Kontentə keç

20 APREL 2022
BELÇİKA

AİHM vergi məsələsi ilə bağlı iş üzrə Belçikadakı Yehovanın Şahidlərinin xeyrinə qərar çıxarıb

AİHM vergi məsələsi ilə bağlı iş üzrə Belçikadakı Yehovanın Şahidlərinin xeyrinə qərar çıxarıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yekdilliklə qərara alıb ki, Belçika hökuməti Brüssel paytaxt bölgəsində doqquz yığıncaq üçün əmlak vergisindən azadolmaları ləğv etməklə Yehovanın Şahidlərinin hüquqlarını pozub. 5 aprel 2022-ci il tarixində dərc edilmiş «Yehovanın Şahidləri Məsihi Birliyi və başqaları Belçikaya qarşı» işi üzrə qərar təkcə Belçikada deyil, Avropanın digər ölkələrində də din azadlığı hüququmuzu qorumağa kömək edəcək.

2018-ci ilə qədər Brüssel paytaxt bölgəsindəki bütün dinlər ibadət yerləri üçün vergi ödənişlərindən azad idi. Lakin həmin il bölgə rəhbərliyinin vergi məcəlləsinə etdiyi düzəlişdən sonra yalnız altı «tanınmış din» güzəştdən yararlana bilərdi. Nəticədə, Yehovanın Şahidləri Brüsseldəki ibadət evləri üçün külli miqdarda pul ödəməyə məcbur oldular. İllik vergi ödənişlərinin ümumi məbləği 45 000 avroya (49 025 ABŞ dolları) çatırdı.

AİHM müəyyən etdi ki, Brüssel paytaxt bölgəsinin rəhbərliyi yalnız altı «tanınmış dini» vergidən azad etməklə Yehovanın Şahidlərinin hüquqlarını və Avropa İnsan Hüquqları Konvensiyasını pozub.

Belçika iddia edirdi ki, Yehovanın Şahidləri dövlət tərəfindən tanınmaları üçün müraciət edə bilər. Ancaq AİHM bu iddianı rədd etdi. AİHM qeyd etdi ki, Belçikada dövlət tərəfindən tanınma prosesi yalnız ədliyyə nazirinin təşəbbüsü ilə başlana bilər və bu məsələ ilə bağlı qərar vermək səlahiyyəti sırf hökumətə məxsusdur.

AİHM rəsmi qərarında həmçinin qeyd etdi ki, Belçikada dövlət tərəfindən tanınma prosesi «vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını istisna etmir». Məhkəmənin fikrincə, «tanınma prosesinin ədalətli olacağına... hər hansı bir zəmanət olmadığı bir halda, dini icmaların vergi güzəştləri əldə etmək üçün müraciət etmələri gözlənilməməlidir». Ona görə də Avropa Məhkəməsi Belçikanı Yehovanın Şahidləri kimi dini qruplara qarşı «bitərəf və qərəzsiz» olmağa səsləyib.

AİHM öz qərarı ilə bir daha göstərdi ki, dövlət orqanlarına dini etiqadların və onların ifadə tərzinin qanuniliyinə qiymət vermək səlahiyyəti verilməyib. Bu qərar həmçinin digər Avropa dövlətlərinin təşkilatımızın hüquqlarını pozan qanun qəbul etmələrinin qarşısını almağa kömək edə bilər.

Yehovanın adını ucaldan hər bir hüquqi qələbəyə görə Ona minnətdarıq (Vəhy 15:4).