Kontentə keç

Bir məhbusun hekayəsi

Bir məhbusun hekayəsi

İspaniyada Yehovanın Şahidləri müntəzəm olaraq 68 həbsxanaya baş çəkirlər və 600–ə yaxın məhbusla Müqəddəs Kitab öyrənməsi keçirirlər.

Onlardan biri Yehovanın Şahidi olmazdan əvvəl ömrünün 12 ilini dəmir barmaqlıqlar arxasında keçirən Migeldir. İndi o, hər həftə vaxtilə yatdığı həbsxanaya baş çəkir. Bəs o, bunu nəyə görə edir? Migel istəyir ki, ona kömək etdikləri kimi, o da başqa məhbuslara həyat tərzlərini dəyişməyə kömək etsin.

Son səkkiz il ərzində Migel bir çox məhbusla Müqəddəs Kitab öyrənməsi keçirib. O deyir: «Yatdığım həbsxanadakı məhbuslara kömək etmək xoşuma gəlir. Onların cinayət aləmindən canlarını qurtarmaq istəklərini görəndə çox sevinirəm».

Migelin dörd yaşı olanda sərxoş bir sürücü atasını vurub öldürür. Dul qalan anası ailəni dolandırmaq üçün səhərdən axşama qədər işləməli olur.

Migel və onun böyük qardaşı dərsləri buraxmağa və evlərdən, maşınlardan oğurluq etməyə başlayırlar. 12 yaşında Migel xırda cinayətlər törədir. Artıq 15 yaşında isə o, narkotik alverçisi kimi kalan pul qazanır. Migel geroin və kokainə qurşanır. Baha başa gələn vərdişinin xərclərini ödəmək üçün o, daha çox oğurluq etməyə başlayır. 16 yaşından etibarən isə o, dəfələrlə həbsxanaya düşür. Çox keçmir ki, qatı cinayətkar olur. Migel danışır: «Mən əmin idim ki, ya həbsxanada öləcəyəm, ya da artıq doza qəbul etməkdən. Özümü hörümçək toruna düşmüş milçək kimi hiss edirdim».

Lakin 1994-cü ildə Migel həbsxanada ikən dostu Yehovanın Şahidindən ona məktub yazmasını xahiş edir. Həmin məktubdan Migel öyrənir ki, Allah yer üzündə Cənnəti bərpa etmək niyyətindədir. Bu məktubu yazan Şahid Migeli həyat tərzini dəyişməyə təşviq edir, çünki yalnız bu halda o, həmin vədin yerinə yetməsini öz gözləri ilə görə bilər. Migel bölüşür: «Onun sözləri ürəyimə təsir etdi. Həmin gün mənim üçün hər şey dəyişdi və mən Müqəddəs Kitabı öyrənmək qərarına gəldim, halbuki bunun heç də asan olmayacağını bilirdim».

Migelin belə düşünməsinə səbəb onun narkotik və tütünə aludə olması idi. Həbsxanada bunları tapmaq çətin deyildi. Migelin kamera yoldaşı hər gün ona narkotik təklif edirdi. O, zərərli vərdişinin öhdəsindən gəlmək üçün daima Yehova Allaha dua edir və ona güc verməsi istəyirdi. Nəticədə, Migel qalib gəldi.

Üç ay sonra Migel öyrəndiklərini digər məhbuslara da danışmağa başladı. Növbəti il o azadlığa buraxıldı və vəftiz olaraq Yehovanın Şahidi oldu. O, evlənməyi planlaşdırırdı, amma gözlənilmədən problem yarandı. Toya bir ay qalmış Migelə istintaqda olan işlərlə əlaqədar 10 il iş kəsdilər. Lakin üç il yarımdan sonra nümunəvi davranışına görə onu azad etdilər. Nəhayətdə o evləndi. Migel bir daha cinayət yoluna qayıtmadı.