25 YANVAR 2022
ALMANİYA
Yehovanın Şahidləri Kusserovlar ailəsinin arxivini qaytarmağa çalışırlar
«The New York Times» qəzetində məlumat verildiyi kimi, Yehovanın Şahidlərinin Almaniyadakı təşkilatı a Kusserovlar ailəsinin arxivini qaytarmağa çalışır. Hal-hazırda həmin arxiv Drezden şəhərində yerləşən Almaniya Federativ Respublikasının Hərbi Qüvvələrinin Hərbi Tarix Muzeyində saxlanılır. Yehovanın Şahidlərinin Almaniyadakı təşkilatı həmin arxivin qanuni varisidir. Ən vacibi odur ki, arxivin qaytarılması ilə həmin ailəyə qarşı edilən haqsızlıq aradan qaldırılmış olacaq.
Nasistlər Kusserovlar ailəsinin 13 üzvünü sırf Yehovanın Şahidləri olduqları üçün amansızcasına təqib etmişdilər. Ailənin iki oğlu, Vilhelm və Volfqanq, hərbi xidmətdən imtina etdiklərinə görə nasistlər tərəfindən edam edilmişdi. Onların ən kiçik və həyatda olan yeganə qardaşı Paul-Qerhard Kusserov deyir: «Mənim qardaşlarım hərbi xidmətdən imtina etdiklərinə görə həyatlarını itirdilər. Ailə arxivimizin hərbi muzeydə saxlanılmasını düzgün hesab etmirəm». Almaniyadakı Yehovanın Şahidləri təşkilatı, əsas etibarilə, bu mənəvi haqsızlığı aradan qaldırmaq üçün arxivin onlara qaytarılmasına çalışır.
Bundan əlavə, Yehovanın Şahidlərinin əlində olan sənədlər təsdiq edir ki, ailənin böyük qızı Annemari Kusserova böyük əziyyətlə tərtib etdiyi bu arxivi Yehovanın Şahidlərinin Almaniyadakı təşkilatına vəsiyyət etmişdi. Arxivdə 1000-dən çox sənəd var: fotoşəkillər, rəsmlər, vida məktubları, edam hökmləri və Gestaponun b məxfi hesabatları.
Annemari 2005-ci ildə vəfat edib. Bir müddət sonra Yehovanın Şahidləri xəbər tutdular ki, arxiv Almaniya Federativ Respublikasının Hərbi Qüvvələrinin Hərbi Tarix Muzeyindədir. Muzey müdiriyyəti iddia edir ki, arxivi qanuni şəkildə Kusserovlar ailəsinin üzvündən almışdı. O adam həmin vaxt artıq Yehovanın Şahidi deyildi və indi həyatda yoxdur.
Təxminən yeddi il ərzində Almaniyadakı təşkilatımız bu məsələni muzeylə sülh yolu ilə həll etməyə çalışırdı. Amma bütün cəhdlər boşa çıxdığına görə təşkilatın qanuni şəkildə ona məxsus olan arxivi qaytarmaq üçün məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmadı.
Məhkəmənin qərarı onların xeyrinə olarsa, arxiv Mərkəzi Avropa filialındakı muzeydə (Almaniya, Zelters) nümayiş etdiriləcək. Bunun sayəsində filiala ekskursiyaya gələcək on minlərlə insanın sənədlərlə təmənnasız tanış olmaq və Kusserovlar ailəsinin sarsılmaz imanı barədə öyrənmək imkanı olacaq c.
a Yehovanın Şahidlərinin Almaniyada rəsmi qeydiyyatdan keçmiş təşkilatı «Jehovas Zeugen in Deutschland» adlanır.
b Faşist Almaniyasında məxfi dövlət polisi.
c COVID-19 pandemiyası ilə əlaqədar hal-hazırda ekskursiyalar keçirilmir. Pandemiyadan əvvəl hər il muzeyi bütün dünyadan on minlərlə Yehovanın Şahidi və digər qonaqlar ziyarət edirdi.