10 APREL 2023
ALMANİYA
Hamburqda anım mərasimində minlərlə insan iştirak edib
9 mart 2023-cü il tarixində Almaniyanın Hamburq şəhərindəki ibadət evinə edilən silahlı hücum həm Yehovanın Şahidlərini, həm də dünyanın müxtəlif yerlərində yaşayan insanları çox sarsıtdı. Rəhbərlik Şurasının üzvü Mark Sanderson, Nəşriyyat komitəsinin köməkçisi Qayus Qlokkentin və Mərkəzi Avropa filialının komitə üzvləri bacı-qardaşlara dəstək olmaq üçün Hamburqa gəldilər. Martın 25-i şəhərdəki idman arenasında anım mərasimi keçirildi. Mərasimi izləyənlər bir daha əmin oldular ki, Müqəddəs Kitab gözüyaşlılara əsl təskinlik verə bilər. Çoxları hücumdan sağ çıxan bir qardaşın hisslərinə şərikdir: «Bu gün biz Yehovanın məhəbbətini xüsusilə hiss etdik».
Mərasimdə 3300-dən çox insan iştirak etdi. Bundan əlavə, internet vasitəsilə 90 000-dən çox bağlantı olmuşdu.
Mərasimdə bacı-qardaşlarımızdan əlavə dövlət nümayəndələri, polis, təcili tibbi yardım və yanğın nəzarəti xidmətinin əməkdaşları da iştirak etmişdi. İştirak edənlər arasında Hamburqun birinci və ikinci merləri, Hamburq Şəhər Parlamentinin prezidenti, Hamburqda ABŞ-ın baş konsulu, Daxili İşlər və İdman senatoru, Senatın kansleri, Hamburq şəhərinin baş polis rəisi və polis rəisinin müavini də var idi.
Mərasim bacı-qardaşlarımızın musiqi alətlərində canlı şəkildə ifa etdiyi həmd nəğməsi ilə başladı. Mərasimin sədri Mərkəzi Avropa filialının komitə üzvü Yoakim Şevçik idi. O, filial komitəsinin üzvü Dirk Çupeki səhnəyə dəvət etdi. Dirk qardaş dəfn nitqini təqdim etdi. Dirk qardaşdan sonra səhnəyə Mark Sanderson çıxdı və qısa nitqlə çıxış etdi. Mərasim həmd nəğməsi və Qayus qardaşın ürəkdən etdiyi dua ilə bitdi.
Mark Sanderson söylədiyi nitqdə vurğuladı ki, faciələrin səbəbkarı Allah deyil. Onlara səbəb «Vaiz» kitabında deyildiyi kimi «vaxt və təsadüf»dür (Vaiz 9:11). Mark qardaş dedi: «Hansısa hadisələrin və ya təsadüfi faciələrin səbəbini nə iləsə əlaqələndirmirik... Ümidimiz, imanımız və məhəbbətimiz faciədən sağ çıxa bilər. Onlar bizə zorakılıq və nifrətə dözməyə kömək edir». Mark qardaş bacı-qardaşlarımızın dadına çatmış polis əməkdaşlarına, təcili yardım və tibb işçilərinə də təşəkkürünü bildirdi.
Dirk qardaş belə dedi: «Martın 9-u baş vermiş hücum təkcə bacı-qardaşlara edilən hücum deyildi. Bu hücum hamımıza qarşı idi. Bu gün burada yığışmağımızın məqsədi nifrət və zorakılığa cavab verməkdir. Biz məhəbbət, şəfqət, mərhəmət, iman və ümidimizlə cavab veririk. Müqəddəs Kitabda deyilir: “Pisliyə məğlub olma, pisliyə yaxşılıqla qalib gəl”. Məqsədimiz də elə budur. Ona görə də burada toplaşmışıq» (Romalılara 12:21).
Dirk qardaşın həyatlarını itirən bacı-qardaşlarımızın adlarını çəkərək dediyi növbəti sözlər zalda oturanları xüsusilə təsirləndirdi: «Bizim burada toplaşmağımızın bir səbəbi də Stefan, Sebastyan, Ceyms, Mari, Stefani, Dan və anasının bətnində ölən balaca Romi ilə vidalaşmaq, onların xatirəsini yad etməkdir». Faciədən sağ çıxmış bacı-qardaşlara və onların ailə üzvlərinə müraciət edərək qardaş dedi: «İstəyirik biləsiniz ki, biz sizin arxanızdayıq, sizə dəstək olmaq istəyirik».
Təsirli sözlərinin sonunda Dirk qardaş hücum nəticəsində həyatlarını itirmiş bacı-qardaşların sırf onlara xas olan xüsusiyyətlərini qeyd etdi və yığıncaq üzvlərinin onlar üçün çox darıxacağını vurğuladı. Vəhy 21:4, 5 ayələrinə istinad edərək o dedi: «Biz ölənlər üçün darıxırıq, göz yaşı tökürük, onların qəlbimizdə xüsusi yeri var. Amma elə gün gələcək ki, Allah yaralarımızı əbədilik sağaldacaq, çünki O, kədərə son qoyacaq... Artıq ölüm olmayacaq. İsa və onun həvariləri də bu ümiddən danışırdılar. Biz də buna ümid edirik. Ölüm üzərində qələbə çalmaq mümkündür. Ölüm son demək deyil, çünki Allah ölümdən güclüdür... Stefan, Sebastyan, Ceyms, Mari, Stefani, Dan və anasının bətnində ölən balaca Romi üçün ölüm son deyil».
Anım mərasimi bitəndən sonra bəzi dövlət rəsmiləri ictimaiyyətə açıqlama verdi. Hamburq şəhərinin birinci meri Piter Çençer və Hamburq Şəhər Parlamentinin prezidenti Karola Fayt ölənlərin dostlarına və ailə üzvlərinə öz başsağlıqlarını bildirdilər. Cənab Piter bildirdi ki, hücumdan sağ çıxanlar imanları sayəsində kədərə və aldıqları yaralara cəsarətlə dözürlər. Həmçinin o, Almaniyanın prezidenti Frank-Valter Ştaynmayerin yazdığı məktubu oxudu.
Mərasimdə bir çox media nümayəndəsi də iştirak etdi. Bir televiziya kanalının əməkdaşı belə dedi: «Buradakı insanların hamısı çox mehribandır. Biz bir çox tədbirlərdə olmuşuq, amma nə belə ab-hava görmüşük, nə də bu cür düşünülmüş şəkildə hazırlanmış nitqlər eşitmişik».
Hücumdan sağ çıxmış bir ər-arvad deyir: «Diqqətimizi ümidimizə cəmləmək və belə kədərli vaxtımızda bacı-qardaşlarımızın əhatəsində olmaq bizə təsəlli verdi».
Başqa yığıncaqdan olan qardaş deyir: «Uzun müddətdir kədər içində idik. Bu kədər hissi məni əldən salmışdı. Amma mərasim mənə çox gözəl təsir etdi. Qardaşların və dövlət rəsmilərinin dediyi sözlərdən onların dərdimizə şərik olduqlarını hiss etmək olurdu».
Bu mərasim sayəsində Yehovanın bizi nə qədər sevdiyini, qayğımıza qaldığını hiss etdik. Biz əminik ki, «mərhəmətli Ata və hər cür təsəlli Allahı» olan Yehova Hamburqdakı hücumun qurbanı olmuş bacı-qardaşlarımıza bundan sonra da dəstək olacaq (2 Korinflilərə 1:3).
Görüşə sədrlik edən Mərkəzi Avropa filialının komitə üzvü Yoakim Şevçik. Arxasında Yehovanın Şahidlərindən ibarət peşəkar ansambl oturub
Rəhbərlik Şurasının üzvü Mark Sanderson nitqlə çıxış edir. Onun nitqi alman dilinə tərcümə olunur
Hökumət nümayəndələri ön sıralarda əyləşib nitqləri dinləyirlər
Mərasimdən sonra bacı-qardaşlar ünsiyyət edir və bir-birlərini ruhlandırırlar
Məkanın dəhlizində qoyulmuş başsağlığı məktubları və açıqcalar
Dəhlizdə alman televiziya kanalının müxbiri hücumun qurbanlarını şəxsən tanıyan bir ağsaqqaldan müsahibə götürür