Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Görüşmək. I hissə: Görüşməyə hazıram?

Görüşmək. I hissə: Görüşməyə hazıram?

Görüşmək nədir?

  Bəziləri görüşməyə əyləncə kimi yanaşır. Məqalədə görəcəyik ki, «görüşmək» deyiləndə kişi ilə qadının ailə qurmaq məqsədi ilə birgə keçirdikləri vaxt nəzərdə tutulur. Həmin vaxt ərzində onlar bir-birilərinə uyğun gəlib-gəlmədiyini müəyyən edirlər. Buna görə də görüşməyin konkret bir məqsədi var və bu sadəcə əks cinsdən diqqət görmək üçün bir vasitə deyil.

 Bir müddətdən sonra görüşən kəslər qərar verməlidir: onlar ya evlənməlidir, ya da romantik münasibətə son qoymalıdır. Görüşən kəs hər iki qərarın nəticəsinə hazır olmalıdır.

 Nəticə. Əgər görüşməyə hazır olduğuna əminsənsə, evliliyə də hazır olduğuna əmin olmalısan.

Evlənmək məqsədin olmadan görüşmək, işləmək məqsədin olmadan iş müsahibəsinə getməyə bənzəyir

Görüşməyə hazırsan?

  Görüşən insan ailə qurmağa hazır olmalıdır. Buna görə də hər iki tərəf münasibətlərinə mənfi və müsbət təsir edəcək xüsusiyyətləri yaxşıca götür-qoy etməlidir. Misal üçün aşağıdakı məqamlara diqqət yetir:

  •   Ailə münasibətləri. Valideyninlə, bacı-qardaşınla rəftarın, xüsusilə də gərgin məqamlarda davranışın adətən göstərir ki, gələcək həyat yoldaşınla münasibətlərin necə olacaq.

     Müqəddəs Kitab prinsipi: «Hər cür kini, hirsi, qəzəbi, qışqırığı, təhqiri, habelə zərər gətirən hər şeyi kənara qoyun» (Efeslilərə 4:31).

     Özündən soruş: «Ailə üzvlərim onlara hörmət etdiyimi düşünür? Fikir ayrılığımız olanda sakit danışıram, yoxsa özümdən çıxıb mübahisə edirəm?»

    Valideyninlə yola getməyi bacarmırsansa, həyat yoldaşınla yola gedə biləcəksən?

  •   Fədakarlıq. Evli olanda həyat yoldaşının istəklərini nəzərə almalı və çox vaxt öz istəklərini onun istəklərinə qurban verməlisən.

     Müqəddəs Kitab prinsipi: «Qoy heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün» (1 Korinflilərə 10:24).

     Özündən soruş:«Həmişə öz dediyimi yeridirəm? Məni dərrakəli biri kimi tanıyırlar? Başqalarının ehtiyaclarını özümünkündən üstün tutduğumu necə göstərirəm?»

  •   Təvazökarlıq. Yaxşı həyat yoldaşı səhvini boynuna almağı, səmimi üzr istəməyi bacarmalıdır.

     Müqəddəs Kitab prinsipi: «Hər birimiz dəfələrlə səhv edirik» (Yaqub 3:2).

     Özündən soruş: «Səhvlərimi boynuma alıram, yoxsa özümə bəraət qazandırıram? Mənə məsləhət veriləndə tez inciyirəm?»

  •   Pula münasibət. Pul ər-arvad arasında mübahisə yaradan məsələlərdən biridir. Pulu düzgün xərcləyə bilirsənsə, belə mübahisələr az olacaq.

     Müqəddəs Kitab prinsipi: «Sizdən kimsə bir qüllə tikmək fikrinə düşsə, məgər tikintini qurtarmağa gücünün çatıb-çatmayacağını bilmək üçün əvvəlcə oturub məsrəfləri hesablamaz?» (Luka 14:28).

     Özündən soruş: «Xərclərimi nəzarətdə saxlaya bilirəm, yoxsa tez-tez borca girirəm? Necə göstərə bilərəm ki, pulumu düzgün istifadə edirəm?»

  •   Ruhanilik. Əgər Yehovanın Şahidisənsə, Müqəddəs Kitabı mütaliə etməli, ibadət görüşlərində iştirak etməlisən. Bunlar daima sənin qrafikində olmalıdır.

     Müqəddəs Kitab prinsipi: «Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir» (Mətta 5:3).

     Özündən soruş: «Ruhaniliyimi qorumaq üçün əlimdən gələni edirəm? Ruhani işləri birinci yerə qoyuram? Başqa şeylər məni bundan yayındırmır?»

 Nəticə. Evlənəcəyin insan yaxşı həyat yoldaşına layiqdir. Əgər belə insan olmaq üçün əlindən gələni edirsənsə, əmin ol ki, sənin kimi davranan birini tapacaqsan.