abiqayil gözəl və varlı-dövlətli olsa da, özü haqda yüksək fikirdə deyildi. Sülhü qorumaq naminə günahının olmadığı bir şeyə görə üzr istədi. O, gərgin bir vəziyyəti sakitliklə yoluna qoydu. Bunun üçün ona taktika, cəsarət və problemi həlletmə bacarığı lazım idi.

  Dəburə

 Dəburə kim idi? O, İsrailin Allahı Yehovanın bir qadın peyğəmbəri idi. Yehova xalqı ilə bağlı peyğəmbərlikləri onun vasitəsilə çatdırırdı. Həmçinin onun vasitəsilə israillilər arasındakı problemləri həll etməyə də kömək edirdi (Hakimlər 4:4, 5).

 O nə etmişdi? Dəburə peyğəmbər Allaha ibadət edən kəsləri cəsarətlə dəstəkləyirdi. O, Allahın göstərişi ilə Bərəqi çağırtdırıb, kənanilərə qarşı döyüşdə İsrail ordusuna rəhbərlik etməsini deyir (Hakimlər 4:6, 7). Bərəq Dəburənin də onunla getməsini xahiş edəndə o getməyə qorxmadı, onun xahişini qəbul etdi (Hakimlər 4:8, 9).

 Allah israillilərə həlledici qələbə verəndən sonra Dəburə Bərəqlə birlikdə hadisəni ətraflı təsvir edən nəğmə oxumuşdu. O, bu nəğmənin ən azı bir hissəsini özü bəstələmişdi. Bu nəğmədə kənanilərin məğlubiyyətində payı olan digər cəsarətli qadının, Yailin adı çəkilmişdi (Hakimlər 5-ci fəsil).

 Dəburədən nə öyrənə bilərik? Dəburə fədakar və cəsarətli qadın idi. O, başqalarını Allahın gözündə düzgün olan işlər görməyə təşviq edirdi. Sonra isə düz etdikləri şeylərə görə onları səxavətlə tərifləyirdi.

  •  Dəburə haqda əlavə məlumat üçün «İsraildə bir anatək meydana çıxdım» adlı (rus.) məqaləyə baxın.

  Dilalə

 Dilalə kim idi? O, İsrailin hakimi Şimşonun aşiq olduğu qadın idi (Hakimlər 16:4, 5).

 O nə etmişdi? Allah Şimşonun vasitəsilə İsraili filiştlilərin əlindən qurtarmaq niyyətində idi. Dilalə filiştlilərdən aldığı pul qarşılığında Şimşonu aldatmışdı. Şimşon möcüzəvi fiziki gücə sahib olduğu üçün filiştlilər ona güc gələ bilmirdilər (Hakimlər 13:5). Ona görə onlar Dilalədən kömək istəmişdilər.

 Filiştlilər Dilaləyə rüşvət təklif etmişdilər ki, Şimşondakı bu gücün haradan qaynaqlandığını öyrənsin. Dilalə pulu qəbul etmişdi və bir neçə dəfə cəhd edəndən sonra Şimşonun sirrinin üstünü açmağa müvəffəq olmuşdu (Hakimlər 16:15—17). Daha sonra o, bu sirri Şimşonu tutub həbs edən filiştlilərə açmışdı (Hakimlər 16:18—21).

 Dilalədən nə öyrənə bilərik? Dilalə bizim üçün ibrətdir. O, pula hərisliyi ucbatından Yehova Allahın xidmətçisinə qarşı hiyləgər, sədaqətsiz və xudbin davranmışdı.

  Əstər

 Əstər kim idi? O, Fars padşahı Ahaşveroş tərəfindən məlikə olaraq seçilən bir yəhudi idi.

 O nə etmişdi? Məlikə Əstər öz nüfuzundan istifadə edib xalqının kökünün kəsilməsinin qarşısını almışdı. O öyrəndi ki, Fars imperiyasında yaşayan bütün yəhudilərin öldürülməsi ilə bağlı xüsusi bir gün müəyyən edilib və rəsmi qərar kimi elan olunub. Bu mənfur plan padşahdan sonra ikinci adam olan Həman adlı kişinin başının altından çıxmışdı (Əstər 3:13—15; 4:1, 5). Əstər həyatını riskə ataraq əmisi oğlu Mərdəhayın köməyi ilə əri Padşah Ahaşveroşa bu mənfur planı açıqladı (Əstər 4:10—16; 7:1—10). Ahaşveroş Əstər və Mərdəhaya başqa bir qərar çıxarmağa imkan yaratdı. Bu qərar yəhudilərə özlərini müdafiə etmək hüququ verirdi (Əstər 8:5—11; 9:16, 17).

 Əstərdən nə öyrənə bilərik? Məlikə Əstər cəsarət, təvazökarlıq və həlimlik sahəsində gözəl örnək qoydu (Zəbur 31:24; Filippililərə 2:3). Gözəlliyinə və məlikəlik nüfuzuna baxmayaraq, başqalarından kömək və məsləhət istəmişdi. Əri ilə danışanda o, taktiki və hörmətcil, eyni zamanda qətiyyətli idi. Yəhudilər böyük təhlükədə olanda o, özünü onlardan biri hesab etməyə qorxmadı.

  Həvva

 Həvva kim idi? O, həm yer üzündə yaşayan ilk qadın, həm də Müqəddəs Kitabda adı çəkilən ilk qadın idi.

 O nə etmişdi? Həvva Allahın açıq-aydın göstərişinə tabe olmadı. Əri Adəm kimi, Həvva da kamil insan olaraq yaradılmışdı. O, azad iradəyə, məhəbbət və hikmət kimi ilahi xüsusiyyətləri yetişdirmək bacarığına malik idi (Yaradılış 1:27). Həvva Allahın Adəmə müəyyən bir ağac barədə tapşırığını bilirdi. Əgər onlar həmin ağacdan yesəydilər, öləcəkdilər. Bununla belə, ölməyəcəyinə dair Şeytanın yalanlarına uydu. O düşündü ki, Allaha itaətsizlik etsə, həyatı daha yaxşı olacaq. Ona görə də meyvəni yedi və ərini də buna təkid etdi (Yaradılış 3:1—6; 1 Timutiyə 2:14).

 Həvvadan nə öyrənə bilərik? Həvva yanlış arzular barədə düşünməyin təhlükəli olduğuna dair bizə ibrət dərsi qoydu. O, özünə məxsus olmayan şeyi əldə etmək üçün ürəyində güclü istək oyatdı və Allahın açıq-aydın göstərişinə qarşı çıxdı (Yaradılış 3:6; 1 Yəhya 2:16).

  Hənnə

 Hənnə kim idi? O, Əlqənanın həyat yoldaşı və qədim İsraildə tanınmış peyğəmbər olan İşmuilin anası idi (1 İşmuil 1:1, 2, 4—7).

 O nə etmişdi? Hənnənin uşağı olmadığından təsəlli üçün Allaha üz tutmuşdu. Əlqənanın iki arvadı var idi. Onun Fəninə adlı arvadından uşaqları var idi, amma Hənnə ilə uzun müddət nikahda olsa da, ondan uşağı yox idi. Fəninə Hənnəyə acımadan istehza edirdi, amma Hənnə belə vəziyyətlərdə Allahdan duada təsəlli istəyirdi. O, Allaha nəzir etmişdi ki, əgər Allah ona oğul versə, o, oğlunu İsrailin ibadət çadırında xidmət etməyə həsr edəcək (1 İşmuil 1:11).

 Allah Hənnənin duasına cavab verdi. Hənnə İşmuili dünyaya gətirdi. O, sözünü tutdu və İşmuili lap kiçik yaşlarından çadırda xidmət etmək üçün Allah həsr etdi (1 İşmuil 1:27, 28). Hər il o, oğlu üçün köynək tikir və ona aparırdı. Bir müddət sonra Allah Hənnəyə daha beş uşaq verərək onu mükafatlandırdı. Onun üç oğlu, iki qızı oldu (1 İşmuil 2:18—21).

 Hənnədən nə öyrənə bilərik? Hənnənin səmimi-qəlbdən etdiyi dualar ona sınaqlara dözməyə kömək edirdi. Onun 1 İşmuil 2:1—10 ayələrində qeyd olunan minnətdarlıq duası Allaha olan möhkəm imanını açıq-aydın göstərir.

  Yail

 Yail kim idi? O, israilli olmayan Habirin arvadı idi. Yail cəsarətlə Allahın xalqını dəstəkləyirdi.

 O nə etmişdi? Kənanilərin ordu başçısı Sisar onun çadırına gələndə o, qəti hərəkət etmişdi. Sisar İsrailə qarşı döyüşdə məğlub oldu. O, gizlənmək və dincəlmək üçün yer axtaranda Yail onu çadırına dəvət etdi. O, yuxuya gedəndə Yail onu öldürdü (Hakimlər 4:17—21).

 Dəburə peyğəmbərlik etmişdi ki, «Yehova Sisarı qadın əlinə verəcək» (Hakimlər 4:9). Yailin etdikləri bu peyğəmbərliyi yerinə yetirdi. Bu hərəkətinə görə Yail «qadınların ən xoşbəxti» adlandı (Hakimlər 5:24).

 Yaildən nə öyrənə bilərik? Yail təşəbbüsü öz üzərinə götürdü və cəsarət göstərdi. Onun nümunəsi bizə göstərir ki, Allah peyğəmbərliyi yerinə yetirmək üçün hadisələrdə manevr edir.

  İzəbil

 İzəbil kim idi? O, İsrailin padşahı Əhəbin arvadı idi. O, israilli deyildi. Yehovaya yox, kənanilərin allahı Baala ibadət edirdi.

 O nə etmişdi? Məlikə İzəbil lovğa, rəhmsiz və qəddar idi. O, xalqı Baala ibadət etməyə və bu ibadətin bir hissəsi olan cinsi əxlaqsızlığa sövq edirdi. Eyni zamanda o çalışırdı ki, heç kim həqiqi Allaha, Yehovaya ibadət etməsin (1 Padşahlar 18:4, 13; 19:1—3).

 İzəbil öz istəyinə nail olmaq üçün yalanlara əl atır və insanları öldürürdü (1 Padşahlar 21:8—16). Allahın dediyi kimi, o, dəhşətli ölümlə üzləşdi və onu heç kim dəfn etmədi (1 Padşahlar 21:23; 2 Padşahlar 9:10, 32—37).

 İzəbildən nə öyrənə bilərik? İzəbil bizim üçün ibrət dərsidir. O, əxlaqsız və istədiyini əldə etmək üçün istənilən şeyi etməyə hazır olduğundan onun adı utanmaz, əxlaqsız və azğın qadın simvoluna çevrilib.

  Ləya

 Ləya kim idi? O, qəbilə başçısı Yaqubun ilk arvadı idi. Onun kiçik bacısı Rəhilə Yaqubun digər arvadı idi (Yaradılış 29:20—29).

 O nə etmişdi? Ləya Yaqubun altı oğlunun anası idi (Rut 4:11). Yaqub Ləya ilə yox, Rəhilə ilə evlənmək istəyirdi. Amma bu qızların atası Laban Rəhilənin yerinə Ləyanı ərə verdi. Yaqub Labanın ona kələk gəlib Ləyanı ona ərə verdiyi biləndə Labanla üz-üzə gəldi. Laban izah etdi ki, böyük bacı evdə qala-qala kiçik bacını ərə vermək düzgün deyil. Bir həftə sonra Yaqub Rəhilə ilə evləndi (Yaradılış 29:26—28).

 Yaqub Rəhiləni Ləyadan çox sevirdi (Yaradılış 29:30). Nəticədə, Ləya Yaqubun bacısına olan sevgisini və diqqətini qısqanmağa başladı. Allah Ləyanın hisslərini nəzərə aldı və ona yeddi uşaq — altı oğul, bir qız verdi (Yaradılış 29:31).

 Ləyadan nə öyrənə bilərik? Ləya dua edərək Allaha bel bağlayırdı və imkan vermirdi ki, ailəsindəki problemlər onu Allahın köməyinə qarşı kor eləsin (Yaradılış 29:32—35; 30:20). Onun həyatı açıq-aydın göstərir ki, Allahın müəyyən müddət göz yumduğu çoxarvadlılıq düzgün quruluş deyil. Allahın ər-arvadlar üçün izin verdiyi nikah quruluşu yalnız iki insandan ibarətdir (Mətta 19:4—6).

  Marta

 Marta kim idi? O, İlazərin və Məryəmin bacısı idi. Onların hər üçü Yerusəlimin yaxınlığında Beytaniyyə kəndində yaşayırdı.

 O nə etmişdi? Marta, Məryəm və İlazər İsanın yaxın dostları idi (Yəhya 11:5). Marta qonaqpərvər qadın idi. Bir dəfə İsa onlara qonaq gələndə Marta qonaqpərvərlik vəzifəsini yerinə yetirir, Məryəm isə İsaya qulaq asmağa üstünlük verir. Marta Məryəmin ona kömək etmədiyinə görə şikayətlənir. İsa mülayimliklə Martanın fikirlərinə düzəliş edir (Luka 10:38—42).

 İlazər xəstələnəndə Marta ilə bacısı İsanı çağırır. Onlar əmin idilər ki, İsa Məsih qardaşlarını sağalda bilər (Yəhya 11:3, 21). Amma İlazər ölür. Martanın İsa ilə söhbətindən aydın görünür ki, o, Müqəddəs Kitabın dirilmə vədinə və İsanın onun qardaşını həyata qaytarmaq qabiliyyətinə inanır.

 Martadan nə öyrənə bilərik? Marta çox qonaqpərvər qadın idi. O, məsləhəti məmnuniyyətlə qəbul etmişdi. O öz hissləri və imanı haqda açıq danışmışdı.

  •  Marta haqqında əlavə məlumat üçün «İnanıram» adlı məqaləyə baxın.

  Məryəm (İsa Məsihin anası)

 Məryəm kim idi? O, gənc yəhudi qadını idi və bakirə ikən möcüzəvi yolla hamilə qalıb, Allahın Oğlu İsa Məsihi dünyaya gətirmişdi.

 O nə etmişdi? Məryəm Allahın iradəsini təvazökarlıqla yerinə yetirmişdi. Mələk ona görünəndə və onun hamilə qalıb uzun müddətdir gözlənilən Məsihi dünyaya gətirəcəyini xəbər verəndə o, Yusiflə nişanlı idi (Luka 1:26—33). O, öhdəsinə düşən işi canla-başla qəbul etdi. İsa doğulandan sonra Məryəmlə Yusifin dörd oğlu və ən azı iki qızı oldu. Deməli, Məryəm bakirə olaraq qalmadı (Mətta 13:55, 56). Qeyri-adi imtiyaza sahib olmasına baxmayaraq, nə İsa Məsihin xidməti dövründə, nə də ilk məsihi yığıncağının üzvü olanda özünə tərif və ya pərəstiş edilməsini gözləmirdi.

 Məryəmdən nə öyrənə bilərik? Məryəm ciddi məsuliyyəti canla-başla qəbul edən imanlı bir qadın idi. O, Müqəddəs Yazıları mükəmməl bilirdi. Bir ehtimala əsasən, Məryəm Luka 1:46—55 ayələrində yazılan duasında Müqəddəs Yazılara təxminən 20 dəfə istinad etmişdi.

  Məryəm (Marta və İlazərin bacısı)

 Məryəm kim idi? O, qardaşı İlazər və bacısı Marta İsa Məsihin yaxın dostları idi.

 O nə etmişdi? Məryəm dəfələrlə İsaya Allahın Oğlu kimi böyük ehtiram göstərmişdi. O inanırdı ki, İsa Məsih qardaşının ölümünün qarşısını ala bilər. İsa peyğəmbər İlazəri dirildəndə Məryəm orada idi. Bir dəfə İsa Məsih onlara qonaq gələndə Məryəm onun yanında oturub, ona qulaq asır və durub bacısı Martaya kömək etmir. Onun bu hərəkəti bacısının xoşuna gəlmir. Amma İsa özünə ruhani pay seçdiyi üçün Məryəmi tərifləyir (Luka 10:38—42).

 Digər bir hadisədə Məryəm İsanın başına və ayaqlarına «bahalı ətirli yağ» tökərək ona qarşı hədsiz səxavət göstərmişdi (Mətta 26:6, 7). Orada olanlar Məryəmi israfçılıq etməkdə təqsirləndirmişdilər. Amma İsa onu müdafiə edərək demişdi: «[Allahın Padşahlığı haqda] müjdə dünyanın harasında təbliğ olunsa, bu qadının gördüyü işdən danışıb onu yad edəcəklər» (Mətta 24:14; 26:8—13).

 Məryəmdən nə öyrənə bilərik? Məryəm özündə dərin iman yetişdirmişdi. O, Allaha ibadəti hər şeydən üstün tuturdu. Hətta maddi cəhətdən ona baha başa gəlsə də, İsaya təvazökarlıqla ehtiram göstərmişdi.

  Məcdəlli Məryəm

 Məcdəlli Məryəm kim idi? O, İsanın sadiq şagirdi idi.

 O nə etmişdi? Məcdəlli Məryəm İsa Məsih və şagirdləri ilə birlikdə səyahət edən bir neçə qadından biridir. Məryəm onların ehtiyaclarının qarşılanmasına kömək etmək üçün nəyi vardısa onlarla bölüşmüşdü (Luka 8:1—3). O, İsanın xidmətinin sonuna kimi ondan ayrılmamışdı və İsa edam olunanda onun yanında qalmışdı. İsa peyğəmbər diriləndən sonra onu ilk görən məhz Məcdəlli Məryəm olmuşdu (Yəhya 20:11—18).

 Məryəmdən nə öyrənə bilərik? Məcdəlli Məryəm İsanın xidmətini səxavətlə dəstəkləmiş və onun sadiq şagirdi olmuşdu.

  Məryəm (Musanın və Harunun bacısı)

 Məryəm kim idi? O, Musanın və Harunun bacısı idi. Müqəddəs Kitabda qadın peyğəmbər kimi ilk dəfə onun adı çəkilmişdi.

 O nə etmişdi? Bir peyğəmbər kimi o, Allahın sözlərini başqalarına çatdırırdı. O, İsraildə yüksək mövqeyə sahib idi. Allah Misir ordusunu Qırmızı dənizdə məhv edəndən sonra Məryəm kişilərlə birlikdə zəfər nəğməsini oxumuşdu (Çıxış 15:1, 20, 21).

 Bir müddət sonra Məryəm və Harun Musanın arxasınca deyinməyə başlamışdı. Görünür, onlar özlərində qürur və qısqanclıq hissini yetişdirmişdilər. Allah onların sözlərini eşitmişdi və Məryəmlə Haruna ciddi məsləhət vermişdi (Saylar 12:1—9). Məryəm tənqidi danışdığına görə Allah onu cüzam xəstəliyinə düçar etmişdi. Musa onun üçün Allaha yalvarmış və Allah onu sağaltmışdı. Yeddi gün düşərgədən təcrid olunub kənarda qalandan sonra İsrail düşərgəsinə geri qayıtmışdı (Saylar 12:10—15).

 Müqəddəs Kitabda göstərilir ki, Məryəm düzəlişi qəbul etdi. Əsrlər sonra Allah israilliləri yada salanda onun imtiyazı haqda danışmışdı: «Musanı, Harunu və Məryəmi önündə göndərdim» (Mikə 6:4).

 Məryəmdən nə öyrənə bilərik? Məryəmin hadisəsi aydın göstərir ki, Allah sadiq bəndələrinin Onun və başqalarının haqqında dediklərinə diqqət yetirir. Biz həmçinin öyrənirik ki, Allahın razılığını qazanmaq üçün qürurdan və paxıllıqdan uzaq durmalıyıq. Bu xüsusiyyətlər başqalarının qazandığı yaxşı ada xələl gətirəcək sözlər deməyimizə səbəb ola bilər.

  Rəhilə

 Rəhilə kim idi? O, Labanın qızı və qəbilə başçısı Yaqubun sevdiyi arvadı idi.

 O nə etmişdi? Rəhilə Yaqubla evli idi və ondan iki oğlu var idi. Onlar qədim İsrailin 12 qəbiləsinin ailə başçıları sırasında idi. Rəhilə öz gələcək əri ilə ilk dəfə atasının qoyunlarını otaranda görüşmüşdü (Yaradılış 29:9, 10). O, bacısı Ləya ilə müqayisədə «gözəl-göyçək» qız idi (Yaradılış 29:17).

 Yaqub Rəhiləyə vurulmuşdu və onunla evlənmək üçün yeddi il işləməyə razı olmuşdu (Yaradılış 29:18). Bununla belə, Laban Yaquba kələk gəlib, birinci Ləyanı ərə vermişdi. Halbuki bundan əvvəl Laban Rəhilə ilə evlənməsinə izin vermişdi (Yaradılış 29:25—27).

 Yaqub Rəhiləni və onun iki oğlunu Ləyadan və onun uşaqlarından daha çox sevmişdi (Yaradılış 37:3; 44:20, 27—29). Nəticədə, iki qadın arasında rəqabət yaranmışdı (Yaradılış 29:30; 30:1, 15).

 Rəhilədən nə öyrənə bilərik? Rəhilə çətin ailə şəraitinə dözürdü. O, Allahın onun dualarına cavab verəcəyinə ümid edirdi (Yaradılış 30:22—24). Onun hekayəsi çoxarvadlılığın ailə vəziyyətini daha da çətinləşdirdiyini göstərir. Bu, Allahın nikahla bağlı normasının nə qədər doğru olduğunu bir daha sübut edir. Bu normaya əsasən, bir kişinin yalnız bir arvadı olmalıdır (Mətta 19:4—6).

  Rahab

 Rahab kim idi? O, kənanilərin Əriha şəhərində fahişə idi, amma sonradan Yehova Allaha ibadət etməyə başladı.

 O nə etmişdi? Rahab şəhərə casus kimi gələn iki israillini gizlətmişdi. O, israillilərin Allahı Yehovanın xalqını Misirdən, daha sonra amorilər adlanan tayfanın hücumundan necə azad etdiyini eşitmişdi.

 Rahab casuslara kömək etmişdi, qarşılığında onlardan xahiş etmişdi ki, israillilər Ərihanı darmadağın etməyə gələndə onu və ailəsini sağ saxlasınlar. Onlar razılaşdılar, amma müəyyən şərtlərlə: Rahab onların niyyətini sirr saxlamalı idi, israillilər şəhərə gələndə ailəsi ilə birlikdə evdə qalmalı və evinin tanınması üçün pəncərədən qırmızı kəndir asmalı idi. Rahab hamısına əməl etdi və ailəsi ilə birgə xilas oldu.

 Sonradan Rahab bir israilli ilə ailə qurdu. O, Davud padşahın və İsa Məsihin ulu nənəsi oldu (Yuşə 2:1—24; 6:25; Mətta 1:5, 6, 16).

 Rahabdan nə öyrənə bilərik? Müqəddəs Kitabda Rahabın iman sahəsində bizim üçün gözəl örnək olduğu açıq-aydın göstərilir (İbranilərə 11:30, 31; Yaqub 2:25). Onun hekayəsi sübut edir ki, Yehova bağışlayan, ədalətli, keçmişindən asılı olmayaraq, ona bel bağlayanlara arxa-dayaq olan Allahdır.

  Rəfəqə

 Rəfəqə kim idi? O, İshaqın arvadı, Yaqub və Eys adlı iki əkiz oğulun anası idi.

 O nə etmişdi? Rəfəqə Allahın iradəsini yerinə yetirirdi, hətta ona çox çətin olan vaxtlarda belə. Bir dəfə o, quyudan su çəkərkən bir adam yaxınlaşıb ondan içməyə bir qurtum su istəyir. Rəfəqə cəld ona su verir, üstəlik, dəvələrini də suvarmağı təklif edir (Yaradılış 24:15—20). Bu adam İbrahimin xidmətçisi idi. O, İbrahimin oğlu İshaqa arvad almaq üçün uzun məsafəli yol qət etmişdi (Yaradılış 24:2—4). O həmçinin xeyir-dua almaq üçün Allaha dua edirdi. O, Rəfəqənin zəhmətkeşliyini və qonaqpərvərliyini görəndə Yehovanın onun duasına cavab verdiyini, İshaq üçün seçdiyi qızın Rəfəqə olduğunu başa düşmüşdü (Yaradılış 24:10—14, 21, 27).

 Rəfəqə xidmətçinin gəlmə səbəbini öyrənəndə onunla qayıtmağa və İshaqın arvadı olmağa razılaşdı (Yaradılış 24:57—59). Rəfəqənin iki əkiz oğlu oldu. Allah bildirdi ki, onun böyük oğlu Eys kiçik oğlu Yaquba qulluq edəcək (Yaradılış 25:23). İshaq Eysə ilk oğulluq haqqını vermək üçün tədbir görəndə Rəfəqə elə etdi ki, xeyir-dua Yaquba çatsın. Çünki bunun Allahın iradəsi olduğunu bilirdi (Yaradılış 27:1—17).

 Rəfəqədən nə öyrənə bilərik? Rəfəqə təvazökar, zəhmətkeş və qonaqpərvər idi. Bu xüsusiyyətlər onu gözəl həyat yoldaşı, qayğıkeş ana və Allahın mömin bəndəsi etdi.

  •  Rəfəqə haqqında əlavə məlumat üçün «Gedirəm» adlı məqaləyə baxın.

  Rut

 Rut kim idi? O, İsrail torpağında Yehovanın sadiq xidmətçisi olmaq üçün öz allahlarını və yurdunu tərk edən muabi qadın idi.

 O nə etmişdi? Rut qayınanası Naiməyə tükənməz məhəbbət göstərmişdi. İsraildə aclıq baş verəndə Naimə əri və iki oğlu ilə birlikdə Muaba köçmüşdü. Oğulları muabi qadınlar olan Rut və Orpa ilə evlənmişdi. Bir müddətdən sonra Naimənin əri və iki oğlu ölür, nəticədə, gəlinləri ilə dul qalır.

 Naimə quraqlıq bitəndə İsrailə qayıtmağa qərar verdi. Rutla Orpa onunla getmək istəyirdi. Amma Naimə onlardan xahiş etdi ki, qohumlarının yanına getsinlər. Orpa getdi (Rut 1:1—6, 15). Bununla belə, Rut qayınanası ilə qaldı. O, Naiməni çox sevirdi və onun Allahı Yehovaya ibadət etmək istəyirdi (Rut 1:16, 17; 2:11).

 Rut fədakar gəlin və zəhmətkeş qadın olduğuna görə Naimənin yurdunda, Beytləhmdə tez bir zamanda yaxşı ad qazanmışdı. Rutun hərəkətləri Buəz adlı zəngin torpaq sahibinin çox xoşuna gəldi və Naimə ilə onu səxavətli şəkildə ərzaqla təmin etdi (Rut 2:5—7, 20). Sonra Rut Buəzə ərə getdi və həm Davud Padşahın, həm də İsa Məsihin ulu nənəsi oldu (Mətta 1:5, 6, 16).

 nə öyrənə bilərik? Rut Naiməyə və Yehova Allaha sevgisinə görə ailəsini və evini tərk etməyə hazır idi. O, çətinliklərlə üzləşəndə belə çox zəhmətkeş, fədakar və sadiq qadın idi.

  Sara

 Sara kim idi? O, İbrahimin arvadı və İshaqın anası idi.

 O nə etmişdi? Sara Allahın İbrahimə verdiyi vədlərə iman etdiyi üçün zəngin şəhər olan Urdakı rahat həyatını qoyub getmişdi. Allah İbrahimə Ur şəhərini tərk etməyi və Kənan torpağına getməyi buyurmuşdu. Allah ona xeyir-dua verəcəyini və ondan böyük xalq törədəcəyini vəd etmişdi (Yaradılış 12:1—5). Saranın yaşı artıq 60-ı ötmüşdü. Bu yaşdan sonra onlar çadırlarda yaşayır və bir yerdən başqa yerə köçürdülər.

 Köçəri həyat təhlükəli olsa da, Sara İbrahimə dəstək olmuşdu ki, o, Allahın göstərişlərinə riayət edə bilsin (Yaradılış 12:10, 15). Uzun illər Sara sonsuz idi və bu, onu çox məyus edirdi. Amma Allah İbrahimin övladına xeyir-dua verəcəyini vəd etmişdi (Yaradılış 12:7; 13:15; 15:18; 16:1, 2, 15). Vaxtı çatanda, Allahın vəd etdiyi kimi, Saranın İbrahimdən övladı oldu. O, heç bir qadının dünyaya uşaq gətirə bilməyəcəyi bir yaşda uşaq sahibi oldu. Onun 90 yaşı, ərinin isə 100 yaşı var idi (Yaradılış 17:17; 21:2—5). Onlar uşaqlarının adını İshaq qoydular.

 Saradan nə öyrənə bilərik? Saranın nümunəsindən öyrənirik ki, biz Allahın Öz vədlərini yerinə yetirəcəyinə həmişə əmin olmalıyıq, hətta bu, mümkünsüz görünsə belə! (İbranilərə 11:11). Həmçinin onun nümunəsi nikahda arvadın ərə hörmət etməsinin nə qədər vacib olduğunu göstərir (1 Butrus 3:5, 6).

  Şulam qızı

 Şulam qızı kimdir? O, gözəl kənd qızı idi və «Nəğmələr nəğməsi» adlanan Müqəddəs Kitab bölməsinin əsas personajıdır. Müqəddəs Kitabda onun adı çəkilmir.

 O nə etmişdi? Şulam qızı sevdiyi gənc çobana sadiq qalır (Nəğmələr nəğməsi 2:16). Onun ecazkar gözəlliyi Süleyman padşahın diqqətindən yayınmır. Zəngin padşah qızın diqqətini özünə çəkməyə çalışır (Nəğmələr nəğməsi 7:6). Başqa qızlar Süleyman padşahın onu seçməsini istəsələr də, Şulam qızı onu rədd edir. O, gənc çobanı çox sevir və ona sadiq qalır (Nəğmələr nəğməsi 3:5; 7:10; 8:6).

 Şulam qızından nə öyrənə bilərik? O, gözəl və cəlbedici qız olsa da, təvazökarlığını qorumuşdu. O imkan vermədi ki, həmyaşıdlarının təsiri və maddi şeylər onun məhəbbətini soyutsun. O, hisslərini nəzarətdə saxlamışdı və bakirə qalmışdı.

  Lutun arvadı

 Lutun arvadı kim idi? Müqəddəs Kitabda onun adı çəkilmir. Amma orada deyilir ki, onun iki qızı var idi, onun ailəsi Sədum şəhərində yaşayırdı (Yaradılış 19:1, 15).

 O nə etmişdi? O, Allahın əmrinə tabe olmamışdı. Allah bildirmişdi ki, Sədumu və qonşu şəhərləri cinsi əxlaqsızlıq ucbatından məhv edəcək. Allah Sədumda yaşayan saleh Lutu və onun ailəsini sevdiyindən onların təhlükəsizliyi üçün iki mələk göndərir (Yaradılış 18:20; 19:1, 12, 13).

 Mələklər Lutun ailəsinə deyir ki, arxalarına baxmadan şəhəri tərk etsinlər, yoxsa öləcəklər (Yaradılış 19:17). Lutun arvadı «boylanıb geriyə baxdı və duz sütununa çevrildi» (Yaradılış 19:26).

 Lutun arvadından nə öyrənə bilərik? Onun hekayəsi göstərir ki, maddi şeyləri sevmək çox təhlükəlidir. Bu, Allaha itaətsizliyə gətirib çıxara bilər. İsa Məsih ibrətamiz nümunə kimi ondan danışmışdı. «Lutun arvadını heç vaxt yadınızdan çıxarmayın» (Luka 17:32).

 Müqəddəs Kitabda adı çəkilən qadınların yaşadığı dövr

  1.  Həvva

  2. Daşqın (b.e.ə. 2370)

  3.  Sara

  4.  Lutun arvadı

  5.  Rəfəqə

  6.  Ləya

  7.  Rəhilə

  8. Çıxış (b.e.ə. 1513)

  9.  Məryəm (Musanın və Harunun bacısı)

  10.  Rahab

  11.  Rut

  12.  Dəburə

  13.  Yail

  14.  Dilalə

  15.  Hənnə

  16. İsrailin birinci padşahı (b.e.ə. 1117)

  17.  Abiqayil

  18.  Şulam qızı

  19.  İzəbil

  20.  Əstər

  21.  Məryəm (İsanın anası)

  22. İsanın vəftizi (b.e. 29)

  23.  Marta

  24.  Məryəm (Martanın və İlazərin bacısı)

  25.  Məcdəlli Məryəm

  26. İsa Məsihin ölümü (b.e. 33)