Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Nəyə görə həmişə yanlış şeylər söyləyirəm?

Nəyə görə həmişə yanlış şeylər söyləyirəm?

 «Hərdən dilimi yüyənləyə bilirəm, hərdən isə sanki ağlıma gələni yox, ağzıma gələni danışıram» (Ceyms).

 «Əsəbi olanda düşünmədən danışıram, sakit olanda isə lazımından artıq danışıram. Ona görə də həmişə hər şeyi əlimə-üzümə bulaşdırıram» (Meri).

 Müqəddəs Kitabda deyilir: «Dil... bir alovdur» və «böyük bir meşəni yandırmaq üçün bircə qığılcım kifayət edir» (Yaqub 3:5, 6). Sözlərin tez-tez başını bəlaya salır? Əgər elədirsə, onda bu məqalə sənə kömək edə bilər.

 Nəyə görə yanlış şeylər söyləyirəm?

 Qeyri-kamillik. Müqəddəs Kitabda deyilir: «Hər birimiz dəfələrlə səhv edirik. Sözündə səhvə yol verməyən kamil insandır» (Yaqub 3:2). İnsan zəifliyi nəinki yeriyəndə büdrəməyimizə, həmçinin danışanda yanlış şeylər deməyimizə də səbəb ola bilər.

 «Qeyri-kamil dərrakəyə və qeyri-kamil dilə sahibəm. Ona görə də onları kamil şəkildə idarə edə bildiyimi demək özümü aldatmaqdır» (Anna).

 Həddən artıq danışmaq. Müqəddəs Kitabda deyilir: «Söz çox olan yerdə xəta əskik olmaz» (Məsəllər 10:19). Lap çox danışıb, lap az dinləyən insanların yanlış sözlər deyərək başqalarını incitmək ehtimalı yüksəkdir.

 «Bir məkandakı ən ağıllı insanlar həmişə danışan insanlar deyil. İsa yer üzündə gəlib-getmiş ən ağıllı insan olsa da, bəzən o susurdu» (Culya).

 Kinayə. Müqəddəs Kitabda deyilir: «Düşünmədən deyilən söz qılınc zərbəsinə bənzər» (Məsəllər 12:18). Düşünmədən deyilən sözlərə kinayəni misal gətirmək olar. Bu, başqalarını alçaltmaq üçün deyilən acı sözlərdir. Kinayə ilə danışan insanlar deyə bilər ki, «mən sadəcə zarafat edirdim!» Amma başqalarını təhqir etmək heç də gülməli deyil. Müqəddəs Kitabda «təhqiri, habelə zərər gətirən hər şeyi» kənara qoymağımız məsləhət görülür (Efeslilərə 4:31).

 «Mən hazırcavab insanam və zarafat etməyi sevirəm. Bu keyfiyyətlər sarkazma gətirib çıxarır. Sarkazm isə çox vaxt başımı bəlaya salır» (Oksana).

Sıxdığın diş məcununu qabına geri qaytara bilmədiyin kimi, ağzından çıxan sözləri də geri qaytarmaq mümkün deyil

 Dili ram etmək

 Dili nəzarətdə saxlamağı öyrənmək asan deyil, amma Müqəddəs Kitab prinsipləri bu sahədə kömək edə bilər. Məsələn, aşağıdakıları nəzərdən keçir.

 «Ürəyinizdə danışın, səsiniz çıxmasın» (Zəbur 4:4).

 Bəzən ən yaxşı cavab cavab verməməkdir. Laura adlı gənc qız deyir: «Hirsli ikən keçirdiyim hisslər sonradan yox olub gedir. Sakitləşəndən sonra sevinirəm ki, həmin an demək istədiklərimi dilimə gətirməmişəm». Hətta sadəcə bir neçə saniyəlik pauza etmək yanlış şeyləri söyləməyinin qarşısını ala bilər.

 «Dil yeməyin dadını bildiyi kimi, sözün də xiridarı qulaq deyilmi?» (Əyyub 12:11).

 Söyləməyi düşündüyün sözləri növbəti suallarla yoxlasan, onda özünü məyusluq hissindən qoruya bilərsən.

  •   Bunu demək doğrudur? Bu, xeyirxahlıqdır? Bunu demək vacibdir? (Romalılara 14:19).

  •   Kimsə mənə bu sözü desəydi, özümü necə hiss edərdim? (Mətta 7:12).

  •   Bu, qarşımdakı insana hörmət etdiyimi göstərəcək? (Romalılara 12:10).

  •   Bunu deməyin düzgün zamanıdır? (Vaiz 3:7).

 «Təvazökar olub başqalarını özünüzdən üstün sayın» (Filippililərə 2:3).

 Bu məsləhət sənə kömək edəcək ki, başqalarına qarşı müsbət fikirlər yetişdirəsən. Bu fikirlərin sayəsində isə dilini saxlayacaq və danışmazdan öncə düşünəcəksən. Hətta artıq çox gecdirsə və sən kimisə sözlərinlə incitmisənsə, təvazökarlıq üzr istəməyə və bunu mümkün qədər tez bir zamanda etməyə sənə kömək edəcək (Mətta 5:23, 24). Sonra çalış, dilini ram etmək üçün daha çox qətiyyət göstərəsən.