Kontentə keç

İllik görüşün qısa icmalı. 2014-cü il

Padşahlıq 100 ildir idarə edir!

İllik görüşün qısa icmalı. 2014-cü il

2014-cü il oktyabrın 4-də təxminən 19000 nəfər «Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti, Pensilvaniya»nın 130-cu illik görüşündə iştirak etdi. Bu görüş Yehovanın Şahidlərinin Cersi-Siti (Nyu–Cersi, ABŞ) şəhərindəki böyük toplantı zalında baş tutdu və video-yayım vasitəsilə başqa yerlərə də yayımlandı.

Görüşə Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Mark Sanderson sədrlik edirdi. O, giriş sözlərində vurğuladı ki, builki görüş tarixi görüşdü, çünki Allahın Padşahlığının qurulmasının 100 illiyi qeyd olunur.

Mark Sanderson qardaş Padşahlığın 100 illik fəaliyyəti dövründə əldə edilən üç vacib nailiyyətdən bəhs etdi:

  • Ümumdünya təbliğ işi. Yehovanın xeyir-duası ilə Onun xalqı Padşahlığın xoş xəbərini təbliğ etmək üçün yorulmadan çalışıb. Sayımız 1914-cü ildə bir neçə min nəfər idisə, 2014-cü ilə kimi artaraq təxminən səkkiz milyon olmuşdur. Yehova təbliğ işinin tamamlandığını deyənə qədər xoş xəbəri səylə bəyan etməyə davam edəcəyik.

  • Padşahlığın təbəələrinin qrup şəklində qorunması. Dini və siyasi səlahiyyətli şəxslər bizi şiddətli şəkildə təqib etdilər, hətta Yehovanın Şahidlərinin kökünü kəsmək istədilər. Ancaq Yehova Ona ibadət edənləri bir qrup şəklində qorudu. Qazandığımız saysız məhkəmələr, məsələn, Birləşmiş Ştatlar Ali Məhkəməsi və Avropa İnsan Hüquqları Məhkəməsində qazandığımız qələbələr Yehovanın bu gün də bizimlə olduğuna sübutdur.

  • Hər təbəqədən olan insanın birliyi. Allahın Padşahlığı müxtəlif mənşədən, millətdən və dildən olan insanları birləşdirib. Onlara bir çox çətinliklərin öhdəsindən gəlməyə, xalq kimi bir ibadətdə birləşməyə kömək edib. Mark Sanderson qardaş qeyd edir: «Bu, ancaq Yehovanın edə biləcəyi bir möcüzədir». O, iştirak edənlərə bu tarixi görüşdə iştirak etməyin şərəf olduğunu xatırlatdı.

«Yehovanın dostu ol» cizgi filmləri.

İllik görüşün növbəti hissəsi uşaqlar üçün hazırlanmış və iki ildən çoxdur ki, sevərək izlədiyimiz cizgi filmləri idi. Əvvəlcə, Mark Sanderson qardaş dünyanın müxtəlif yerlərində yaşayan uşaqların videomüsahibələrini təqdim etdi. Uşaqların bu cizgi filmlərindən götürdükləri dərslər haqda ürəkdən gələn minnətdarlıq sözləri tamaşaçılara dərin təsir bağışladı.

Sonra isə yeni cizgi filmi göstərildi. Bu cizgi filmi «Yehova sənə cəsarət verəcək» adlanır. 12 dəqiqəlik bu cizgi filmi Nemanın arvadına Yehova haqqında cəsarətlə danışan israilli qızdan bəhs edir (2 Padşahlar 5:1—14). Cizgi film 6 oktyabr, bazar ertəsi günü 20-dən çox dildə jw.org saytına qoyuldu.

«JW Language» proqramı.

Mark Sanderson qardaş rəqəmsal cihazlar üçün nəzərdə tutulmuş bu yeni proqramı elan etdi. Proqram xidmətini genişləndirmək üçün yeni dil öyrənmək istəyən Yehovanın Şahidlərinə kömək edəcək. Proqramda 18 dildə 4000-dən çox söz və cümlələr var. Gələcəkdə yeni söz və cümlələrin, təbliğ xidməti üçün təqdimələrin və başqa funksiyaların əlavə olunması nəzərdə tutulur.

JW televiziyası.

Tamaşaçılar Yehovanın Şahidlərinin İnternet vasitəsilə yayımlanacaq televiziya kanalı açdığını eşidəndə çox sevindilər. Bu kanal sınaq üçün yalnız ingilis dilində yayımlanmağa başlandı. Mərkəzi Bruklindəki (Nyu-York, ABŞ) baş idarəmizdə yerləşən bu kanalda videolarımız, musiqilərimiz və bədii qiraətlərimiz yayımlanacaq. Bundan əlavə, hər ay Rəhbərlik Şurasının üzvlərindən biri və ya komitələrin köməkçilərindən biri proqramı təqdim edəcək.

Sanderson qardaş ilk proqramın təqdimatını göstərdi. Rəhbərlik Şurasının üzvü Stiven Lettin təqdim etdiyi proqramda yeni televiziya kanalı yaradılarkən pərdə arxasında görülən işlərdən bəhs edən hissə də var idi. JW televiziyası 2014-cü il oktyabrın 6-dan yayımlanmağa başladı. Bu televiziyanı tv.mr1310.com saytından izləmək olar.

«Padşahlığın ilk 100 ili».

Rəhbərlik Şurasının üzvü Samuel Herd Allahın Padşahlığının təbliğ işində get-gedə irəliləməyimizə və inkişaf etməyimizə necə kömək etdiyindən bəhs edən videonu nəql etdi. Bu videoda tarixi görüntülərin, hadisələrin səhnələşdirilməsinin və uzun illərdir həqiqətdə olan Yehovanın Şahidlərinin təcrübələrinin köməkliyi ilə «Yaradılış fotodramı»nın hazırlanması və təqdimatından, fonoqrafların istifadəsindən, şahidlik üçün vərəqələrdən, informasiya yürüşlərindən, səsgücləndirici aparaturaların quraşdırıldığı maşınlardan və xidmətimizi yaxşılaşdırmağa kömək edən məktəblərdən geniş şəkildə danışılır.

Padşahlığın ilk 100 illiyindəki uğuru haqda düşünəndə hansı faydanı əldə edirik? Belə etsək, Padşahlıq bizim üçün daha da real olacaq və onun gələcəkdə qazanacağı uğurları daha da böyük həvəslə gözləyəcəyik.

Həmd nəğmələri.

Rəhbərlik Şurasının üzvü Deyvid Spleynin «Yehovanı nəğmələrdə tərənnüm edin» adlı nəğmə kitablarına yenidən baxılacağı ilə bağlı elanı tamaşaçıları çox sevindirdi. Bu yeni kitabın üz qabığı «Yeni Dünya Tərcüməsi»nin üz qabığının materialından, vərəqələrin kənarları isə gümüşü rəngdə olacaq. Bu cür yüksək səviyyəli materialların istifadəsi musiqinin ibadətimizdə nə qədər möhtərəm yeri olduğundan xəbər verir.

Həmçinin Deyvid Spleyn qardaş nəğmə kitabına bir neçə yeni nəğmənin də əlavə ediləcəyini bildirdi. Ancaq yeni nəğmələri oxumaq üçün nəğmə kitablarının çıxmasını gözləməyə gərək yoxdur. Bu yeni nəğmələr çıxdıqca jw.org saytına yerləşdiriləcək.

İllik görüşdə Beytel ailəsinin həmin həftə məşq etdikləri üç yeni nəğmə oxundu. Spleyn qardaş «Qoy Padşahlığın tez gəlsin!» adlı yeni nəğməni oxuyan xora rəhbərlik etdi. Bu nəğmə, Padşahlığın 100-cü il dönümü üçün xüsusilə bəstələnmişdi. Xor nəğməni oxuyub qurtarandan sonra tamaşaçılar xorla birlikdə nəğməni yenidən oxudu. Daha sonra isə xor və tamaşaçılar birgə digər yeni nəğməni — «Bizə cəsarət ver» adlı nəğməni ifa etdi.

Müsahibə.

Bu videoda Rəhbərlik Şurasının üzvü Qerit Löş uzun illərdir Beyteldə xidmət edən üç ər-arvaddan müsahibə götürdü. Onlar uzun illər ərzində şahid olduqları bir çox dəyişikliklərdən danışaraq Allahın xalqının həmişə irəli getdiyini vurğuladılar. Löş qardaş bildirdi ki, Müqəddəs Kitabda təşkilati inkişafın olacağı ilə əlaqədar peyğəmbərlik var. O, hamını Yehovanın təşkilatı ilə birlikdə irəli getməyə səslədi (Əşiya 60:17).

«Timsallar və onların icrası».

Deyvid Spleyn qardaş bu çıxışında nəyə görə son illərdə nəşrlərimizdə timsallar və onların icrası barədə əvvəlki illərə nisbətən az danışıldığını açıqladı.

Keçmişdə, Müqəddəs Kitabda adı çəkilən bir çox kişi və qadının dövrümüzdəki sadiq məsihilərdən təşkil olunan qrupları təmsil etdiyi deyilirdi. Eynilə, bəzi Müqəddəs Kitab ayələrinin Allahın müasir xidmətçilərinə təsir edən hadisələrdən xəbər verdiyi düşünülürdü. Etiraf etmək lazımdır ki, bu cür bənzətmələri araşdırmaq maraqlıdır. Onda bəs niyə son illərdə çıxan ədəbiyyatlarımızda timsallar və onların icrasından daha az söz açılır?

Müqəddəs Kitabda bəzi insanların və hadisələrin gələcəkdə yaşayacaq hansısa insanı və bir şeyi təmsil etdiyi deyilir. Müqəddəs Kitabda timsallar və onların icrası haqda açıq şəkildə yazılanları qəbul edirik. «Ancaq Müqəddəs Kitab səssiz qalanda biz də səssiz qalmalıyıq» — deyə Spleyn qardaş vurğuladı. Bir yazıda ilişib qalmaqdan qaçınmalıyıq. Bundan başqa, bir yazıda simvolik məna tapmaq üçün çox vaxt sərf etsək, istər göydə yaşamaq ümidimiz olsun, istər yerdə yaşamaq ümidimiz, praktiki və gündəlik həyatımızda yerinə yetirə biləcəyimiz Müqəddəs Kitab dərslərini gözdən qaçıra bilərik a (Romalılara 15:4).

«Oyaq qalacaqsan?»

Stiven Lett qardaşın söylədiyi bu məruzədə İsanın on qız məsəli ilə bağlı baxışımıza aydınlıq gətirildi (Mətta 25:1—13). İndi bu məsəli belə başa düşürük: Bəy İsadır, qızlar isə İsanın məsh olunmuş davamçılarıdır (Luka 5:34, 35; 2 Korinflilərə 11:2). Bu məsəl son günlərdə gerçəkləşir və böyük müsibətdə pik nöqtəsinə çatacaq. İsa beş ağılsız qızdan bəhs edərkən, məsh olunmuş xidmətçilərindən çoxunun sədaqətsiz olacağını və onların yerinə başqalarının seçilməli olacağını demək istəmirdi. Əksinə, onlara ciddi xəbərdarlıq edirdi. Necə ki, beş ağıllı qız və beş ağılsız qız var, eləcə də hər bir məsh olunmuş məsihi hazırlıqlı və oyaq qalıb-qalmayacağını, sadiq olub-olmayacağını özü seçə bilər.

Bir yazının xırdalıqlarına fikrimizi həddən artıq çox yönəltməməli olduğumuz kimi, on qız məsəlindəki hər xırdalığa da bir məna axtarmaq heç də düzgün olmazdı. Əksinə, bu məsəldən özümüzə praktiki dərslər götürməliyik. İstər məsh olunmuş olaq, istərsə də «başqa [qoyun]», hamımız işığımızı parlatmaq və oyaq qalmaq məsuliyyətini daşıyırıq (Yəhya 10:16; Mark 13:37; Mətta 5:16). Heç kim bizim yerimizə sadiq qalmayacaq. Hər birimiz ruhən oyaq qalaraq və xidmətdə fəal olaraq «həyatı [seçməliyik]» (Qanunun təkrarı 30:19).

«Talant məsəli».

Növbəti məruzəni Rəhbərlik Şurasının üzvü Entoni Morris söylədi. O, məruzəsində talant məsəlinə olan baxışımıza gətirilən aydınlıqdan danışdı (Mətta 25:14—30). Biz indi başa düşürük ki, bu məsəldəki ağa (İsa) nökərlərini (İsanın yer üzündəki məsh edilmiş davamçılarını) gələcəkdə göylər həyatına dirildərək mükafatlandıracaq. İsa «yaramaz və tənbəl nökər»in başına gələnlərdən danışarkən, məsh olunmuş davamçılarından çoxunun sədaqətsiz olacağını demirdi. Əksinə, məsh olunmuş davamçılarına xəbərdarlıq edirdi ki, çalışqan olsunlar və yaramaz nökər kimi mövqe tutmayıb, onun hərəkətlərindən qaçınsınlar.

Bu məsəldən hansı dərsləri götürə bilərik? Məsəldəki ağa nökərlərinə çox dəyərli şey əmanət etmişdi. Buna bənzər şəkildə, İsa da davamçılarına çox dəyər verdiyi bir şeyi — xoş xəbəri bəyan etməyi və şagird hazırlamaq işini əmanət etmişdi. O, hamımızdan xoş xəbəri çalışqanlıqla təbliğ etməyi və əlimizdən gələni etməyimizi gözləyir. Entoni Morris qardaş illik görüşdə iştirak edənləri Padşahlığın işində səylə çalışdıqlarına görə təriflədi.

«Tezliklə kim Allahın xalqının üstünə hücum çəkəcək?»

Bu maraqlı mövzu görüşün sonuncu məruzəsində araşdırılırdı. Məruzəni Rəhbərlik Şurasının üzvü Cefri Cekson söyləyirdi. Qardaş Məcüc ölkəsindən olan Yəcücün gələcəkdə Allahın xalqına edəcəyi hücumdan bəhs etdi (Hizqiyal 38:14—23).

Əvvəllər elə başa düşürdük ki, Yəcüc Şeytanın göydən qovulandan sonrakı digər adıdır. Lakin Cefri qardaş bu izahatın yaratdığı bəzi vacib suallar vasitəsilə mülahizə yürütdü. Məsələn, Yehova Yəcüc məğlub olan zaman baş verəcək hadisələri belə açıqlayır: «Səni [Yəcücü] hər cür yırtıcı quşa, vəhşi heyvana yem edəcəyəm» (Hizqiyal 39:4). Həmçinin Yehova Yəcüc və onunla olan izdihama dəfn yeri verəcəyini deyir (Hizqiyal 39:11). Bəs ruhani varlığın başına bunlar necə gələ bilər? Şeytan 1000 illik dibsiz quyuya atılacaq, onu nə heyvanlar yeyəcək, nə də o basdırılacaq (Vəhy 20:1, 2). Bundan başqa, 1000 ilin sonunda Şeytan zindandan buraxılacaq və «gedib yerin dörd ucundan xalqları, Yəcüc və Məcücü yoldan çıxaracaq» (Vəhy 20:7, 8). Şeytan öz-özünü yoldan çıxara bilməyəcəyinə görə Yəcüc ola bilməz.

Cefri Cekson qardaş Hizqiyalın peyğəmbərliyindəki Məcüc ölkəsindən olan Yəcücün Şeytanı yox, gələcəkdə Allahın xalqına hücum edəcək millətlər birliyini təmsil etdiyini bildirdi. Çox yəqin ki, Yəcücün hücumu «Şimal padşahı»nın hücumu və «dünya padşahlarının» hücumu ilə eynidir (Dənyal 11:40, 44, 45; Vəhy 17:12—14; 19:19).

Bəs «Şimal padşahı» kimdir? Bunu gözləyib, görəcəyik. Nə olur, olsun, bu hadisələrin baş verəcəyi zaman yaxınlaşdıqca bunlarla bağlı anlayışımızın da get-gedə necə dəqiqləşəcəyini görmək imanımızı möhkəmləndirir. Allahın xalqına ediləcək hücumdan qorxmuruq, çünki Məcüc ölkəsindən olan Yəcücün hücum edən zaman necə məğlubiyyətə uğrayacağını və tamamilə yox ediləcəyini, Allahın xalqının isə əbədiyyən qalacağını bilirik b.

Bağlanış.

Sanderson qardaş «Yeni Dünya Tərcüməsi»nin ciblik formatında çıxdığını elan etdi. Həmçinin o, qeyd etdi ki, Müqəddəs Kitab personajlarının fərqli insanlar tərəfindən səsləndirilən audioyazısı hazırlanır. Mətta kitabından başlanaraq hazırlanan audioyazı hər kitab tamamlandıqca jw.org saytına yerləşdiriləcək.

Sanderson qardaş elan etdi ki, 2015-ci ilin illik ayəsi Zəbur 106:1 ayəsində yazılan bu sözlər olacaq: «Yehovaya şükür edin, çünki kəramətlidir». Sanderson qardaş bütün tamaşaçıları Yehovaya hər gün şükr etmək üçün sahib olduqları səbəblər üzərində düşünməyə təşviq etdi.

Görüşün sonuncu nəğməsi isə «Yehovadır ismin» adlı üçüncü yeni nəğmə oldu. Rəhbərlik Şurasının yeddi üzvü də səhnədəki xora qoşuldu və zaldakı tamaşaçılarla birgə bu gözəl nəğməni oxudu. Bu cür tarixi mərasim üçün həqiqətən də gözəl bağlanış oldu.

a Bu məruzə 15 mart 2015-ci il «Gözətçi qülləsi»ndə çıxacaq bir məqaləyə əsaslanır.

b Bu məruzə «Gözətçi qülləsi»nin 2015-ci il 15 may sayında çıxacaq bir məqaləyə əsaslanır.